"Forum dünyada olan bütün problemləri daim diqqət mərkəzində saxlayıb" - DEPUTAT ŞƏRH ETDİ

22 İyun 2022 14:27 (UTC+04:00)

"Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşan 2013-cü ildən keçirilməsinə başlanan Qlobal Bakı Forumuna Azərbaycan bu il artıq doqquzuncu dəfə ev sahibliyi edir. Ölkəmizdə 2013-2022-ci illər aralığında sayca 9 forum keçirilib". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, bu günə kimi iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil və digər sosial xidmətlər üçün bərabər imkanların yaradılması, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, davamlı inkişafa nail olmaq istiqamətində təbii sərvətlər və qlobal sərhədlərin rolu, təmiz texnologiyalar və yaşıl enerjinin vəhdəti kimi məsələlərə xüsusi diqqət ayrılan forum beynəlxalq əhəmiyyətli problemlərin həlli istiqamətində öz töhfəsini vermişdir: "Bu forum daima dünyada olan bütün problemləri diqqət mərkəzində saxlayıb, öz fəaliyyət gündəliyinə əlavə etmişdir. Hələ III forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu və bir sıra qlobal problemlər geniş müzakirə edilib, onların həll yollarının tapılması istiqamətində ətraflı danışıqlar olunmuşdur ki, bütün bu məsələlər bu gün də məhz 2022-ci il üçün aktualdır. Bakı Qlobal Forumu bu mənada daha universal və daha əhatəlidir. Yəni, bu forum beynəlxalq gündəmdə olan bütün siyasi, iqtisadi, humanitar və digər mövzuların müzakirəsi və həlli üçün qlobal səylərə açıqdır".

Deputat sözlərinə belə davam edib: "Düşünürəm ki, 9-cu forum Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışı ilə xatırlanacaq. Dövlət başçısı post-münaqişə dövrü ilə bağlı regionda baş verməkdə olan reallıqlardan söz açıb. Diqqətçəkən məqam isə tədbirin mötəbər qonaqlarının da münaqişənin artıq həll olunduğunu ifadə etməsi idi. Ölkə başçısı forumda təkcə Azərbaycanı narahat edən məsələlərə deyil, ümumi dünyanı narahat edən qlobal problemlərə və onların həllərinə də toxunub".

Ayşən Vəli