"Azərbaycanda bir dəfə qalxan qiymət enmir" - AİB SƏDRİ AÇIQLADI

23 İyun 2022 15:39 (UTC+04:00)

“İstehlakçı hüquqlarını qoruyan təşkilat olaraq razıyıq ki, istehlakçılar ucuz qiymətə keyfiyyətli mal alsınlar”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, "hər zaman bahalı mal yaxşı maldır" fikri ilə yanaşmaq olmaz: "Dünyanın bir çox yerlərində bahalı mal adı altında insanları aldadırlar. Bəzən çox aşağı qiymətə malı alıb, bahalı qiymətə də satırlar. Təbii ki, hər bir malın öz alıcısı var. Hökumət tərəfindən də ətin qiymətinin aşağı salılnması üçün müəyyən işlər görülür. O cümlədən Qida Təhlükəsizlik Agentliyinin son günlərdə qiymətin aşağı salınması üçün atdığı addımlar bazarda öz təsiri göstərəcək. İstehlakçılar ətin qiymətinin yüksək olmasından dolayı öz narazıçılıqlarını bildirirlər. Buna bir sıra amillər səbəb olur. Misal olaraq ətə olan tələbatın daima artması, heyvan yemlərinin bahalaşması, otlaq yerlərinin azalması, insanların heyvan saxlamaqdan imtina etməsi böyük meqa təsərrüfatların yaradılmaması və s. elə bir azad sistem qurulmalıdır ki, bazarda sərbəst bir rəqabət mühiti olsun. Yəni başqa satıcılar hətta xarici heyvandarlıqla məşğul olan insanlarda bazara daxil ola bilsinlər. Yəqin ki, hökumət bu sahədə müəyyən işlər görür. Bütün bunlarla yanaşı bilməliyik ki, Azərbaycanda bir dəfə qalxan qiymət enmir. Təəssüflər olsun ki, ətin bahalaşması tendensiyası davam edəcək”.