"Azərbaycanla Özbəkistan arasında münasibətlər ən yüksək səviyyədə inkişaf edir" - DEPUTAT ŞƏRH ETDİ

22 İyun 2022 13:57 (UTC+04:00)

“Azərbaycan və Özbək xalqları türkdilli xalq olaraq eyni irsə, mədəniyyətə və ortaq tarixi köklərə mənsubdurlar. Tarix boyu hər iki xalq biri-biri ilə dostluq münasibətlərində olub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, müstəqillik qazandıqdan sonra da Azərbaycan və Özbəkistan arasında bu münasibətlər davam etdirildi: “Ulu Öndərin Azərbaycanda prezidentliyi dövründə o zaman Özbəkistan prezidenti olan İslam Kərimov arasında səmimi dostluq münasibət olub. Onlar qarışılıqlı şəkildə Azərbaycan və Özbəkistana səfərlər etmişdilər.

Bu gün də cənab İlham Əliyev və Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu dostluq münasibətlərini davam etdirirlər. Son zamanlar Azərbaycan və Özbəkistan dövlətləri arasında münasibətlər yeni mərhələyə qədəm qoyub.

Qarabağın yenidən qurulmasında Özbəkistan öz dəstəyini göstərmişdi. Həmçinin Özbəkistan dövləti Füzuli şəhərində məktəb tikib Azərbaycana hədiyə etmək istədiyini bildirmişdi”.

Deputat sözlərinə belə davam edib: “İyunun 21-də cənab İlham Əliyev Özbəkistanda rəsmi səfərdə oldu. Ölkə başçısı burada çox səmimi qarşılandı. Onlar Özbəkistanda olan Heydər Əliyev meydanının açılışında iştirak etdilər.

Səfər çərçivəsində Azərbaycan XİN-lə Özbəkistan XİN arasında 2022-2024-cü illər üzrə əməkdaşlıq proqramı imzalandı. Həmçinin, hər iki dövlət arasında hərbi sahədə də əməkdaşlıq sazişi imzalandı. Bu iki ölkə arasında 10-a qədər rəsmi səfər imzalanıb.

Şavkat Mirziyoyev Özbəkistanın Bakı–Tbilisi–Qars dəmir yolu xəttindən istifadə edəcəyini də vurğuladı. Tərəflər gələcəkdə yeni sərfəli dəmir yol xəttinin çəklilişi üçün birgə komissiya yaradılması barədə razılığa gəldilər. Bu gün Azərbaycanla Özbəkistan arasında münasibətlər ən yüksək səviyyədə inkişaf edir”.

Ayşən Vəli