Andrey Fyodorov: Erməni diasporu Fransa və ABŞ-da siyasi məkanda işləyir, siyasətə təsir edir. Rusiyada bu mümkün deyil, yalnız mediada çox səmərəli işləyir
Ermənistan müxalifətinin etiraz aksiyaları səngiyir. Ermənistanın eks-prezidenti Serj Sarkisyan bildirib ki, iyunun 14-də müxalifət lideri İşxan Saqatelyan aprelin 17-dən bəri İrəvanda keçirilən etiraz aksiyalarının bəzi nəticələrinə yekun vuracaq. Ermənistanda müxalifətlə baş verənlər və onun ölkəni və regionu nə ilə təhdid etdiyini "Moskva-Bakı"ya müsahibəsində Rusiya xarici işlər nazirinin keçmiş müavini (1990-1991) Andrey Fyodorov şərh edib. Ekspertin müsahibəsini oxucularımıza təqdim edirik.
- Andrey Vladimiroviç, bir tərəfdən, Ermənistandakı müxalifət, deyəsən, daha radikal üsullara əl atmağa başlayıb- faşist əlaltısı Qaregin Njdenin imicindən istifadə edib əhalinin hansısa vətənpərvərlik hisslərinə görə sərt təxribata əl atmağa çalışır. Bu qüvvələr xarici tərəfdaşlar üçün bəzi qəti şərtlər irəli sürüblər, deyirlər ki, siz bizimlə deyilsinizsə, deməli, Ermənistanın əleyhinəsiniz. Digər tərəfdən, müxalifət öz hərəkətlərinin tezliyini xeyli azaldıb. Nə baş verir?
- Fakt budur ki, istənilən ölkədə hansısa müxalifət küncə sıxışdırılanda belə davranır. Ermənistanda müxalifət öz gücünü hiss etmir. Onun etdiyi şey çarəsizlikdəndir. Dayansa, müxalifət olaraq öləcək. Etirazları qeyri-müəyyən, kütləvi etmək ideyası iflasa uğrayır. İstənilən ölkədə istənilən müxalifət ancaq mübarizədə mövcuddur. Əgər skamyada, evdə sakit otursan, Sovet vaxtı dediyimiz kimi, artıq “mətbəx müxalifəti” adlanacaq. “Mətbəx müxalifəti” isə nəticə verə bilməz. Təbii ki, nəticə yoxdursa, öz şüarlarınızla küçələrdə sonsuz dayanmaq və ya sonsuz yürüşlər təşkil etmək mümkün deyil. Eyni musiqini eyni skripkada çox uzun müddət ifa edə bilməzsiniz. Məqsədə çatmaq üçün alətləri dəyişmək, obrazı, obrazları dəyişmək, tamamilə yeni siyasi model yaratmaq lazımdır. Erməni müxalifəti bunu etməyə çalışır. Müxalifət o zaman yaşayır ki, onun fəaliyyətinin ən azı aralıq nəticələri var. Sonra ya dağılır, ya da tamamilə yox olur. Məsələ burasındadır ki, müxalifət parçalananda onun yeni formalaşan hissələrindən biri artıq söz və hərəkətlərində ultra radikal, son dərəcə qətiyyətli xarakter alır. İndi isə erməni müxalifəti məhz bu məqama gəlib çatıb ki, bütün bu gəzintilərin, çağırışların, mərsiyələrin əvəzinə ölkə üçün ən pis şey– radikal üsullara keçid baş verə bilər.
Müxalifət təzyiq göstərəcək, xəyali mənzərə yaradacaq ki, qisas lazımdır, mübarizə aparsaq, qələbə bizim olacaq. Bu, Ermənistan üçün səciyyəvidir, Paşinyan hakimiyyətindən əvvəl də belə olub. Erməni cəmiyyətində hələ də çoxdan formalaşmış yüksək inam var ki, Qarabağsız Ermənistan olmaz. Erməni cəmiyyətinin müəyyən bir hissəsi qisas almaq istəyir, müharibədən əvvəlki əhval-ruhiyyədədir. Belə bir illüziya içindədirlər. Və bütün bunlardan sonra onlar üçün bundan yaxşı olmayacaq. Axı regionda vəziyyət dəyişib. Və müharibədən əvvəlki bu hiss Ermənistanın özünü içəridən parçalayır.
Alov sönəndə həmişə iki seçim var: alovun tamamilə sönməsinə icazə vermək və ya odun atmaq və onu yelləmək. Radikallaşma Ermənistan üçün son dərəcə təhlükəlidir, çünki bu, yaxşı heç nəyə gətirib çıxarmayacaq. Ermənistan cəmiyyətinin parçalanması ona gətirib çıxaracaq ki, müxalifət ümummilli dəstək alacağına ümid edə bilməyəcək. Bu isə o deməkdir ki, ölkədə növbəti daxili böhran yaranacaq. Yəni müxalifət ölkəni böhrana aparır. Və bundan heç nə qazanmayacaq. Cəmiyyəti radikallaşdıran müxalifət onu qanun çərçivəsində, sivil siyasət çərçivəsində saxlaya bilməyəcək. Ermənistana bir ölkə kimi indi bütün bunlar lazım deyil. Üstəlik, 2-ci Qarabağ müharibəsindən sonra Ermənistan, yumşaq desək, heç də yaxşı iqtisadi vəziyyətdə deyil. Və bunu unutmaq olmaz. İndi heç kim deyə bilməz ki, Ermənistanda hər şey yaxşıdır və ölkə uğurla inkişaf edir.
İndi Ermənistana daxili sabitlik və ən yüksək səviyyədə gələcək fəaliyyət planının hazırlanması lazımdır. İrəli-geri çəkinmədən, indiki Ermənistan hakimiyyətinin nəyi bacarıb, nəyi edə bilməyəcəyini aydın başa düşmək. Məncə, Paşinyanın səhvləri ondan ibarətdir ki, o, öz siyasətini əhaliyə tam izah etmir, əslində isə bunu daha çox etməlidir.
Yeri gəlmişkən, xaricdəki erməni diasporu da revanşist əhval-ruhiyyəni qızışdırmağa çalışır. Diasporda Ermənistanın müharibədə məğlubiyyəti hələ də hiss olunmayıb. Diaspora həmişə Qarabağ mövzusu ilə yaşayıb. Və bu mövzunu yaşamağa davam edəcək və təbii ki, müxalifəti dəstəkləyəcək.
Lakin regionda vəziyyəti pozmaq cəhdləri beynəlxalq oyunçular tərəfindən də qəbul edilmir. Ukrayna ilə bağlı indiki vəziyyətdə nə Rusiyaya, nə də Qərbə başqa qaynar nöqtə lazım deyil. Əlavə baş ağrısına ehtiyac yoxdur. Ona görə də hesab edirəm ki, beynəlxalq oyunçuların bu cür mövqeyi Ermənistanda vəziyyətin daha radikal inkişafı üçün çəkindirici amil olacaq.
-Ancaq müxalifət hər gün əhaliyə mənəvi təsir göstərməsəydi, yürüşlər təşkil etməsəydi, o zaman xalq özü sülh gündəmini daha çox qəbul etməyə başlayacaqdı...
- Bəli, məhz belədir...
- Sizcə, Paşinyan ölkədəki vəziyyəti müxalifətin təsiri altında saxlayır?
-Bu gün məsələ, əslində, elə qoyulur ki, Paşinyan ölkədəki vəziyyəti qoruyub saxlaya bilsin, Paşinyan yox, müxalifət zəif olsun. Bəlkə də səhv edirəm, amma vəziyyətin radikallaşacağı təqdirdə baş nazirin hər şeyi öz nəzarətində saxlaya biləcəyinə çox da əmin deyiləm. Çünki Ermənistanda adətən radikallaşma, parlament daxilində radikallaşma deyil, küçələrdə radikallaşmadır. Və tarixin göstərdiyi kimi, bu, bəzən gözlənilməz inkişaf ssenariləri olan bir şeydir. Ən əsası isə radikallaşma kontekstində artıq xarici faktor, məsələn, Rusiyadan və ya Aİ-dən, ABŞ-dan təsir faktoru minimuma endirilir. Küçə idarəsiz qalacaq.
- ABŞ və Aİ vaxtaşırı deyəndə ki, Qarabağın statusu məsələsi həll olunmalıdır, bu, təxribat deyilmi? Bu, Ermənistanın gündəmidir. Əgər Qərbin regionda eskalasiyaya ehtiyacı yoxdursa, niyə belə deyilir?
- Bu ermənilərin gündəmi deyil. Bu gündəm əsasən kənardan- diasporadan gəlir. ABŞ və Fransa bu mövzunu qaldıranda isə diasporun təsiri olur. Fransadakı diaspor ən güclüsüdür. Bunu etiraf etmək lazımdır. Ancaq Rusiyada bu məsələdə hər şey bir qədər fərqlidir. Rusiya Federasiyasında erməni diasporu siyasi sahədə deyil, əsasən media məkanında işləyir. Fransa və ABŞ-da isə o, məhz siyasi məkanda işləyir, ciddi lobbiçilik imkanlarına malikdir, siyasətə təsir edir. Rusiyada bu mümkün deyil. Amma Rusiya Federasiyasının informasiya məkanında erməni diasporu çox səmərəli işləyir.
Diasporsuz Qarabağ mövzusu bu gün bizim indi təsvir etdiyimiz miqyasda- Aİ, Fransa və ABŞ-ın marağı ilə mümkün deyil. Diaspor bu mövzunun aparıcı qüvvəsidir. Bu məsələdə bütün dünyadakı erməni diasporu birləşir. Və uzun müddət bu mövzunun beynəlxalq səviyyəyə qaytarılması cəhdlərini müşahidə edəcəyik və Moskvanın köməyi ilə əldə olunan üçtərəfli bəyanatlara və razılaşmalara şübhə ilə yanaşmağa çalışacaqlar.
- Rusiya bu gün Qarabağın statusu ilə bağlı hansı mövqedədir? Lavrov İrəvana gəldi və jurnalistlər ondan statusunu soruşmağa çalışsalar da, o, bu mövzunu şərhsiz tərk etdi...
- Düşünürəm ki, Rusiya bu mövzunu qəsdən şərhsiz buraxmağa davam edəcək. Bəli, Moskvanın ilkin mövqeyi ondan ibarətdir ki, məsələ sonra baxıla bilər, birinci vacib məsələ nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması, sərhədin delimitasiyası və demarkasiyası məsələsinin həllidir. Bundan sonra status kimi digər məsələlər müzakirə oluna bilər.
- Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda qalmasına nə üçün kifayət qədər çox- təxminən 3 gün vaxt ayırdı ?
- Bu gün bizim üçün Ermənistanda daxili sabitlik çox vacibdir. Bu məsələ isə respublikada cərəyan edən hadisələr kontekstində müzakirə edilməli idi. Cənubi Qafqaz Rusiyaya heç vaxt indiki qədər lazım olmayıb. Ermənistan-Azərbaycan nizamlanması üzrə üçtərəfli sazişlərin icrasının müzakirəsi də vacib idi. Bundan əlavə, beynəlxalq vəziyyət, anti-Rusiya sanksiyaları fonunda Aİİ çərçivəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə etmək lazım idi. Yenə də struktur çərçivəsində iqtisadi inteqrasiya o qədər də asan deyil. Və bu məsələni həll etmək lazımdır. Vahid valyutaya keçid mövzusu uzanır. Və hamı başa düşür ki, müəyyən mərhələdə iqtisadi inteqrasiya hansısa siyasi aspektlərlə tamamlanacaq.
Müsahibə - Nana Xoştariya
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti çərçivəsində hazırlanıb.