Rus politoloq: Qarabağın qalan kiçik hissəsi də istənilən halda Azərbaycana qayıdacaq - MÜSAHİBƏ

8 İyun 2022 15:25 (UTC+04:00)

Sergey Markov: Ermənistanda müxalifətin təxribat törətmək, qalmaqal yaratmaq, Njde kimi millətçi vasitələrdən istifadə etmək cəhdləri onun çirkin niyyətlərini ortaya qoyur

Ötən cümə günü Ermənistan hakimiyyəti müxalifətin Ermənistan-Azərbaycan nizamlanması və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı şərtlərini təsdiqləməyi planlaşdırdığı ölkə parlamentindəki iclasını pozub.

Baş nazir Nikol Paşinyanın respublikanın qanunverici orqanında çoxluğu təşkil edən hakim “Vətəndaş sazişi” fraksiyası iclasda iştirak etmək niyyətində olmadığını əvvəlcədən bəyan edib. Belə ki, parlamentdə müzakirələrə təşəbbüs göstərən müxalifətin “Hayastan” və “Mənim şərəfim” fraksiyaları sənədin təsdiqi üçün lazımi səs toplaya bilməyib. Ümumilikdə müxalifətin irəli sürdüyü şərtlərə baxmağa 107 deputatdan 33-ü gəlib və iclas baş tutmayıb. Nəticədə müxalifət hökumət binasının qarşısını kəsərək yeni görüş tələb edib və şənbə gecəsi daş atmaqla hüquq-mühafizə orqanlarının əməkdaşları ilə şiddətli toqquşmalara səbəb olub, nəticədə polis səs qumbaralarından istifadə etməli olub. Nəticədə 39-u hüquq-mühafizə orqanlarının nümayəndəsi olmaqla, 60 nəfər xəsarət alıb. Baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş sazişi” fraksiyası müxalifəti təxribatda ittiham edib.

Xatırladaq ki, mayın 28-də Ermənistan müxalifəti “Yeni Qarabağ hərəkatı”nın yaradıldığını elan edərək, Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı tələblərini səsləndirib. Müxalifət Ermənistandan tələb edib ki, Azərbaycanla danışıqlar zamanı Qarabağda yaşayan ermənilərin öz müqəddəratını təyinetmə və beynəlxalq səviyyədə tanınma hüququnun həyata keçirilməsində təkid etməyə davam etsin, eyni zamanda Qarabağın tamamilə Azərbaycanın nəzarətinə qaytarılması ssenarisini istisna etsin. Müxalifətçilər həmçinin Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılmasını, nəqliyyat kommunikasiyalarının dəhliz məntiqindən çıxarılması ilə bağlı danışıqlardan imtinanı, həmçinin Türkiyə tərəfindən erməni soyqırımının tanınmasını tələb ediblər. Müxalifət qüvvələri Azərbaycan və Türkiyə ilə danışıqların davam etdirilməsi üçün bu məqamları parlamentin iclasında təsdiqləməyi planlaşdırırdı.

Düzdür, aprelin 17-də etirazlar başlayandan bəri polislə müxalifət arasında baş verən bu ən böyük toqquşmadan sonra etirazçılar həftəsonunu hakimiyyəti təhrik etmədən keçirdilər. Şənbə günü artıq adi hala çevrilmiş yürüşlər keçirilib, bazar günü isə müxalifət aksiya keçirməkdən tamamilə imtina edib.

Müxalifətin niyə əsas məqsədinə- Ermənistanın baş nazirinin vəzifədən çıxarılmasına- çata bilmədiyini Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov“Moskva-Bakı”ya müsahibəsində şərh edib. Politoloqun şərhini oxucularımıza təqdim edirik.

- Sergey Aleksandroviç, gəlin xatırlayaq ki, 2020-ci ilin noyabrında Nikol Paşinyan Rusiya və Azərbaycan liderləri ilə Qarabağla bağlı üçtərəfli bəyanat imzaladıqdan sonra İrəvanda müxalif düşüncəli insanlar ətrafdakı hər şeyi sözün əsl mənasında darmadağın etdilər. İndi müxalifət daha bir dəfə ciddi toqquşmalar təşkil etməyə çalışdı. Amma bu uğursuz oldu...

- 2020-ci ilin noyabrından Nikol Paşinyan üçün vəziyyət dəyişdi, müxalifət üçün də dəyişdi. O vaxtdan bəri Ermənistanın baş naziri 2 dəfə hakimiyyətdə qalmağı bacarıb. İlk dəfə, üçtərəfli bəyanatın imzalanmasından dərhal sonra, demək olar ki, heç bir şansı olmadığı və hakimiyyətdən salınacağı görünəndə, ikinci dəfə, Paşinyan fraksiyası 2021-ci ilin yayında parlament seçkilərində qalib gələndə. Hansı ki, bu qələbələr bir daha müxalifətə müəyyən mənada son qoydu. Müxalifət qatarın onun üçün getdiyini anladı. Buna bu sənədin icrasının məsuliyyət daşıdığı üçtərəfli bəyanatın həyata keçirilməsinin tərəfdarı olan Rusiyanın mövqeyi də kömək edir.

İndi də Azərbaycanla Ermənistan arasında danışıqların gündəmində məqsədi ölkələr arasında münasibətləri normallaşdırmaq olan sülh sazişi olduğu bir vaxtda Ermənistan müxalifəti öz gündəmini irəli sürməyə çalışır, öz şərtlərini qoyur. Müxalifət bir neçə aydır ki, etiraz aksiyası keçirir. Amma Ermənistan hakimiyyəti parlamentdə müxalifətin gündəliyini müzakirə etmək cəhdlərinin qarşısını uğurla alır. Müxalifətin gündəliyi, müəyyən mənada, üçtərəfli bəyanatlara yenidən baxılmasıdır. Parlament çoxluğu tərəfindən belə bir təftişin pozulması ilə bağlı cümə günü baş verənlərin bir daha göstərdiyi kimi, Nikol Paşinyan vəziyyəti nəzarətdə saxlaya bilir. Bu vəziyyət bir daha göstərdi ki, baş nazir ölkənin qanuni lideridir. Müxalifət isə lazımi etiraz resursunu, onların aksiyalarına qoşulacaq lazımi sayda insanı toplaya bilmir. Paşinyanın mövqeyi kifayət qədər müdrikdir və o, seçdiyi strategiyanı ardıcıl olaraq saxlayır. Strategiya isə belədir ki, etiraz etmək istəyirlərsə, etiraz etsinlər.

Müxalifətin strategiyası gözləməkdir. O, başa düşür ki, xalq onu dəstəkləmir. Beləliklə, o, hakimiyyətin kobud səhvini, istifadə edilə biləcəkləri bir alətin görünüşünü gözləyərək keşik çəkir. Müxalifət üçün gözləmə rejimi belə bir siyasi saatdır. Ölkədə vəziyyət qeyri-müəyyən olaraq qalır. Paşinyan hələ də üstün gəlir.

- İndiki müxalifətin arxasında “Qarabağ klanı” dayanır. O, “Qarabağın statusu” məsələsindən təzyiq aləti kimi istifadə edir. Müxalifətin elan etdiyi yeni “Qarabağ hərəkatı”nın reanimasiyası realdırmı?

- Açığı, artıq “Qarabağ klanı”nın Ermənistanda hakimiyyətə qayıtmaq şansı yoxdur. Onun etdiyi şey heç bir şey haqqında çox danışmaqdan ibarətdir. Xalq artıq onu dəstəkləmir. Və dəstəkləməyəcək. Ona görə də müxalifətin “Qarabağ”dan alət kimi istifadə etməsi son nəticədə heç nəyə gətirib çıxarmayacaq. Baxmayaraq ki, təbii ki, bu, Paşinyanın əsəblərini pozacaq. Qarabağın qalan hissəsi istənilən halda Azərbaycana qayıdacaq. Onun hələ ki, Bakının nəzarətində olmayan yalnız kiçik bir hissəsi qalıb. Bu ərazilər artıq Ermənistanda 2-ci Qarabağ müharibəsindən əvvəl oynadıqları rolu oynamır. Regionda reallıq dəyişib. Rusiya problemi nəhayət həll etməkdə qərarlıdır. Vladimir Putin xatırladığımız kimi demişdi ki, beynəlxalq hüquqa görə Qarabağ Azərbaycandır.

- Ötən gün müxalifətin mitinqlərində məşhur faşist əlaltısı Qaregin Njdenin imicindən necə istifadə etdiyinə dair görüntülər yayılıb...

- Qaregin Njde obrazından istifadə mənə müxalifətin siyasi səhvi kimi görünür. Əvvəllər Ermənistanda revanşistlər, millətçilər tez-tez bu qalmaqallı fiquru təbliğ edirdilər. Ermənistandan kənarda da uğur qazandılar. Rusiyada belə qalmaqallı hallara tez-tez rast gəlirik. Amma bir sıra rusiyalı ekspertlər, digər şəxslər, o cümlədən mən faşistin şərəfləndirilməsinin qəti şəkildə yolverilməzliyi məsələsini qaldırdıqdan, Baş Prokurorluğa müraciətlər göndərdikdən sonra belə halların qarşısı alınıb. Ona görə də müxalifətin əhalinin revanşist təfəkkürlü hissəsinin hansısa psevdovətənpərvərlik hissləri ilə oynamağa çalışması təhlükəli meyillərin təzahürüdür və Ermənistanda kimin yenidən hakimiyyətə gəlmək istəməsi ilə bağlı çağırışdır ki, bunlar da millətçilər və revanşistlərdir. Ermənistanda müxalifətin təxribat törətmək, qalmaqal yaratmaq, Njde kimi millətçi vasitələrdən istifadə etmək cəhdləri yalnız onun niyyətlərini ortaya qoyur. Belə meyillərin, yaranmaqda olan sülhü sarsıdan bəyanatların Moskvada əsası böyük zəhmətlə qoyulan Azərbaycanla Ermənistan arasında sülhə doğru hərəkata qarşı olduğu aydındır.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb.