İrəvan odla oynayır! ANALİTİK+AKTUAL

16 İyun 2022 13:50 (UTC+04:00)

44 günlük müharibənin təcrübəsi isə göstərir ki, əgər Bakı susursa, demək, Bakı işləyir...

Artıq kifayət qədər faktlar mövcuddur ki, İrəvan düşüncəsiz addımlara gedərək reallıqda odla oynamaqdadır. Bu faktların birincisi isə Ermənistan rəhbərliyinin bu və ya digər şəkildə daha əvvəl qəbul edilmiş üçtərəfli bəyanatlar fonundakı danışıqlar prosesini uzatmaqan ibarətdir. Xüsusilə, erməni hökumətinin birinci şəxslərinin atdıqları addımları və səsləndirdikləri bəyanatları bu cür qənaətə gəlməyə artıq kifayət qədər zəminlər yaratmaqdadır. İstər kommunikasiyaların blokadadan çıxarılmasını nəzərdə tutan işçi qrupunun işinin axsadılmasında, istərsə də sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində üçtərəfli komissiyanın işinə maneə yaradan amillər bu faktorları ehtiva etməkdədir.

Misal üçün, iyunun 8-də Ermənistanın baş prokuroru Artur Davtyanın qanunsuz şəkildə Rusiya sülhməramlıları kontingentinin (RSK) müvəqqəti nəzarətləri altındakı Azərbaycanın Qarabağ regionu ərazilərinə səfər etməsi də bu kontekstlərdən biridir. Söz yox ki, Azərbaycan XİN sərhal sözügedən qanunsuz fakta qarşı sərt bəyanatını səsləndirdi və bunu erməni tərəfinin təxribatçı, eləcə də məsuliyyətsiz addımı kimi qiymətləndirdi. O cümlədən, XİN paralel şəkildə bəyan etdi ki, həmin təxribatçı addımın bütün məsuliyyəti bilavasitə erməni tərəfinin üzərindədir.

Görüşlərin dayanmasına səbəb olan nədir?

Məhz həmin andan etibarən danışıqlar prosesi dayandırıldı. Halbuki, 23 may tarixində Azərbaycan və Ermənistan rəhbərlərinin Brüssel görüşündən dərhal sonra sərhədin Arazdəyən məntəqəsində iki ölkənin baş nazir müavinlərinin delimitasiya ilə bağlı görüşləri baş tutdu. Üstəlik, razılaşma da əldə olundu ki, Moskvada görüş keçirilsin və növbəti planlar müzakirə edilsin. Lakin həmin görüşün üzərindən bir aya yaxın vaxt keçsə də ikinci görüş baş tutmamış qaldı. Həmçinin, Kremlin də sözügedən məsələdəki bəyanatı maraqdoğurucudur. Belə ki, Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova bəyan etdi ki, Moskva görüşü keçirmək üçün vasitəçilik etməyə hazırdır, ancaq nə İrəvandan, nə də Bakıdan müraciətlər daxil olunmayıb.

Ermənistanın Azərbaycanın ərazilərinə iddiaları davam edir!

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan “Al Jazeera”ya müsahibəsi zamanı bəyan edib ki, “Dağlıq Qarabağ məsələsinin Ermənistan-Azərbaycan sərhədərinin delimitasiyası prosesinə aidiyyatı yoxdur”. Göründüyü kimi, Paşinyan öz zənnincə “bir güllə ilə iki dovşan” vurmağa çalışıb, amma “gülləsi” hədəfə dəyməyib. Çünki “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və ümumiyyətlə, sərhədlərin delimitasiyası ilə bağlı Ermənistanın dalana dirədilməsi məhz Ermənistanın uzun illər Qarabağı işğal altında saxlaması faktından sonra yaranıb.

Digər tərəfdən, Paşinyan həmin bəyanatı ilə isbat edib ki, o, sərhədlərin delimitasiyası ilə bağlı işlərin aparıldığını etiraf edir, başqa tərəfdən isə Azərbaycanın ərazilərinə iddia irəli sürür.

Ermənistan RSK-nın müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ regionuna əlavə 40 milyon dollar ayırıb (?!)

Və maraqlısı da budur ki, Paşinyanın səsləndirdiyi sərsəm bəyanatı ilk dəfədir ki, irəli sürülmür. Daha dəqiq desək, erməni “məntiqinə” görə, Azərbaycanın ərazi bütövlüyü “Dağlıq Qarabağ” istisna olunmaqla tanınır və s (?!). Üstəlik, Ermənistan RSK-nın müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ regionuna əlavə 40 milyon dollar ayırıb. Fakt budur ki, hazırda da ölkəmizin ərazi bütövlüyünə qarşı iddialar mövcuddur!

Lakin unutmayacağımız daha bir fakt budur – Bakının sülh gündəmini saxlaması o demək deyil ki, Azərbaycan Ermənistanın oyunbazlıqlarına göz yumur və s. Xeyr, əsla belə deyil! Sadəcə, Bakı dünyaya sübut edir ki, Azərbaycan Ermənistana kifayət qədər şans verib ki, o da öz növbəsində həmin şansından istifadə etsin. Lakin belə görünür ki, İrəvan bu dəfə də həmin şansından istifadə etmək istəyində deyil...

Rövşən RƏSULOV

P.S. Və bütün bunlardan sonra sual yaranır – mövcud vəziyyət nə qədər davam edəcək? Yaxud, İrəvanın sözügedən prosesi uzatması və ya dondurulması üçün göstərdiyi cəhdləri postmünaqişə dövründə nə qədər uzadılacaq? Hər halda bunu da zaman göstərəcək. Bakı hələlik susur. Ancaq bu susqunluq fırtına öncəsi sakitliyə daha çox bənzəyir. Ən azı unutmamalıyıq - 44 günlük müharibənin təcrübəsi də göstərir ki, əgər Bakı susursa, demək, Bakı işləyir...