Əgər Fransadakı milli azlıqlar baş qaldırsalar... TƏRS BAXIŞ+ÖZƏL+FOTOFAKT

17 İyun 2022 11:00 (UTC+04:00)

Fransadakı ermənipərəst dairələr bir daha fikirləşsinlər ki, ölkələrində yaşayan milyonlarla millətlər Yelisey sarayının qarşısına gələrək onun divarlarına öz qeyri-rəsmi bayraqlarını asıb müstəqillik tələb etsələr, nə baş verə bilər (?)

Ötən gün gecə saatlarında məlum oldu ki, Azərbaycanın Fransadakı səfrliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzində “Qarabağa aparan yol” adlı filmin nümayişi zamanı erməni millətçiləri təxribat törətməyə cəhd göstəriblər. Onlar təxribatın baş tutmaması üçün binaya hücum edərək Şuşa şəhəri və Qarabağla bağlı təxribatçı şüarlar səsləndiriblər. Erməni millətçiləri Fransanın “Qarabağa aparan yol” filminin çəkilişini və nümayişini təşkil etmiş “Ere TV" kanalına öz etirazlarını bildiriblər və bunu özlərinə məxsus vəhşilik üslubları ilə hiddət doğuran fakt isə diplomatik status daşıyan binaya hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradovanın xəsarət almasıdır.

Qeyd edilir ki, polis hadisə yerinə gələrək təxribatın qarşısını alıb (?!). Maraqlısı isə budur ki, Fransa kimi ölkənin polisi belə bir skandal olayın baş verəcəyini əvvəlcədən müəyyən edə bilməyib. Halbuki, bütövlükdə götürəndə bu kimi mərkəzlər və binalar gecə-gündüz xüsusi mühafizə rejimi ilə qorunur. Polisin hadisəyə gec müdaxilə etməsi isə əlbəttə ki, suallar doğurur...

Fransadan müstəqillik istəyən basklar və ya bretanlar başqa ölkələrdəki diplomatik binalarına hücum edərək öz separatçı bayraqlarını səfirlik divarlarına, lövhələrinə yapışdırsaydılar, Paris necə münasibət bildirərdi?

Olaya və onun baş verdiyi ölkəyə gəlincə isə bəzi çıxarışları etməyi lüzum gördüm. İlk olan sual isə belədir: əgər Fransanın başqa ölkələrdəki səfirlikləri, mədəniyyət mərkəzlərinə bənzər hücumlar olsa idi Paris haralara və necə şikayətlər edib cinayətkarların cəzalandırılmasını tələb edərdi?

Misal üçün, sabah Fransadan müstəqillik istəyən basklar və ya bretanlar başqa ölkələrdəki diplomatik binalarına hücum edərək Qarabağ separatçılarında olduğu kimi öz separatçı bayraqlarını səfirlik divarlarına, lövhələrinə yapışdırsaydılar, Paris necə münasibət bildirərdi?

Yeri gəlmişkən, onların da öz “orduları”, “hökumətləri” və sairləri var, amma qəribədir ki, Fransa onları tanımır. Niyə tanımır? Cavabı bəsitdir – çünki həmin azlıqlara görə ölkədə bölücülük, separatçılıq və terrorçuluq təhlükəsi mövcuddur, ən əsası isə Fransa öz ərazi bütövlüyünün qorunması üçün hər şeyi edir. Maraqlıdır, Fransanın Azərbaycandan bu kimi məsələlərdə hər hansı fərqi varmı?

Azərbaycan da 30 il boyunca separatçılığın, terrorun qurbanı olub və nəticədə öz gücü ilə bu stereotipləri məhv edib. Fransa isə əksinə, Azərbaycanda baş qaldıran separatçılara, Ermənistanın işğalçılıq siyasətinə dəstəyini açıq-aşkar dəstək göstərib, özü də heç bir məntiqi qalmayan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi ola-ola (???!!!)

Fransada korsikalılar, ya da nitsian qiyamçıları, həmçinin Savo və Elzas, hətta Normandiya və ya Oksitani separatçılarına qarşı zaman-zaman tədbirlər görülür

Kimsəyə sirr deyil ki, bu gün Fransanın hər küncündə, hər bucağında, hər regionunda separatizm meyilləri mövcuddur. O da bəllidir ki, Fransada korsikalılar, ya da nitsian qiyamçıları, həmçinin Savo və Elzas, hətta Normandiya və ya Oksitani separatçılarına qarşı zaman-zaman tədbirlər görülür. Səbəbi isə bir daha qeyd edək: separatçılıq meyillərinin qarşısının alınmasıdır və heç kim buna görə Fransaya “gözün üstündə qaşın var” deyə bilməz.

Ölkə, dövlət öz suveren ərazilərinin bütövlüyünü təmin edir. Milli azlıqlar sual edirlər ki, axı nəyə görə Fransaya yalnız frank millətinin nümayəndələri rəhbərlik edirlər və digər millətlərin nümayəndələri qalırlar bir kənarda? Onlar həmçinin iddia edirlər ki, hər biri ayrı-ayrı millətlərdirlər və fransızlar onları assimilyasiyaya məruz qoyurlar, həm mədəniyyətlərini, həm də milli kimliklərini məhv edirlər.

Rövşən RƏSULOV

P.S. Bundan sonra isə baş verən məlum hadisəyə görə Fransadakı ermənipərəst dairələr bir daha fikirləşsinlər ki, ölkələrində yaşayan milyonlarla millətlər Yelisey sarayının qarşısına gələrək onun divarlarına öz qeyri-rəsmi bayraqlarını asıb müstəqillik tələb etsələr nə baş verə bilər (?). İndi isə buyursun fransız polisi və hüquq-mühafizə qurumları Parisdəki Azərbaycan Mərkəzinə edilən təxribatçı və vəhşi hücuma görə həmin o erməni separatçılarına, terrorçularına qarşı ciddi tədbirlər görsünlər, Azərbaycan xalqı bunu gözləyir!