Qarabağ erməniləri bu reallığı yaxşı bilirlər ANALİTİK

22 İyun 2022 16:28 (UTC+04:00)

Revanşist erməni deputatı Tiqran Abramyan: “Qarabağdakı insanlar dəqiq bilirlər ki, hakimiyyətin təqdim etdiyi proqramlarda qarabağlı ermənilər və Qarabağ Azərbaycanın tərkibində olmalıdır”

Bu gün istər Ermənistanda, istərsə də Qarabağda, daha dəqiq desək, Rusiya sülhməramlıları kontingentinin müvəqqəti yerləşdirilmiş Qarabağ ərazilərində yaşayan ermənilər yaxşı bilirlər ki, artıq “artsax” məsələsinə birdəfəlik son qoyulub və “Qarabağ Azərbaycandır!” reallığı özünü bütün tərəflərdən təsdiq edib. Bəli, bu gün revanşist ermənilər, habelə qarabağlı ermənilərin separatçı kəsimləri hələ ki, yerdə qalan müddət ərzində müxtəlif xarakterli əks-fikirlər, bəyanatlar səsləndirə bilərlər, amma fakt-faktlığında qalır və əgər onlar hesab edirlərsə ki, arxalarında gizləndikləri Rusiya hərbi kontingenti 2025-ci ildən sonra da bu ərazilərdə qalmağa davam edəcək – YANILIRLAR!

Revanşist erməni deputatı bildirib ki...

Birincisi, Azərbaycan RSK-ya bu barədə heç bir rəsmi mandat təqdim etməyib və Rusiya yalnız vasitəçi qismində müəyyən edilən ərazilərdə fəaliyyətini göstərə bilər. İkincisi isə, Azərbaycan kifayət qədər açıq və qəti şəkildə kifayət qədər bəyanatlarını verib və Qarabağda separatçılığım kökünün tamamilə kəsilməsi üçün dərhal müvafiq addımlar atacağı mümkünlüyünü də istisna etmir. Belə olan halda sağlam düşünməyi bacaran ermənilər də yuxarıda qeyd olunduğu kimi məsələnin bitdiyini, başa çatdığını dərk edirlər.

Lakin bu arada Ermənistan parlamentində təmsil olunan erməni deputatı, revanşist, eləcə də sabiq prezident Serj Sarqasyanın nəzarətində olan “Şərəfim var” fraksiyasının təmsilçisi Tiqran Abramyan maraqlı fikri ilə diqqət çəkib. Onun sözlərinə görə, “Qarabağdakı insanlar dəqiq bilirlər ki, hakimiyyətin təqdim etdiyi proqramlarda qarabağlı ermənilər və Qarabağ Azərbaycanın tərkibində olmalıdır”.

Bu haqda fesybuk səhifəsində çıxış edən Abramyan ona belə bir sualların ünvanlandığını deyib: “Məndən tez-tez soruşurlar: nəyə görə hakimiyyət nümayəndələri “artsaxı” ziyarət etmirlər? (əslində edirlər və hər belə səfər Bakı tərəfindən fiksasiya olunur, qeydə alınır!-R.R.) Bu sual davamlı olaraq havadan asılı qalıb”.

Onlar üçün “artsax” və Ermənistan yoxdur

Revanşist erməni deputatı bildirib ki, bir tərəfdən sualın cavabı aydındır, başqa tərəfdən isə bu mövzu daim müxtəlif intensivliklərlə kütləviləşir: “Birinci düşüncə budur ki, hansı vicdan onların “artsaxa” getmələrinə imkan verəcək və onlar orada nə edib, nə danışacaqlar? Oradakı insanlar bilirlər ki, hakimiyyətin təqdim etdiyi proqramlarda qarabağlı ermənilər və Qarabağ Azərbaycanın tərkibində olmalıdır. Onlar nəyə görə oraya getməlidrlər? Onlar üçün “artsax” və Ermənistan yoxdur. Bundan əlavə, onlar üçün heç “sünik” (Zəngəzur) da yoxdur, bir müddət sonra isə Ermənistan da olmayacaq”.

Əslində, Abramyan dərindən fikirləşsə və irəli sürdüyü ifadələrini təhlil etsə nə qədər doğru danışdığının fərqinə vara bilər. Bəli, nəinki hakimiyyətin, ümumiyyətlə, Azərbaycanın icazəsi olmadan heç kim Qarabağa, Xankəndiyə və ətrafına qanunsuz səfər etməməlidirlər. Eyni zamanda, əgər o və onun kimi revanşistlər öz xislətlərində qalmaqda davam edərlərsə, Zəngəzur da, lazım gəlsə İrəvan da, bütövlükdə ötən əsrin 20-ci ilində Azərbaycandan qopardılan “ermənistan” da olmayacaq. Olmağına olacaq, amma Qərbi Azərbaycan adında!

Erməni deputatı bildirir ki, Ermənistanın mövcud hakimiyyəti üçün “artsax”, “sünik” təbii ki, olmayacaq və belə olan vəziyyətdə onlara bağlı mövzularla əlaqəli problemlər də olmayacaq. “Və onlar bunu gizlətməyərək həmin istiqamətdə gedirlər. Bir daha bunu qeydə alır və davam edirik”, deyə Tiqran Abramyan deyib.

Rövşən RƏSULOV