“17 iyun tibb işçilərinin peşə bayramıdır. Azərbaycan səhiyyəsinin keçdiyi yola nəzər salsaq görərik ki, Azərbaycan səhiyyəsi hər zaman dövlətin əsas atributlarından biri olub və onun inkişafı üçün həmişə dövlət diqqət və qayğısını göstərib. Bu Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli məclisin deputatı İlham Məmmədov bildirib.
Onun sözlərinə görə, keçən əsrin 70-ci illərində aqrar ölkə olan Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi il sənaye ölkəsinə çevrildi: “Ucqar kəndlərdə, şəhərlərdə belə tibb məntəqələri, yeni xəstəxanalar tikildi. Bu xəstəxanalar xalqın, əhalinin sağlamlığının keşiyində durdu. Azərbaycanda tibbin, tibb elminin inkişafı üçün, Tibb universitetinin yeni bazalarının, onun müasir korpuslarının yaradılması üçün böyük işlər görülüb. Keçən əsrin 70-ci illərində Azərbaycanın inkişafı göz qabağındadır. Azərbaycanın bu inkişafı ilə yanaşı elm, mədəniyyət, səhiyyə sahəsinə də irəliləyişlər olub.
SSRİ zamanında tibb sahəsinə olan tədbirlər, konfranslar elə məhz Azərbaycanda keçirilirdi. Milli Onkologiya Mərkəzi, Zərifə Əliyeva adına Göz İnstitutu, Cərrahiyə institutu yaradılmışdır. Təbii ki, bu ənənə Ulu Öndərin layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Xalqın etimadını qazanaraq prezident seçilən İlham Əliyev səhiyyə sahəsinin inkişafı istiqamətində mühüm işlərə imza atmışdır. 2003-cü ildən bu günə qədər 700-dən çox xəstəxana tikilib və əsaslı şəkildə təmir olunub. Bütün xəstəxanalar ən müasir tibbi avadanlıqlarla təmin olunub. Azərbaycanın gənc həkimləri xaricdə təhsil alaraq ölkəmizə geri dönüb. Ən mürəkkəb əməliyyatların belə bu gün Azərbaycanda müalicəsi mümkündür. Azərbaycan səhiyyəsini qiymətləndirmək üçün deyə bilərik ki, dünyanı qəfildən bürüyən Covid-19 virusu ilə bağlı mübarizədə Azərbaycan inkişaf etmiş ölkələrdən belə yaxşı nəticə göstərmişdir. Bu bəlanın öhdəsindən layiqincə gələ bilib. Eyni zamanda 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın tibb işçiləri həm ön, həm də arxa cəbhədə layiqincə xidmət göstəriblər. Tibbi sığortanın inkişafı və ölkəmizdə tətbiq olunması Azərbaycan səhiyyəsinin mövcud bazası üzərində keyfiyyətcə yeni mərhələyə qədəm qoyub".