BRİKS yenidən rusların yadına düşüb..?

23 İyun 2022 02:54 (UTC+04:00)

Bu günlərdə, dəqiq desək, cümə axşamı Çinin sədrliyi ilə BRİKS-in on dördüncü sammitinin videokonfrans vasitəsilə keçiriləcəyi deyilir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, tədbirdə Rusiya prezidenti Vladimir Putin də iştirak edəcəyi gözlənilir.

Verilən məlumata görə, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika liderlərinin “Beşlik” çərçivəsində çoxşaxəli əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə edəcəyi gözlənilir. Bu arada Kremlin mətbuat xidmətinin verdiyi xəbərə görə, söhbət siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyətdən gedəcək.

Qeyd edək ki, gündəliyin əsas məsələlərindən biri BRİKS-in genişləndirilməsi olacaq - bu barədə müzakirə assosiasiyanın xarici işlər nazirlərinin may ayında keçirilən iclasında Çin tərəfindən təklif edilib. Onu da bildirək ki, həmin ərəfədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Argentina və Səudiyyə Ərəbistanının BRİKS-ə qoşulmağa maraq göstərdiyini açıqlamışdı.

Digər mümkün namizədlər arasında ekspertlər keçən il BRİKS Yeni İnkişaf Bankına qəbul edilmiş Banqladeş, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Uruqvayın adını çəkirlər. Bundan əlavə, analitiklər qeyd ediblər ki, xarici işlər nazirlərinin görüşü çərçivəsində keçirilən tədbirlərdə “beşlik” və yuxarıda adları çəkilən ölkələrlə yanaşı İndoneziya, Qazaxıstan, Nigeriya və Tailand nümayəndələri də iştirak edib ki, bu da onların marağından xəbər verə bilər.

Beləliklə, gündəliyin digər mühüm bəndi ölkələr arasında hesablaşmaların qismən de-dollarizasiyası ola bilər. Əslində bu ehtimal kimi səslənsə də, amma real da ola bilər. Belə ki, Rusiya prezidenti əvvəllər də BRICS tərəfdaşları ilə birlikdə beynəlxalq hesablaşmalar üçün etibarlı alternativ mexanizmlərin hazırlanmasının vacibliyi qeyd edib. O, Rusiyanın maliyyə mesajlaşma sisteminin “beşlik” ölkələrinin banklarının əlaqəsi üçün açıq olduğuna da diqqət çəkmişdi.

Həmçinin Putinin sözlərinə görə, BRİKS ölkələrinin valyutaları əsasında beynəlxalq ehtiyat valyutasının yaradılması üzərində də iş aparılır, Rusiyanın “Mir” ödəniş sistemindən istifadə coğrafiyası genişlənir. Dövlət başçısı izah edib ki, Qərb tərəfdaşları bazar iqtisadiyyatının əsas prinsiplərinə məhəl qoymur, rəqiblərə təzyiqləri artırır ki, bu da əməkdaşlığın pozulmasına və qlobal iqtisadiyyatda xroniki problemlərə gətirib çıxarır.

Çin ekspert dairələri isə hazırkı dünya ticarət sistemində “dolların hegemonluğu” ABŞ və Qərb ölkələrinin ödənişləri bloklamaq və ya aktivlərini dondurmaqla digər ölkələrə təzyiq göstərmək imkanları ilə bağlı narahatlıq doğurduğunu bildiriblər. Bu baxımdan, çinli analitiklər BRICS sammitində “beşlik” ölkələri arasında alternativ hesablaşmalar sisteminin yaradılması məsələsini qaldıracağını gözləyirlər, çünki hazırkı sistem Yeni İnkişaf Bankı üçün də risklər yaradır.

...Qeyd edək ki, bütün bunlar, əslində “dünən olanlardır”. Təbii ki, deyim var deyərlər “suda boğulan saman çöpündən belə can dilər”. Qeyd edim ki, mən bunu Rusiyanı nəzərdə tutaraq deyirəm.

Doğrudur, BRİKS mövcud olduğu ərəfədə, səhv etmirəmsə, üç Biznes Forum keçirib. Hətta bu forumlara 13 ölkədən olan iş adamları, o cümlədən “Forbes” jurnalının dünyanın 500 ən böyük müəssisəsi reytinqinə daxil olan 40 şirkət də qatılıb.

Amma assosiasiyanın bu “uğurlarına” baxmayaraq, yenə də çoxları BRİKS-i gələcəyini dumanlı tgörməkdə davam edirlər. Belə ki, ekspertlərin fikrincə, BRİKS-in perspektivləri hələ də bulanıq görünür və assosiasiyaya üzv ölkələrdə mövcud müxtəlif siyasi və iqtisadi amillərdən əhəmiyyətli dərəcədə asılı olaraq qalmaqdadır. Təkcə onu femək kifayətdir ki, BRİKS ölkələri mövcud olandan bəri hələ də investisiya layihələrinin yaradılması və maliyyələşdirilməsi də daxil olmaqla, iqtisadi əməkdaşlıq üçün yeni formatlar, mexanizmlər axtarmağa davam edirlər.

Qeyd edək ki, 2006-cı ildə məhz Rusiyanın təşəbbüsü ilə yaradılan assosiasiyanın məqsədi iştirakçı ölkələr arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirmək olub... və bu günlrdə belə bir assosiasiyanın “varlığı” yenidən rusların yadına düşüb.

Ağasəf Babayev