Əmək kitabçalarının dövriyyədən çıxarılması nələrə səbəb ola bilər? - ARAŞDIRMA

16 İyun 2022 17:47 (UTC+04:00)

Hamımızın fərqli iş və şəxsi həyat gözləntilərimiz var. İş dəyişikliyi etməzdən əvvəl bizim üçün düzgün qərar verməmiz gələcəkdə peşman olmağımızın qarşısını alır. Əgər müdiriniz sizi dəstəkləyirsə, işinizdən razısınızsa, dinc iş mühitiniz varsa, bunlar yaxşı əlamətlərdir.

Əmək kitabçası işçinin əmək fəaliyyəti haqqında məlumatları özündə əks etdirən əsas sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq hər bir şəxs əmək müqaviləsi bağlayarkən işəgötürənə digər sənədlərlə yanaşı əmək kitabçasını da təqdim etməlidir. Əmək fəaliyyətinə ilk dəfə başlayan şəxslərdən əmək kitabçası tələb olunmur. Bu şəxsləri işəgötürən əmək kitabçası ilə təmin etməlidir. Eyni zamanda məcburi köçkünlər, qaçqınlar və onlara bərabər tutulan şəxslər, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim olunmadan da əmək müqaviləsi bağlana bilər.

Əmək kitabçası itdikdə qaydalara uyğun olaraq işçiyə əmək kitabçasının dublikatı verilir. Əmək kitabçasında pensiyanın təyin edilməsi haqqıhda da qeydlər aparılır.

Əmək kitabçası 5 gündən artıq işləyən bütün işçilər üçün alınmalıdır, və ya təqdim olunan əmək kitabçasında müvafiq qeydlər edilməlidir. İşçi ilə əmək müqaviləsinə xitam verildikdə, əmək müqaviləsinə xitam verilən gün əmək kitabçası zəruri qeydlər aparılmaqlə işçiyə verilməlidir. Əmək kitabçasının işdən çıxan işçiyə poçt vasitəsilə göndərilməsinə yalnız işçinin razılığı ilə yol verilir. Vəfat etmiş işçinin əmək kitabçası onun ailəsinə verilir.

Əmək kitabçasını əldə etmək üçün hər bir işəgötürən Azərbaycan Respublikası ƏƏSM Nazirliyi Baş Məşğulluq İdarəsinə və ya onun yerli orqanlarına yazılı müraciət etməli və əmək kitabçalarının miqdarına uyğun olaraq onun haqqını ödəməlidir.

Əmək kitabçalarının ləğvi ilə bağlı məsələ yenidən aktuallaşıb. Qeyd edək ki, əmək kitabçalarının ləğvi ilə bağlı prosesə bir neçə ildir ki, başlanıb. 2014-cü ildə isə ölkədə elektron informasiya sistemi yaradılıb. Amma əmək kitabçalarının elektronlaşmasının icrası gecikir.

Bəs, bu halda nələr baş verə bilər? Ümumiyyətlə, əmək kitabçaları nə üçün önəmlidir? SİA mövzu ilə bağlı araşdırma apararaq hüquqşünas və eksperlərin fikirlərini öyrənib.

Vəkil Turan Abdullazadə: “Əmək kitabçalarının dövriyyədən çıxarılması olduqca mütərəqqi addım olardı. Hesab edirəm ki, əmək kitabçalarının kağız daşıyıcıda olması işçilərin və işəgötürənlərin sui-istifadəsinə səbəb olur.

Təcrübədə dəfələrlə şahidi olmuşuq ki, işçilər əmək kitabçasında özlərinə sərf etməyən qeydlərin silinməsini həyata keçirərək bəzən onları saxtalaşdırır, işəgötürənlər isə işçi işdən çıxanda, onu necə deyərlər onu “get-gələ” salmaq, başqa işə düzəlməsinin qarşısını almaq, incitmək üçün əmək kitabçasını təqdim etmirlər və ya gec təqdim edirlər. Artıq əmək kitabçalarının vahid elektron informasiya sisteminə keçirilməsi işəgötürənlərin işçilərə qarşı süründürməçiliyin və şəxslər tərəfindən saxta qeydlərin aparılmasının, habelə əmək kitabçası itirildiyi hallarda əmək stajının hesablanmasında müxtəlif problemlərin yaranmasının qarşısını alacaq. Üstəlik əməliyyatların elektron formada həyata keçirilməsi həm dövlət hakimiyyət orqanlarının, həm digər özəl təşkilatların, həm də işəgötürənlərin işinin operativ həyata keçirilməsinə, əmək münasibətləri ilə bağlı məlumatların çatımlılığına öz töhfəsini verəcəkdir. İnkişaf etmiş və etməkdə olan ölkələrin əksəriyyəti artıq bütün fəaliyyət sahələri üzrə elektron sistemə keçirlər. Bu günümüzün tələbidir.

Düşünürəm ki, vahid elektron informasiya sisteminə kompleks şəkildə bütün fəaliyyət sahələri üzrə keçid etmək müxtəlif kənar təsirlərin və süründürməçiliyin qarşısını alacaq, qeyri-prosessual münasibətləri və korrupsiya hallarını minimum endirərək daha mütərəqqi, dayanıqlı və inkişaf etmiş bir cəmiyyətin yaranmasına vəsilə olacaqdır”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov: “Əmək kitabçaları özünün ənənəvi funksiyalarını itirib. Ona görə də təklif olunur ki, dövriyyədən çıxarılsın və sənəd olaraq öz qüvvəsini saxlasın. Onun dövriyyədə qalması həm biznes, həm də dövlət üçün əlavə xərclərdir. Bir çox ölkələrdə ümumiyyətlə əmək kitabçaları tətbiq olunmur.

Sosial Tədqiqatlar Mərkəzi olaraq bizim də dövlətə təklifimiz var idi. O da nəzərə alınıb. Əmək kitabçalarının elektronlaşması həm işçilərin, həm dövlətin, həm də işəgötürənlərin xeyrinədir.

Hal-hazırda Rusiya da bunu ləğv etməyə hazırlaşır. Amma biz daha əvvəldən buna hazırıq. Azərbaycanda 2014-cü ildən elektron informasiya sistemi yaradılıb. Həmin vaxtdan işə qəbul olunanların bütün əmək fəaliyyəti burada toplanır.

Ümumiyyətlə isə 2006-cı ildən İcbari Dövlət Sığortası üzrə fərdi yığım getdiyi üçün əmək kitabçası ondan sonra əhəmiyyətini itirib. Ona görə də o dövriyyədən çıxarılaraq hər kəsin özünə qaytarılmalıdır. Amma yeni işə qəbul olunanlara əmək kitabçası açılmalı və onlardan bu kitabça tələb olunmalı deyil.

Sənəd kimi saxlamaq lazımdır. Ona görə o sənəd bir CV rolunu oynayaraq qalacaq. Nazirlik 2006-cı ilə qədər işləyənlərlə bağlı məsələ üzərində də çalışır. Bir neçə variant var ki, onun elektron informasiya sistemində yerləşdirilməsi prosesi gözdən keçirilir”.

Ayşən Vəli