"Ukrayna taxılının xarici gəmilərlə çıxarılmasını təmin etməyə hazırıq"

23 İyun 2022 02:27 (UTC+04:00)

Rusiya Ukrayna taxılının xarici gəmilər tərəfindən çıxarılmasını təmin etməyə hazır olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında Ukrayna limanlarından taxıl çıxarılması ilə bağlı açıqlamalar verib.

Rusiya qüvvələri tərəfindən Qara dəniz və Azov dənizlərində humanitar dəhlizlərin təhlükəsiz istismarı üçün lazımi şərait yaradıldığını bildirən Zaxarova Mariupol və Berdyansk limanlarından kənd təsərrüfatı məhsullarının ixracı üçün istifadə oluna biləcəyini bildirib.

Zaxarova "Biz təsdiq edirik ki, Rusiya Ukrayna taxılının xarici gəmilər tərəfindən çıxarılmasını təmin etməyə hazırdır. Bu, o şərtlə baş verə bilər ki, gəmilərə silah qaçaqmalçılığına nəzarət olunsun və Kiyev təxribat xarakterli hərəkətlərdən, mina təhlükəsindən və Qara dənizdə gərginlik yaratmaqdan imtina etsin. Taxıl, gübrə, enerji və digər mühüm məhsulların ixracı ilə bağlı öhdəliklərimizi yerinə yetirməyə hazır olduğumuzu bir daha təsdiqləyirik” deyib.

Sanksiyalara baxmayaraq, ikitərəfli kanallarla qida ixracını davam etdirdiklərini ifadə edən Zaxarova ilin sonuna qədər beynəlxalq bazarlara təxminən 25 milyon ton taxıl və 22 milyon ton gübrə çıxara biləcəklərini bildirib.

Rusiyanın Ukraynadakı hərəkətlərinin ərzaq və taxıl böhranına səbəb olması ilə bağlı bəyanatların Qərb ölkələrinin və Birləşmiş Millətlər Təşkilatı (BMT) daxil olmaqla beynəlxalq təşkilatların nümayəndələri tərəfindən verildiyinə diqqət çəkən Mariya Zaxarova bunun “yalan” olduğunu irəli sürüb.