Halfeti qəsəbəsi tarixi və təbii gözəllikləri ilə turistləri qonaq edir

17 İyun 2022 01:07 (UTC+04:00)

Türkiyənin Şanlıurfa şəhərinin Halfeti qəsəbəsi tarixi və təbii gözəllikləri ilə ziyarətçilərin diqqətini cəlb edir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Bir hissəsi Fərat çayı üzərində inşa edilən Birecik bəndinin altında qalan, sakit və dinclik verən xüsusiyyətilə "Cittaslow" Beynəlxalq Koordinasiya Komitəsi tərəfindən 2013-cü ildə "sakit şəhər" şəbəkəsinə daxil edilən Halfeti tarixi daş evləri və təbii gözəlliklərilə yerli və xarici turistləri qonaq edir.

Ziyarətçilər daha çox sular altında olan “batmış şəhəri”, bir çox sivilizasiyaya ev sahibliyi edən Rumkale ilə sular altında qalan məscidin minarəsini və tərk edilmiş köhnə tikililərin olduğu Savaşan məhəlləsini qayıqla görmə fürsəti əldə edirlər.

Təbiətin qoynunda vaxt keçirmək istəyənlərin axınına məruz qalan qəsəbədə xüsusilə həftə sonları izdihamlı olur.

Ziyarətçilər tarixi və təbiət gözəllikləri ilə yanaşı, özünəməxsus rəngi və ətrini bitdiyi torpaqdan götürən qeydiyyata alınmış qara qızılgülü və son zamanlar adından söz etdirən yaşıl qızılgülü də yaxından görə bilərlər.