Prezident İlham Əliyev: "Qələbələr xalqımıza yaraşır, həm döyüş meydanında, həm idman arenalarında"
Azərbaycan beynəlxalq idman arenasında artıq özünə layiqli yer tutan Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Bynəlxalq yarışlarda iştirakı, eləcə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə bu imicə sahib olub. Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq ölkənin bütün sahələrində, eləcə də idman sahəsində böyük nailiyyətlər əldə olunub. Dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilən Azərbaycanda yüzlərlə beynəlxalq yarışlar keçirilib. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb. Bütün bu və ya digər uğurlar və nailiyyətlərlə yanaşı, Azərbaycan idmançıları Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olublar. Bu qələbə ölkəmizin idmanının tarixində ilk dəfədir ki, Azərbaycan komanda idman növündə Avropa çempionu olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edərkən çıxışında bildirdiyi kimi, Azərbaycanda idmanın inkişafı ilə bağlı çox işlər görülüb, ancaq bu günə qədər komanda idman növündə biz böyük uğurlara nail ola bilməmişik: "Düzdür, bizim şahmatçılarımız iki dəfə Avropa çempionu olmuşlar, amma şahmat fərdi idman növüdür, sadəcə olaraq, komanda şəklində çıxış etmiş şahmatçılarımız bu böyük nailiyyəti əldə etmişlər. Ancaq oyun idman növlərində belə bir qələbə olmamışdır. Ona görə bu qələbənin çox böyük mənası var və əminəm ki, digər idman növləri üçün bu, çox gözəl nümunədir".
AZƏRBAYCAN AVROPANIN İDMAN MƏRKƏZLƏRİNDƏN BİRİNƏ ÇEVRİLİB
Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün idmanımız özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə müstəqillik əldə etdikdən sonra bütün olimpiya oyunlarında bu idman növü üzrə medallar qazanılıb. Bir neçə ay bundan əvvəl Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimizin ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Belə ki, bu yarışda idmançılarımız 16 medal qazandılar ki, onlardan 7-si qızıl medal idi. Bu da Azərbaycan güləşi tarixində rekord nəticə kimi tarixiləşdi. İdman tarixinin yaxın dövrünə nəzər salsaq görərik ki, dünyanın ən mötəbər idman tədbirlərindən olan Olimpiya Oyunlarında Azərbaycan idmançılarının möhtəşəm qələbələr qazanıblar. Olimpiya Oyunlarında Azərbaycan komandasının əldə etdiyi nəticələrə nəzər salsaq, çox böyük uğurların əldə edildiyinin şahidi olarıq. "Atlanta-1996"da 1, "Sidney-2000"də 3, "Afina-2004"də 5, “Pekin-2008"də 7, "London-2012"də 10 medal qazanan Azərbaycan komandası "Rio-2016" Yay Olimpiya Oyunlarında tarixi qələbəyə imza ataraq, 18 medal əldə etdi. İdmançılarımızın olimpiadalarda, beynəlxalq səviyyəli mötəbər yarışlarda qazandıqları uğurlar sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Son illərin idman nailiyyətlərinə nəzər yetirdikdə bir daha şahidi oluruq ki, Azərbaycan bütün beynəlxalq yarışlarda ən yüksək pillələrdə özünü təsdiq edib. Başqa sözlə, idmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib. Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur. Birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanmağa müvəffəq oldular. IV İslam Həmrəyliyi Oyunlarında isə idmançılarımız 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasətinin nəticəsi olaraq, idmançılarımızın sorağı mötəbər yarışlardan qalib kimi eşidilir. Minskdə keçirilən İkinci Avropa Oyunlarında Azərbaycan millisinin 10-cu yerdə qərarlaşması idmanımızın növbəti uğuru oldu. 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq, komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşdı. Komandamız Oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurdu. Bütün bunlar Azərbaycanda idmana dövlət qayğısının müsbət nəticələrini və idmanın inkişaf səviyyəsini əyani göstərir.
"ƏGƏR İRADƏ VƏ PEŞƏKARLIQ VARSA, VƏTƏN SEVGİSİ VARSA, HƏTTA BƏZİLƏRİ ÜÇÜN ƏLÇATMAZ OLAN NAİLİYYƏTLƏRİ ƏLDƏ ETMƏK OLAR"
Əlbəttə ki, bunlar fərdi şəkildə qazanılan uğurlar idi. "Düzdür, bu tarixi uğuru təkrarlamaq heç kim üçün asan olmayacaq, amma hər halda biz çalışmalıyıq ki, təkcə fərdi idman növlərində deyil, eyni zamanda, komanda idman növlərində də Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr göstərsinlər", - deyə bildirib: "Bildiyiniz kimi, fərdi idman növlərində isə bizim çox böyük uğurlarımız var, Olimpiya, dünya, Avropa çempionlarımızın sayı çoxdur və əminəm ki, artacaq. Beləliklə, komanda idman növlərinin inkişafı imkan verəcək ki, idmanın inkişafı hərtərəfli olsun".
Minifutbol üzrə Azərbaycan komandası ikinci dəfə idi ki, Avropa çempionatında iştirak edirdi və çempion tituluna layiq görüldü. Avropanın ən güclü komandaları orada təmsil olunsa da Azərbaycan komandası qalib adını tarixə yazdırdı. "Hər dəfə beynəlxalq yarışlarda idmançılarımız qələbə qazananda əminəm ki, hər bir vətənpərvər insan qürur hissi keçirir, hər dəfə bayrağımız qaldırılanda hər birimiz sevinirik. Qələbələr xalqımıza yaraşır, həm döyüş meydanında, həm idman arenalarında. Əminəm ki, Azərbaycan idmançıları bundan sonra da beynəlxalq yarışlarda Vətənimizi ləyaqətlə təmsil edəcəklər", - deyə dövlət başçısı diqqətə çatdırıb.
Vurğulamaq yerinə düşər ki, ölkəmizdə idmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq yarışlarda daha böyük uğurlar əldə etməyə imkan yaradır. Mövcud idman obyektləri yenidən qurulur, eyni zamanda yeniləri inşa edilir. Bu da gəncləri idmana olan marağını daha da artırır və mövcud şərait onları daha da ruhlandırır. Azərbaycan Prezidenti çıxışında bildirib ki, dövlət tərəfindən bütün şərait yaradılıb və idmanın inkişafı ilə bağlı heç bir maneə yoxdur, əksinə dövlət dəstəyi daim göstərilir: "Ancaq minifutbol idman növünə gəldikdə, bizim üçün bu, nisbətən yeni idman növü olduğuna görə bu sahədəki nailiyyətləri siz özünüz qazanmısınız. Mən deyə bilmərəm ki, minifutbolçular üçün hansısa xüsusi şərait yaradılmışdır, yaxud da ki, xaricdən tanınmış mütəxəssislər, məşqçilər, legionerlər dəvət edilmişdir, yox, bunların heç biri olmayıb. Ona görə sizin qələbəniz çox böyük qiymətə layiqdir. Bu qələbəni siz özünüz qazanmısınız, əlbəttə ki, federasiya və idman mütəxəssisləri, məşqçilər və oyunçular, idmançılar, - komanda deyəndə mən bunu nəzərdə tuturam, - siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız".
Azərbaycan idmançıları bir daha dünyaya öz gücünü, bacarığını göstərdi. "Siz öz qələbənizlə göstərirsiniz ki, əgər iradə və peşəkarlıq varsa, Vətən sevgisi varsa hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar", - deyə Prezident bildirib.
Nəzakət ƏLƏDDİNQIZI