Türkiyənin ilk uzun yürüş marşrutu Likiya yolu

10 İyun 2022 04:26 (UTC+04:00)

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Türkiyənin ilk uzun yürüş marşrutu Likiya yolu haqqında məlumat verəcəyik. Mətni Neslihan Değirmencioğlu hazırlayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Axırıncı dəfə nə vaxt yürüşə çıxdınız? Bəlkə sualımızı dəyişək belə deyək: hər gün yürüşə gedirsinizmi? Yürüş heç bir xüsusi avadanlıqa ehtiyac olmadan istənilən fəsildə, istənilən yerdə və istənilən yaşda edilə bilən idman növüdür... İstər şəhərin mərkəzində, istər dəniz kənarında, istər dağda, istərsə də meşədə. Yürüş elə bir idmandır ki, o anda harada olursunuzsa olun, edə bilərsiniz.

Gəzərkən beyinə daha çox oksigen gedir, maddələr mübadiləsi sürətlənir, ürək də daxil olmaqla bədəndəki əzələlər güclənir. Yarım saatdan çox gəzinti zamanı ifraz olunmağa başlayan hormonların köməyi ilə əhvalınız müsbətə doğru dəyişir. Gərginlik azalır, zehin azad olur, təxəyyül qapıları açılır...

Məşhur mütəfəkkir Nitsşe uzun saatlar gəzməklə miqren tutmalarının şiddətini azaldır və yeriyərkən düşünür. Nitsşe deyir ki, onun düşüncələri ancaq yeriməklə ortaya çıxır. Fransız İnqilabının ən əhəmiyyətli adlarından biri olan Jan Jak Russo gəzərkən ancaq düşünə və ilham mənbəyi tapa bildiyini söyləyir. Hindistanın siyasi və mənəvi lideri Qandinin ingilislərə qarşı başlatdığı passiv müqavimətin ən mühüm hissəsi 400 kilometrlik Duz yürüşüdür. Təbii ki, ədəbiyyat və incəsənət dünyasında daha çox adlardan bəhs edə bilərik, amma indi yola çıxaq və Türkiyənin ilk uzun piyada marşrutu olan Likiya yolundan danışmağa başlayaq.

Türkiyənin ilk uzun piyada marşrutu adını qədim zamanların aparıcı bölgələrindən biri olan Likiyadan götürür. Bu gün Antalya ilə Fəthiyə körfəzləri arasında yerləşən Təkə yarımadasının qədim adı Likiyadır. Likiya Birliyində tarixin ilk demokratik birliyini meydana gətirən iyirmi üç şəhər var. Qədim dövrlərdə onun əhalisi iki yüz min nəfər olaraq təxmin edilir. Çünki Birlikdə çox mühüm və möhtəşəm şəhərlər var. Bu gün o şəhərlərin bəziləri turizm mərkəzləri içərisində bir ziyarətgah halına gəlmiş, bəziləri isə yalnız maraq göstərənlərin axtarıb tapdığı xarabalıqlardır. Burada Türkiyənin ilk uzun piyada marşrutu olan Likiya yolu, 550 kilometr məsafəsi ilə qədim Likiya mədəniyyətinin izlərini təqib etmək imkanı verir. Bu, təbiətin və tarixin, dənizin və meşənin bir-birinə qarışdığı sürprizlərlə dolu bir marşrutdur. Gəzməyi bacaranlar iyirmidən çox qədim şəhəri gəzə, mavi və yaşılın onlarla çalarını görə və boş buxtaları kəşf etmək imkanı əldə edə bilərlər. Bu səbəbdən üstünlüklərə görə müxtəlif marşrutlar yaradılıb. Prioritetiniz nə olursa olsun, ona uyğun marşrut seçə və bu marşrutdan həzz ala bilərsiniz. Bəlkə zirvələrdən o möhtəşəm buxtaları görmək, bəlkə sahildə düşərgə salmaq... Bəlkə qədim xarabalıqlar arasında gəzməyi, bəlkə də meşədə kəklikotu qoxuları arasında olmaq istəyirsiniz... Seçim sizindir!

Likiya yolu əslində Roma dövründə şəhərləri birləşdirən bir sıra müstəqil yollardır. Türkiyənin ilk uzun piyada marşrutu o dövrün Roma yollarının və köhnə cığırlarının izlərini izləməklə yaradılmışdır. Hər il təxminən 30 min insan bu yoldan keçir! Təbii ki, hamısı deyil... Çünki 550 kilometrlik yolu bir dəfəyə qət etmək ən yaxşı halda və orta hesabla 25-40 gün tələb edir. Təcrübəli səyahətçi deyilsinizsə, bir neçə günlük marşrutları seçmək tövsiyə olunur. Likiya yolu marşrutların asan şəkildə tamamlana bilməsi üçün beynəlxalq işarələmə sistemindən istifadə edilərək qeydə alınmışdır. Yol kəsişmələrində qoyulmuş sarı istiqamət nişanları, cığırlarda və torpaq yollarda qırmızı və ağ xətlər piyadalara kömək edir.

Aralıq dənizi mülayim bir iqlimə sahib olduğu üçün yaydan başqa bütün fəsillərdə Likiya yolu ilə getmək olar. Bu işin mütəxəssisləri deyirlər ki, yağıntıya diqqət yetirmək lazımdır, çünki yağış yeri sürüşkən edir, dırmaşmaq və enməkdə işlər bir az çətinləşə bilər.

Likiya yolu dünyanın ən uzun və ən yaxşı on yürüyüş yollarından biridir. Bu yola davam etdikcə məşhur qədim şəhərlərlə yanaşı, əvvəllər haqqında eşitmədiyiniz şəhərlərə də yolunuz düşəcək. Bəziləri çox yaxşı vəziyyətdədir, bəzilərinin isə sadəcə qalıqları gəlib çıxıb. Batmış Aperlai şəhəri və onun xarabalıqları, Santa Klausun öldüyü Myradakı unikal qaya məzarları və şəhərin qədim limanı Andriake, sarkofaq qəbirlərlə dolu Phellos, yarısı suda, yarısı çöldə olan Simena və təbii ki UNESCO Dünya İrs siyahısındakı Xanthos və Letoon xarabalıqları görə biləcəyiniz qədim şəhərlərdən yalnız bəziləridir.

Yalnız gəzmək deyil, həm də üzmək və ya günəş vannası qəbul etmək istəyənlər üçün Likiya yolunda təsiredici variantlar var. Sehrli Ölüdəniz, misilsiz Kabak körfəzi, 18 kilometr uzunluğunda dünyanın ən uzun təbii çimərliklərindən biri olan Patara çimərliyi, gizli cənnət Adrasan körfəzi və bir çox əl dəyməmiş buxtalar...

Dağları və hündür yerləri sevənlər isə, Türkiyənin sahilə ən yaxın hündür dağı Taxtalı, digər adı ilə Olympos (Olimpos) dünyada az sayda sidr meşəsinin olduğu Susuz dağına qalxa, Təkirova, Kıbrıs (Kipr) və Saklıkent kanyonlarında zirvələrin və uçurumların yaşadacağı həyəcanı təcrübə edə bilərlər.

Taşlık burnundakı Türkiyənin ən gözəl Gelidonya dəniz fənəri qədim zamanlardan bəri mühəndislik möcüzəsi olan Dəlikkəmər, dünyanın ən qədim batmış gəmisi Uluburun, Çıralıdakı Yanartaş Chimera (Kimera) yol boyu qarşılaşacağınız sürprizlər arasındadır.

Likiya yolu həm dağlardan, həm də dəniz kənarından nəfəs kəsən mənzərələri ilə mavi və yaşıl arasında vizual bir ziyafət təqdim edən çox uzun bir yoldur. Tarixdə ilk demokratik birliyi quran şəhərləri görəcəyiniz, dinclik və əmin-amanlıq tapacağınız bu yolda gedərkən o möhtəşəm təbiət sizin olacaq və təbiətin bir parçası olacaqsınız.