
Azərbaycanlıların xarici ölkələrə köçməsi və məskunlaşması 1920-ci ildən, yəni, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra başlayıb və bu baxımdan da bəzi xalqlarla müqayisədə Azərbaycan diasporunun tarixi çox da uzaq keçmişə təsasüd etmir. Məhz Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, 1920-ci ildən başlayaraq cümhuriyyət qurucuları Türkiyəyə, Avropa ölkələrinə eləcə də Amerikaya köçüblər və elə diasporumuz da demək olar ki, məhz həmin tarixdən etibarən formalaşmağa başlayıb.
Həmvətənlərimizin xarixi ölkələrə növbəti köçü ölkəmizin dövlət müstəqilliyini bərpa etməsindən sonrakı illərə təsadüf edir və xarici ölkələrdə bu məskunlaşma Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonrakı məskunlaşmadan köklü surətdə fərqlənir. Ona görə ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra cümhuriyyət qurucuları Sovet İttifaqının repressiyalarından canlarını qurtarmaq üçün köç edirdilərsə, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra isə həmvətənlərimiz yaşamaq, eləcə də işləmək üçün müxtəlif ölkələrə üz tuturdular. Sözsüz ki, qloballaşma dövründə, özü də bütün dünyada miqrasiyanın sürətləndiyi vaxtda həmvətənlərimizin xarici ölkələrdə məskunlaşması, həyat və fəaliyyətini həmin ölkədə davam etdirməsi, təbii olan prosesin tərkib hissəsi kimi qiymətləndirlir.
Ötən əsrin sonlarında, daha dəqiq desək, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ciddi problemlərlə üzləşdiyi bir dövrdə, ölkəmizdə siyasi-iqtisadi böhran, daxili çəkişmələr, xüsusən də Ermənistanla müharibə şəraiti olduğu bir dönəmdə, bir dövlət olaraq mövcudluq sual altına qaldığı bir dönəmdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin, digər sahələrdə olduğu kimi, dünyanın müxtəlif ölkələrində məskunlaşan, yaşayan, fəaliyyət göstərən azərbaycanlıların təşkilatlanmasında da misilsiz rolu oldu. Sirr deyil ki, həmvətənlərimizin mükəmməl şəkildə təşkilatlanması prosesi Ulu Öndərin 1993-cü ildən hakimiyyətə qayıdışı ilə reallaşmağa başladı. Heydər Əliyev xarici ölkələrə səfərlərində əmvətənlərimizlə görüşür, onlarla söhbət aparır, problemləri ilə maraqlanır, köməkliklər göstərir və hansı ölkədə yaşamasından asılı olmayaraq onları bir olmağa, daim əlaqədə olmağa dəvət edirdi ki, bununla da artıq həmvətənlərimizin təşkilatlanması reallaşmağa başladı. Bu təşkilatlanma isə 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi, eləcə də 2002-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin təsis olunması ilə daha da möhkəmləndi. Ona görə də cəsarətlə deyə bilərik ki, Azərbaycan diasporunun əsası və milli həmrəyliyin təşəkkül tapması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Sözsüz ki, bu ənənə Ulu Öndərin layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elə bu baxımdan da hesab olunur ki, diaspor quruculuğunun inkişafı, təşkilatlanması işinin təkmilləşdirilməsi də məhz cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Şübhəsiz ki, ölkəmizin maraqlarına xidmət edən lobbi quruculuğu istiqamətindəki bugünkü fəaliyyətin uğurlarında, Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, tarixinin təbliği sahəsində qazanılmış nailiyyətlərdə xüsusən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əvəzedilməz xidmətləri vardır və etiraf etmək lazımdır ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən humanitar layihələr müxtəlif beynəlxalq təşkilatlarda, ayrı-ayrı dövlətlərdə və dini icmalarda ölkəmiz haqqında müsbət imicin yaradılmasına əhəmiyyətli dərəcədə yüksək təsir göstərib, vətənimiz haqqında həqiqətlər daha geniş yayılıb ki, bu da lobbi quruculuğuna əsaslı zəmin yaradıb.
Hazırda xaricdə yaşayan soydaşlarımızın, təşkilatların koordinasiyası işinin dövrün tələblərinə cavab verdiyi təkzib edilə bilməz və bu da bir həqiqətdir ki, həmrəylik, birlik ideologiyası ətrafında formalaşma prosesi yüksək səviyyədədir və lobbi quruculuğuna doğru atılan qətiyyətli addımlar da göz önündədir. Ölkəmizin diaspor siyasəti ölkə başçısının rəhbərliyi ilə uğurla davam edir və soydaşlarımızın təşkilatlanması, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, ölkəmizin təbliği istiqamətində görülən işlər də saysız-hesabsızdır. Bununla yanaşı, xaricdə yaşayan soydaşlarımızın daha sıx birliyinə və koordinasiyalı fəaliyyətinə nail olmaq ən ümdə vəzifə hesab olunur və cənab Prezident İlham Əliyev Dövlət Komitəsi qarşısında bununla əlaqədar vəzifələr qoyub. Burada da məqsəd xaricdə yaşayan soydaşlarımızın daha sıx birliyinə və koordinasiyalı fəaliyyətinə nail olmaqdır. Məhz bu zərurətə əsaslanaraq da ən qısa müddət ərzində soydaşlarımızın daha çox məskunlaşdığı Almaniya, Fransa, Belçika, Niderland kimi Avropa ölkələrinə, eləcə də Amerika Birləşmiş Ştatlarına davamlı səfərlər təşkil olunub, həmvətənlərimizlə görüşlər keçirilib, onların problemləri öyrənilib, milli mənəvi dəyərlərimiz, dövlətimiz və dövlətçiliyimiz üçün həmrəylik çağırışları edilib. Beləliklə, məqsədi indiyədək pərakəndə formada fəaliyyət göstərən təşkilatların və azərbaycanlıların diaspor fəaliyyətinin səmərəliliyini artırmaq, koordinasiyalı fəaliyyətlə daha böyük uğurlara nail olmaq hesab olunan və 7-si 2019-cu ildə yaradılan 11 Koordinasiya Şurası soydaşlarımızın təşəbbüsü ilə meydana çıxıb, hansıki, ümumilikdə 29 ölkəni əhatə edir.
Bu, artıq bir reallıqdır ki, Azərbaycan dövləti gücləndikcə, bu dövlətin diaspor fəaliyyəti lobbiçiliklə möhkəmləndikcə erməni yalanları daha böyük sürətlə üzə çıxır, ermənilərin Azərbaycana qarşı haqsız və heç bir hüquqa söykənməyən ittihamları, eləcə də iddiaları mütərəqqi dünya ictimaiyyəti tərəfindən rədd edilir. Bir qədər əvvəl xəyal kimi görünən məsələlər artıq tamamilə bizim xeyrimizə dəyişib və dəyişməkdədir. Bu gün dünyada 900-ə yaxın erməni diaspor təşkilatı fəaliyyət göstərsə belə, onlar dünyanın hər hansı ölkəsində Azərbaycana qarşı təxribatlara əl atmağa çalışsalar belə, qarşılarında güclü və mütləq mütəşəkkil Azərbaycan diasporunu görəcəklər, adekvat cavablarını da alacaqlar, necə alırlar.
Əsrin üçdə birinə yaxın bir müddət ərzində ermənilər tərəfindən işğal altında saxlanılan torpaqlarını Artıq Azərbaycan işğaldan azad edib. Uzaqgörən, müdrik, qətiyyətli, böyük siyasi iradəyə malik olan müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi, cəsur Azərbaycan Ordusunun şücaəti, xalqımızın birliyi, həmrəyliyi ilə torpaqlarımızın işğalına son qoyulub, ərazi bütövlüyümüz təmin edilib. Bütün bunlar, sözsüz ki, ilk növbədə birliyimiz, xalq-iqtidar birliyi, eləcə də soydaşlarımızın birliyi sayəsində reallaşıb. Bu gün də dünyanın hər yerində həmvətənlərimiz doğma Azərbaycan naminə əlindən gələni əsirgəmir, ölkəmizə, vətənimizə qarşı olanların önündə sinələrini sipər edirlər, düşmənin yalanlarını ifşa edir, eləcə də haqq səsimizi dünyaya çatdırırlar.
Unutmaq lazım deyil ki, 1991-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabr tarixinin “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” elan edilməsi Azərbaycanın ən yeni tarixinin mühüm siyasi hadisələrindən birinə çevrildi, çünki ümummilli mənafelərimizin həyata keçirilməsi naminə xalqımızın bütün gücünü bir yerə toplamaq arzusunu və əzmini təcəssüm etdirən bu gün bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoydu. Elə bu səbəbdən də Azərbaycan gənc bir müstəqil dövlət olmasına baxmayaraq, uğurları, keçdiyi inkişaf yolu onilliklərə, qərinələrə bərabər hesab olunur və öz inkişafı ilə dünyada həm də nümunə sayılır. Bu baxımdan cəsarətlə deyə bilərik ki, Azərbaycan tək bu ölkənin vətəndaşlarının deyil, dünyanın hər yerində yaşayan soydaşlarımızın qürur və fəxarət ünvanıdır.
İnam Hacıyev
6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.