Dövlət qulluqçusu dövlətə və xalqa xidmət deməkdir TƏHLİL

23 İyun 2022 13:26 (UTC+04:00)

Prezident İlham Əliyev: "Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır"

Hər il Azərbaycanda iyunun 23-ü dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Bu bayram Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli "Dövlət Qulluqçularının Peşə Bayramı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Xatırladaq ki, dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. Azərbaycan Prezidenti İlham Əliyev deyirdi: "Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır".

DÖVLƏT QULLUĞUNDA SƏMƏRƏLİ FƏALİYYƏTİNƏ GÖRƏ BİR NEÇƏ ŞƏXS DÖVLƏT BAŞÇISININ SƏRƏNCAMI İLƏ TƏLTİF EDİLİB

Respublikamızda çalışan çoxsaylı dövlət qulluqçuları öz bayramlarını 2006-cı ildən etibarən təntətnəli şəkildə qeyd edirlər.
Dövlət başçısının Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir neçə şəxs "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, "Tərəqqi" medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" və 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif ediliblər.
Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ümumilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanılmış, dövlət qulluğu sahəsində daha geniş islahatlar həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu Öndərin təşəbbüsü və müəllifliyi ilə hazırlanan ilk milli Konstitusiya müasir dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazası rolunu oynamışdır. Dövlət idarəetməsində köklü islahatların aparılması mühüm əhəmiyyət kəsb etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında" Fərman imzalanmışdır. Komissiya dövlət quruculuğunun inkişaf etdirilməsi, dövlət idarəetmə, o cümlədən dövlət qulluğu sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi, habelə yeni normativ hüquqi aktların işlənib hazırlanması sahəsində mühüm işlər görmüşdür. 2000-ci ildə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olundu.
Bu qanunun qəbul edilməsi ilə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyuldu. "Dövlət qulluğu" və "dövlət qulluqçusu" anlayışları da məhz bu qanunla gündəmə daxil oldu.

MİLLİ KADRLARI ÖNƏ ÇƏKMƏKLƏ YANAŞI, MİLLİ KADR POTENSİALI YARADILDI

Xüsusi olaraq qeyd edək ki, sovet hakimiyyəti dönəmində dövlət idarəetmə sisteminin milliləşməsi və milli kadr potensialının sistemli şəkildə hazırlanması Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə baş vermişdir. Ulu Öndər Heydər Əliyev dövlət qulluğunun milliləşməsi, strategiya və taktikasını SSRİ-də gedən siyasi proseslərə elə məharətlə uyğunlaşdırdı ki, kimsə buna mane ola bilmədi. Ulu Öndər milli kadrları önə çəkməklə yanaşı, milli kadr potensialını da yaradırdı. Ölkəyə lazım olan mütəxəssis kadrları yetişdirmək məqsədilə Azərbaycanın ali məktəblərində yeni-yeni ixtisaslar üzrə fakültələr açılır, ildə 900-dən artıq gənc Sovet İttifaqının qabaqcıl ali məktəblərinə göndərilirdi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə müasir dövlət qulluğu sisteminin yaradılması zərurətə çevirildi. Bu zərurət isə düşünülmüş, elmi cəhətdən əsaslandırılmış, Avropa ölkələrinin dövlət idarəetmə sisteminin üstünlükləri ilə yanaşı, milli dövlətçilik ənənələrini özündə cəmləşdirən dövlət qulluğu siyasətinin aparılmasını tələb edirdi. Milli və müasir dövlət qulluğu sisteminin qurulması məqsədilə Ulu Öndər Heydər Əliyev səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılması, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsinə xüsusi diqqət ayırdı.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət qulluğu siyasəti bu gün ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dövlət qulluğu sahəsinin inkişafına xüsusi diqqət yetirilir. Ölkə başçısının rəhbərliyi ilə bu sahədə mühüm dövlət proqramları təsdiq olunmuş, dövlət qulluğu sahəsində mütərəqqi normativ hüquqi baza formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmin yaradılmasına diqqət artırılmışdır. Dövlət qulluğu sahəsindəki islahatları sürətləndirmək, dövlət qulluğunu daha yaxşı təşkil etmək məqsədilə Prezident İlham Əliyevin fərmanı ilə 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı. Komissiyanın əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikasının Konstitusiyasının 55-ci maddəsinə müvafiq olaraq vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququnun həyata keçirilməsi üçün dövlət qulluğuna qəbulun bərabərlik, şəffaflıq və müsabiqə əsasında keçirilməsi ilə bağlıdır.

"TUTDUĞU VƏZİFƏNİN SƏVİYYƏSİNDƏN VƏ ƏHƏMİYYƏTİNDƏN ASILI OLMAYARAQ, DÖVLƏT QULLUQÇUSU HƏMİŞƏ XATIRLAMALIDIR Kİ, O, XALQIN XİDMƏTÇİSİDİR"

Ölkəmizdə dövlət qulluqçularının peşəkarlığını artırmaq məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçularının hazırlanmasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının peşə səviyyəsinin yüksəldilməsində, dövlət qulluğunun nəzəri və praktiki məsələlərinin öyrənilib müvafiq təkliflər verilməsində rolu böyükdür. Azərbaycanda dövlət qulluqçularının sayı ildən-ilə daha da artır ki, bu da yeni idarəetmə strukturlarının yaradılması və bəzi qurumların yenidən təşkil olunması ilə bağlıdır.
Dövlət başçısının Sərəncamı ilə "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya" təsdiq edilmişdir. Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.
Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini daha da artırır. Dövlət qulluğu mühüm əhəmiyyət daşıyan sahə, çətin və məsuliyyətli, eyni zamanda, şərəfli bir peşədir. İnsanlar öz gündəlik həyatlarında rastlaşdıqları problemlərin həllində dövlət qulluqçularına böyük ümid bəsləyirlər. Dövlət qulluqçusu da, öz növbəsində, ona bəslənən ümidləri doğrultmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir… Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir".

Nəzakət ƏLƏDDİNQIZI