Alo, Paşinyan, fikrin nədir..? ANALİTİK+AKTUAL

9 İyun 2022 11:26 (UTC+04:00)

Azərbaycan öz yolunu davam etdirir və bu yol bilavasitə Xankəndiyə doğru gedir!

Beləliklə, Ermənistan üçtərəfli bəyanatda irəli sürülən bəndlərə demək olar ki, əməl etmir və bu məsələdə Rusiya sülhməramlıları kontingentinin (RSK) də müəyyən mənada rol alması Azərbaycan cəmiyyətində haqlı iradlar, hiddət və təəssüflər doğurur. Buna misal olaraq biz Ermənistanın baş prokurorunun, eləcə də daha bir rəsmi nümayəndəsinin RSK-nın Qarabağda müvəqqəti yerləşmiş nəzarət məntəqəsindən (Laçın dəhlizindən) Xankəndiyə buraxılmalarını göstərə bilərik. Yəni fakt budur ki, bu adamlar rəsmi şəxslərdir, üstəlik erməni baş prokuroru yaradılmış üçtərəfli formatlardan birinin təmsilçisidir. Misal üçün, xatırlada bilərik ki, Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının görüşləri keçirilib. Və belə olan halda Ermənistan tərəfinin bu qədər həyasızlıq nümayiş etdirmələri həm də qarşı tərəfin bütün hədləri aşdığını sübuta yetirmiş olur. Və bunun daha bir tərəfi də var. Məsələ ondadır ki, Ermənistan hökumətinin nümayəndələrinin Xankəndiyə səfərləri bilavasitə Nikol Paşinyan tərəfindən reqlamentləşdirilir. Maraqlısı da budur ki, cərəyan edən hadisələr məhz sülh razılaşmalarının əldə edilməsi prosesi çərçivəsində baş verir. Bu isə belə qənaətə gəlməyə zəmin yaradır ki, ya Ermənistan tərəfi hazırkı dövrə qədər əldə edilmiş razılaşmaları pozmağa çalışır, ya da proses İrəvanın istədiyi çərçivədə gedir...

Bu arada onu da qeyd edə bilərik ki, bu yaxınlarda KTMT ölkələrinin XİN başçılarının, o cümlədən Lavrovun da görüşləri gözlənilir...

RSK Ermənistanın həmin siyasətini həyata keçməsi üçün şərait yaradır!

İrəvanda anlayırlar ki, həyata keçirilən qanunsuz səfərlər Azərbaycanda ictimai rəyə təsir edir və anti-Rusiya ritorikasının yaranması istiqamətində obyektiv şəraitlər yaradır. Və əlbəttə ki, nəticədə Qarabağda müvəqqəti yerləşdirilmiş RSK hədəfə alınır. Buradan isə növbəti nəticə hasil edilə bilər – RSK da Ermənistanın həmin siyasətini həyata keçməsi üçün şərait yaradır!

Bu arada daha bir nüansı da qeyd edə bilərik. Mövcud situasiyada RSK-nın mandatının olmaması həmin məsələdə öz rolunu oynamaqdadır. Erməni rəsmilərinin Qarabağa səfərləri mövzusu əyanidir və sənədlərdə reqlamentləşdirilmir.

Hansı cinah ki, münaqişənin nizamlanmamasını iddia edirsə demək ki, müharibə istəyir

Onda daha bir sual yaranır: bəs Azərbaycan hansı ölçüləri götürəcək? Məlumdur ki, rəsmi Bakı sülh gündəliyinin irəliləməsi üçün bütün imkanlardan maksimum istifadə edir və bu maksimumlar erməni tərəfinin müxtəlif təxribatçı əməllərinə baxmayaraq istifadə olunur. Fakt budur ki, münaqişə başa çatıb və sülhün əldə olunması yönündə addımlar atmaq vacibdir. Və digər tərəfdən, hansı cinah ki, münaqişənin nizamlanmamasını iddia edirsə demək ki, müharibə istəyir. Çünki müharibə münaqişənin həll olunması üçün öndə gedən variantlardan biridir. Ona belə bir nəticə də hasil etmək olar ki, Ermənistan müharibə istəyir (?!)

O cümlədən, Brüssel və Moskva formatlarının qarışması elə bir situasiyaya gətirib-çıxarır ki, belə məqamlarda qəbul edilən qərarlar fraqmentləşdirilməlidir və belə bir mövcudluq erməni tərəfini qane etmir. Ancaq bu da Ermənistanın öz problemidir və belə əbədi davam edə bilməz. Açığını desək, İrəvan müharibə eskalasiyasını istəyirsə, Bakı ona bu sürprizi hər an təqdim edə bilər, amma necə deyərlər, sonradan “demədi-demə” məsələsi də xatırlanmalıdır!

Məqsəd – 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatından hazırkı vaxta qədər əldə edilmiş bütün razılaşmaları sıfırlamaq

Başqa tərəfdən, Ermənistan “status” məsələsini heç bir formata - nə Brüsselə, nə də Moskvaya daşıya bilmir və mövcud təxribatçı qanunsuz səfər addımları ilə eskalasiyaya getməyə cəhdlər göstərir. Məqsəd – 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatından hazırkı vaxta qədər əldə edilmiş bütün razılaşmaları sıfırlamaq. Əslində telefona bağlılıq xəstəliyi olan Paşinyandan soruşulmalıdır ki, alo, Paşinyan son fikrin nədir..?

Yeri gəlmişkən, ermənilərin sosial müdafiə nazirlərini bir müddət əvvəl Xankəndiyə səfəri cavabsız qalmışdı, halbuki Ermənistan sərhəddə komissiyanın yaradılmasına getdi. Ancaq daha bir danılmaz amili də unutmaq olmaz – Ermənistanın baş prokurorunun Qarabağa qanunsuz səfəri hər halda cavabsız qalmayacaq və itirən məhz və məhz erməni tərəfi olacaq. Azərbaycan öz yolunu davam etdirir və bu yol bilavasitə Xankəndiyə doğru gedir!

Rövşən RƏSULOV

P.S. Təsdiqlənməmiş məlumata görə, qanunsuz yollarla Laçının Zabux kəndində məskunlaşmış livanlı ermənilərin bu əraziləri tərk etmələri haqqında da informasiyalar gəlməyə başlayıb. Gözləyək...