Sumqayıt teatrında “Narkoman” tamaşası təqdim olunub

11 İyun 2022 02:38 (UTC+04:00)

Sumqayıt Dövlət Dram Teatrı “Narkoman” tamaşasını təqdim edib. Tamaşaçılar arasında yeniyetmə və gənclərlə yanaşı, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt Şəhər İcra Hakimiyyəti və şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi də olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, iştirakçılar teatrın foyesində “Narkotiksiz gənclik” devizi ilə təşkil edilən rəsm sərgisinə baxıblar.

Tamaşadan əvvəl çıxış edən şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov və şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov ölkədə aparılan uğurlu siyasətin nəticəsi olaraq son illərdə şəhərdə narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini, dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının da fəallığının artdığını, gənclərin sağlamlığının qorunması istiqamətində əhəmiyyətli tədbirlərin icra olunduğunu qeyd ediblər.

Deputat Müşfiq Məmmədli, Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev və Veteranlar Təşkilatının şəhər bölməsinin sədri Sovet Şükürov narkomaniyaya qarşı mübarizədə dövlət və ictimai təşkilatların birgə fəaliyyətinin vacibliyindən danışıblar.

Sonra tamaşa təqdim olunub.

Tamaşadan sonra maarifləndirici bukletlər paylanılıb, teatrın bir qrup gənc əməkdaşı uğurlu fəaliyyətinə görə Baş İdarənin fəxri fərmanları ilə təltif edilib.