Müəllif “Dinməyən acı: Xocalı” kitabını TBMM sədrinə təqdim etdi

22 İyun 2022 00:19 (UTC+04:00)

AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtı İstanbulda keçirilən Qlobal Parlamentlərarası Konfransı çərçivəsində müəllifi olduğu “Dinməyən acı: Xocalı” elmi əsərini Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopa təqdim edib.

SİA-nın əldə etdiyi məlumata görə, kitabın 669-cu səhifəsində parlament sədri Mustafa Şəntopun rəhbərliyi ilə Türkiyə rəsmi heyətinin 44 günlük Vətən müharibəsinin qızğın çağında Gəncə şəhərinə səfər etməsi barədə mühüm tarixi məqamlar əksini tapıb.

Əsəri böyük maraq və minnətdarlıq hissi ilə qarşılayan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Azərbaycanla və Böyük Zəfərlə bağlı xoş sözlər deyərək, Vətən müharibəsi günlərində Gəncəyə səfər etməklərini qardaşlıq borcu kimi dəyərləndirib və həmin hadisələrin belə bir əsərdə yer almasından məmnunluğunu bildirərək kitabı ehtiramla qəbul edib.

Qeyd edək ki, Türkiyə nümayəndə heyətinin Gəncə ziyarəti ilə bağlı məqamlar sözügedən kitabda Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin cari il yanvarın 30-da Gəncə şəhərinə tarixi səfəri və bu səfər çərçivəsində AZƏRTAC-a müsahibəsinin yer aldığı bölmədə orijinal fotolarla yerləşdirilib.