Qarabağ zəfərinə həsr olunmuş tamaşa hazırlanır

21 İyun 2022 23:25 (UTC+04:00)

44 günlük Zəfər savaşı və tarixi qələbədən sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Qarabağ – Vətən müharibəsi mövzusunda elan etdiyi pyes müsabiqəsinin nəticələrinə uyğun olaraq qalib əsərin səhnə məşqlərinə başlanılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, müsabiqəyə təqdim edilən əsərlərdən yazıçı-dramaturq İlqar Fəhminin “Balaca kişilər” pyesi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək qalib elan olunmuşdu.

Pyesə Əməkdar artist Nicat Kazımov quruluş verir. Tamaşanın tərtibatçı rəssamı Yekatirina Xaritonova, geyim rəssamı İradə Heydərovadır. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir.

Tamaşanın quruluşçu rejissoru N.Kazımov bu mövzuda tamaşa qurmağın həm də vətəndaşlıq borcu olduğunu qeyd edib: “Xocalı soyqırımının onuncu ildönümündə tamaşa qurmuşdum. O zaman tamaşaçılar arasında Qarabağdan məcburi köçkün düşən soydaşlarımız da vardı. Məndən ötrü onların səhnədə baş verənlərə reaksiyası, sonradan dedikləri fikirlər ən böyük dəyər idi. Onda anladım ki, sənət meyarları və peşəkarlıq öz yerində, amma xalq üçün belə həssas mövzularda əsərlər qurulanda vətəndaşlıq duyğuları hər şeydən öndə olmalıdır. Müharibələrdən sonra yaxşı əsərlərin yazılması üçün zamana ehtiyac var. Amma çox istedadlı yazıçı-dramaturq İlqar Fəhminin bu mövzuya müraciət etməsi bir vətənpərvərlik nümunəsidir. Biz də bütün yaradıcı heyət böyük qələbəmizə yaraşan tamaşa araya-ərsəyə gətirməyə çalışmalıyıq”.

Qeyd edək ki, tamaşada əsas rolları Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Kərimov, aktyorlar Araz Pirimov, Bəhram Həsənov, Hilal Dəmirov, Xaliq Bəkirov, Mətləb Abuşov, Ümman Budaqov, Nurlan Süleymanlı, Mirsənan Kazımlı, İlhan Sadıqov, Rəşad Səfərov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Anar Seyfullayev, Mirzəağa Mirzəyev, Əbülfəz İsgəndərov ifa edəcəklər. Tamaşanın premyerası Zəfər Gününə nəzərdə tutulub.