Azərbaycan özünün dini icmalara dövlət qayğısı və tolerantlıq modeli ilə dünyada örnək ölkələrdən biridir
Son vaxtlar Azərbaycanda siyasi və ictimai sabitliyi pozmağa çalışan qüvvələrin fəallaşdığı hiss olunur. Öncəki cəhdlərdən (etnik, sosial, siyasi qarşıdurma yaratmaq) bir nəticə əldə edə bilməyən xarici qüvvələr indi də dini məsələləri orta atıblar və cəmiyyətdə parçalanma yaratmaq üçün ölkədəki əlaltılarına yeni sifariş veriblər. Lakin Azərbaycanda dini tolerantlıq hökm sürür və hansısa inancı seçdiyinə görə heç kimə problem yaradılmır. Əlbəttə, ölkədə dini dözümlülük və tolerantlıq ab-havasının saxlanılmasının təmin olunması olduqca vacib məsələdir. Bu amil dövlətçiliyimizi qorunmasında və inkişafında önəmli rol oynayır. Ancaq hansısa təriqətə bağlılıq, dövlət maraqlarından üstün tutulmamalıdır.
Dini Komitə: “İslamı müdafiə” adı altında süni gərginlik yaratmağa səy göstərirlər"
Bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Azərbaycanda dini təfriqə yaratmaqda maraqlı olanlar olduğu barədə yaydığı açıqlamada bəzi məsələlərə toxunulub. Açıqlamadan bəzi əsas məqamları qeyd edək: “Azərbaycan beynəlxalq aləmdə ictimai-siyasi sabitlik şəraitində dini tolerantlığın və multikultural dəyərlərin inkişaf etdiyi, bütün dini konfessiyalara bərabər münasibətin göstərildiyi, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğu, dini-mədəni müxtəlifliyin qorunduğu dövlət kimi tanınır. Dünyanın nüfuzlu dövlət xadimləri, dini liderləri, elm və mədəniyyət nümayəndələri Azərbaycanın dövlət-din modelinin bir çox ölkələr üçün örnək olduğunu bildirirlər...
...Azərbaycan Prezidentinin sərəncamları ilə tarixi-dini abidələr, ziyarətgahlar bərpa edilir, yeniləri tikilir, dini qurumlara mütəmadi olaraq maliyyə yardımları ayrılır, o cümlədən milli-mənəvi və dini dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq hərtərəfli addımlar atılır... ...Amma görünən odur ki, yuxarıda göstərilənlərə rəğmən Azərbaycanın uğurlarından və mövqelərinin daha da güclənməsindən narahat olan bəzi dairələr vətəndaşların dini inancından sui-istifadə etməklə məkrli, destruktiv əməllərə rəvac verirlər. Aydındır ki, bu tipli çirkin “əməllər” multikultural və tolerant dəyərlərə söykənən Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq rədd edilir. Demokratiya, qanunun aliliyi, unitarlıq və dünyəvilik prinsiplərinə söykənən Azərbaycan Konstitusiyasının əsaslarına zidd olaraq siyasi idarəçiliyi və həyat tərzini “şəriət qaydaları” adı altında təbliğ edən, özündə bir neçə nəfəri birləşdirən “təşkilat” və yaxud dərnək səviyyəli qruplar əslində dini pərdə altında gizlənmiş, insanların inanc və dini hisslərini istismar edən pozucu elementlərdən başqa bir şey deyildir. Əminliklə demək olar ki, bu cür elementlərin fitnəkar əməllərini xalqımız böyük ikrah hissi ilə qarşılayır və buna görə də onların çirkin niyyətləri beşiyindəcə iflasa məhkumdur.
Bu cür qərəzli və qeyri-sağlam mövqe tutan şəxslərə “dini təhsil” verib “ruhani” kimi yetişdirən bəzi xarici dövlətlərin dini mərkəzləri və digər təşkilatları 30 il düşmən tapdağı altında qalan və donuz axuru kimi istifadə edilən məscidlərimizə görə, bir dəfə də olsun erməni qəsbkarlarına etiraz etməmişdir. Lakin onlar bu gün öz “kadrlar”ı vasitəsilə məscidləri inşa və bərpa edən, İslami dəyərləri daim uca tutan müsəlman ölkəsində– Azərbaycanda “İslamı müdafiə” adı altında pozucu fəaliyyətə əl atır, sosial mediada dövlət qurumlarının əleyhinə şər və böhtan kampaniyasına rəvac verir, sülh və barışa böyük önəm verən İslam dəyərlərindən sui-istifadə edərək süni gərginlik yaratmağa səy göstərirlər...”

Ölkəmiz özünün dövlət-din münasibətləri modeli ilə dünyanın ən yaxşıları sırasındadır
Hazırda Azərbaycanda dini sabitlik kifayət qədər yüksək səviyyədədir. Dövlətimiz vətəndaşların vicdan azadlığının qorunması üçün üzərinə düşən bütün vəzifələri qətiyyətlə həyata keçirir. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə dövlət-din münasibətləri müasir qanunvericilik səviyyəsində tənzimlənir, dini etiqad azadlığı tam qorunur, tolerantlıq daha da möhkəmlənir.
Heç kim dininə və əqidəsinə görə təzyiqlərə məruz qalmır, dini mənsubiyyətə görə ayrı-seçkilik aparılmır. Azərbaycanda dövlət-din münasibətləri möhkəm qanunçuluq bazası üzərində qurulub. Təsadüfi deyil ki, artıq ölkəmiz özünün dövlət-din münasibətləri modeli ilə təkcə yerləşdiyi coğrafi regionun deyil, dünyanın ən yaxşıları sırasındadır.
Azərbaycanda yaradılmış tolerant durumdan yararlanan bəzi qüvvələr öz çirkin məqsədlərini həyata keçirməyə çalışırlar. Əminliklə demək olar ki, qanunazidd əməllərlə məşğul olan belə qrupların dinlə heç bir əlaqələri yoxdur. Onlar xarici radikalların buradakı ruporu olmağın müqabilində maliyyə vəsaiti ilə təmin olunur və təlimatlandırılırlar.
Azərbaycan cəmiyyəti bu kimi məsələlərə qarşı həmişə prinsipial mövqedə dayanıb. Çünki Azərbaycan bu gün ötən əsrin 90-cı illərinin əvvəllərindəki dövlət deyil. İndi dövlətimiz kifayət qədər güclü, cəmiyyətimiz isə kifayət qədər yüksək inkişaf etmiş, intellektual cəmiyyətdir.
Azərbaycanı sevməyən bəzi qüvvələrin ruporu olan və dini sferada təmsil olunan bu qrupların maliyyə vəsaitləri ilə təmin edilməsi istisna deyil. Çünki belə işlərlə məşğul olmaq üçün də maliyyə lazımdır. Bu qrupların əksəriyyətinin satın aldıqları, yaxud kirayələdikləri ofisləri, media orqanları və başqa təbliğat vasitələri var. Bütün bunları idarə etmək üçün kifayət qədər böyük maliyyə vəsaiti lazımdır.
Müşahidələr göstərir ki, bu qruplara daxil olan insanların konkret rəsmi gəlir mənbəyi də yoxdur. Ölkəmizdə təxribatçılara maliyyə ilə kömək edəcək insanların olması da inandırıcı deyil. Bu amillər onların kənardan maliyyələşdirilməsinə inanmağa əsas verir.

Azərbaycanın siyasi və iqtisadi gücünün artması bəzi xarici dairələri narahat edir
Belə görünür ki, Azərbaycanın sürətlə hərbi, iqtsadi cəhətdən möhkəmlənməsi, siyasi nüfuzunu artırması, regionda söz sahibinə çevrilməsi bəzi xareici dairələri yaman narahat edir. Radikal dindarların əsas məqsədi Azərbaycanı sivil, demokratik inkişaf yolundan döndərmək, şəriət qanunlarını tətbiq etmək, bəzi digər ölkələr kimi Azərbaycanda dindar, teokratik cəmiyyət qurmaq, ölkəmizi qeyri-stabillik nümunəsinə çevirməkdir. Bu məsələdə (ölkədə radikal dindarlığın və mövhumatın güclənməsində) xarici dairələrin böyük rolu olduğu şübhəsizdir. Məlum olur ki, kobud desək, dava “din davası deyil, dən davasıdır”.
Azərbaycanda dövlət bütün dini icmalara qayğı ilə yanaşır, onlara hər cür maddi-texniki dəstək göstərir, dini icmalar maliyyə yardımı edilir, bir sıra güzəştlər tətbiq olunur, hətta avtomobillərlə təmin olunur. Ölkəmizdə son 20 ildə yüzlərlə dini məbəd tikilib və ya əsaslı təmir olunub. Lakin bəzi qüvvələr bunları “görmür”.
Təəssüf ki, XXl qloballaşma əsrində, elm və texnikanın inkişaf etdiyi müasir dövrdə bəzi yerli və xarici qüvvələr hələ də müxtəlif vasitələrdən, o cümlədən din amilindən istifadə etməklə ölkəmizi cəhalətə sürükləməyə çalışırlar.
Azərbaycan monolit dövlət, vahid xalq, tolerant cəmiyyət modelini seçib və bu yoldan dönməyəcəyini ortaya qoyub. Azərbaycanda xalq və dövlət arasında qırılmaz bağlar var ki, bunu heç bir daxili və xarici qüvvə qoparmaq iqtidarında deyil.
Azərbaycan hüquqi, demokratik inkişaf yolu ilə sürətlə irəliləyən ölkədir və hər hansı dini qrupların, onların xarici havadarlarının sabitliyi pozmaq, əhali arasında çaxnaşma yaratmaq, din adından istifadə edib öz bəd niyyətlərini həyata keçirmək cəhdləri heç bir səmərə verməyəcək.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.