Dövlət orqanları yerli avtomobilləri niyə almır? - KÜNCDƏN BAXIŞ

1 Dekabr 2023 10:47 (UTC+04:00)

Elçin Bayramlı

Bu yaxında xəbər yayıldı ki, Hacıqabul sənaye məhəlləsində yeni model avtomobillər yığılacaq. Bundan əlavə, həm Naxçıvanda, həm də Neftçaladakı zavodda yeni modellərin yığımına başlanacaq. Bu zavodlarda uzun illərdir müxtəlif növ minik maşınları istehsal olunur. Lakin biz küçə və yollarımızda yerli avtomobilləri çox az görürük.

Sürücülərin çoxu qeyd edir ki, bu maşınlar arzuolunan keyfiyyətdə deyil, üstəlik, qiyməti və kredit şərtləri uyğun deyil. Deyim ki, əvvəla bu maşınlar büdcə sinifi maşınlardır, bu səbəbdən keyfiyyətləri də orta səviyyədədir. Digər avtomobil markalarının da problemləri var və belə maşınların ustalarda qaldığını çox görürük. Üstəlik, bunların çoxu 15-20 ilin, bəzən 30-40 ilin maşınlarıdır. Lakin insanlarımız onlara üstünlük verir, yerli maşınlara yox. Burada çox saylı səbəblər var. Ən əsası isə yerli yığım maşınların qiymətinin o qədər də ucuz olmaması, kredit şərtlərinin yüngül olmamasıdır. Əgər bu məsələ həll edilsə, yerli maşınları alanların sayı artar.

Son vaxtlar tez-tez xəbərlər yayılır ki, köhnə maşınların yenilənməsi üçün xüsusi proqram hazırlanır. Belə ki, istismar müddəti bitmiş, qəzalı vəziyyətdə olan maşınların sahibləri onları təhvil verib əvəzinə müəyən məbləğdə vauçer alacaq, bu vauçerlə isə yeni avtomobili güşətlə ala biləcək. Bu proqram tətbiq edilsə, həm ölkənin çox köhnə olan avtomobil parkı yenilənmiş olar, həm də yerli avtomobillərin satışında böyük artım olar.

Məlum olduğu kimi, Azərbaycanda yığılan ən ucuz avtomobillərin qiyməti ortalama 15-20 min manat civarındadır. Əgər köhnə və yarasız maşınları təhvil verənlərə yeni yerli maşınları 50 faiz güzəştlə və ya az faizli, uzunmüddətli kreditlə versələr, avtomobil sahibləri bunda maraqlı olarlar.

Yerli avtomobillərin ən böyük payı dövlət orqanlarında ola bilərdi ki, bu da müxtəlif səbəblərdən baş tutmadı. Bir neçə il əvvəl ölkə prezidenti dövlət orqanlarını yerli maşınları almağa çağırdı. İlk vaxtlar bu çağırışa cavab olaraq bəzi dövlət orqanları öz ehtiyacları üçün yerli yığım maşınları alsalar da, sonralar bu proses dayandı. Sanki qısa müddətli bir kampaniya xarakterli olaraq qaldı. Bu gün biz əksər dövlət orqanlarının, idarə, təşkilat və müəssisələrinin maşınlarının xarici istehsal olduğunu görürük. Halbuki, bu avtomobillər yerli maşınlardan 3-5 dəfə bahadır.

Hansısa müdirin və ya məmurun 50-100 minik maşında gəzməsi vacib deyil, dövlətin pulunu buna xərcləməyə dəyməz. Ona görə də, hesab edirəm ki, bu tələb rəsmi və qəti olmalıdır. Bütün dövlət təşkilatları yerli avtomobil almalıdırlar. Bu halda avtomobil sənayesi sürətli inkişaf edər. Getdikcə ehtiyat hissələrinin çoxunun ölkəmizdə istehsalı tətbiq oluna və böyük bir sənaye sahəsi yaranar.

Qeyd etmək lazımdır ki, Azərbaycanda demək olar ki, əksər sinif maşınlar yığılır- sedan, krossover, pikap, universal, xeçbek və s. Əgər dövlət orqanları, məmurlar, deputatlar, nüfuzlu şəxslər nümunə göstərib bu maşınları alsalar, adi vətəndaşlar da alar.

Qadldı ki, keyfiyyət məsələsinə, bu məsələ qiymətlə əlaqəli olan işdir. Əgər tələbat olsa, daha yuxarı sinif maşınların yığılması da mümkün olar.

Üstəlik, məlum olduğu kimi, son illərdə ölkəyə xaricdən on minlərlə köhnə, işlənmiş hibrid maşınlar gətirilib. Əgər vaxtında burada bu modellərin yığımı təşkil olunsaydı indi on minlərlə maşın satmış olardılar. Yenə də gec deyil. Bu maşınlara böyük tələbat var. Xüsusən də, taksi sahəsində.

Yerli avtomobil sənayesinin inkişafı üçün 2 yol var. Birincisi qeyd etdiyimiz dövlət proqramının qəbul olunması və geniş miqyasda və sərfəli şərtlərlə tətbiqi, digəri isə dövlət orqanlarının yalnız yerli yığım avtomobilləri almasının xüsusi qərarla məcburi xarakterə salınması. Bu avtomobillərin tez-tez dəyişilməli olan əsas ehtiyat hissələrinin geniş miqyasda və ucuz qiymətə satış məntəqlərinin təşkil olunması bu işə böyük kömək olardı.

Üstəlik, Naxçıvanda, Hacıqabulda, Neftçalada və Gəncədə minik və yük avtomobillərinin, həmçinin kənd təsərfüfatı texnikalarının yığılması bu sənayenin inkişafına təkan verir. Bu işi genişləndirmək və ölkənin tələbatını tam ödəməlklə yanaşı, digər ölkələrə ixrac da etmək olar.