Dr.Aynur Səfiyeva Qarabağ III Beynəlxalq Tətbiqi Elmlər konqresində iştirak edir

9 İyun 2022 14:19 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, t.f.d. Aynur Səfiyeva 7-13 iyun 2022-ci il tarixlərində Şuşa şəhərində "ŞUŞA İLİ - 2022" çərçivəsində Qarabağ III Beynəlxalq Tətbiqi Elmlər konqresində iştirak edir. Qarabağ III Beynəlxalq Tətbiqi Elmlər konqresi çərçivəsində ilk olaraq konres iştirakçıları Şuşa şəhərinə səfər ediblər. Daha sonra konqres öz işini 13 iyun tarixinə qədər AMEA Mərkəzi Elmi Kitabxanasında davam edəcək. 10 iyun tarixində Dr.Aynur Səfiyeva konqresdə “Kolorektal poliplərin diaqnostika və müalicəsində kolonoskopiyanın əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edəcək.

Konqresin Azərbaycan tərəfindən təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyası, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, Naxçıvan Universiteti, Türkiyə tərəfindən isə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutudur.

Qeyd edək ki, konqresdə riyaziyyat, mühəndislik, fizika, kimya, biologiya, ətraf mühit elmləri, coğrafiya, tibb elmləri, idman elmləri, kənd təsərrüfatı elmləri, baytarlıq elmləri, təhsil elmləri istiqamətləri üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulub.