Sülhməramlıların sülhməramsızlıq fəaliyyəti – nə vaxt son qoyulacaq?! TƏRS BAXIŞ+ÖZƏL

6 İyun 2022 16:04 (UTC+04:00)

Tərtər istiqamətində fəallaşma müşahidə edilir, Azərbaycan toponimləri saxtalaşdırılaraq erməniləşdirilir!

44 günülk ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Qarabağ regionunun bir sıra ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları kontingenti (RSK) 1 il yarımlıq fəaliyyəti dövründə dəfələrlə Azərbaycan xalqının maraqlarına cavab verməyən addımlara yol veriblər. Lakin bütün bunlara rəğmən, Azərbaycan tərəfi RSK-nın məlum fəaliyyətinə dözümlülük nümayiş etdirib, habelə müəyyən tələb və təkliflərinin realizəsi istiqamətində öz uğurlu işini reallaşdırıb. Əslində etiraf edək ki, RSK bu və ya digər şəkillərdə və zaman-zaman üzərinə düşən missiyasını həyata keçirməsi yerinə açıq-aşkar separatçıların və qanunsuz silahlıların “nazları” ilə oynayır, gerçək məsuliyyətini unudur. Misal üçün, qanunsuz silahlıların səngər və istehkam qazmalarını müşahidə edir, silahlı şəxslərin Azərbaycan ərazisində əl-qollarını sallayaraq gəzmələrinə göz yumur və eyni zamanda, özünü “əsas söz sahibi” kimi göstərməyə çalışır. Təbii ki, belə olan halda bütün bunlar bilavasitə haqlı narazılıqlarla müşahidə olunur. Necə ki, biz son vaxtlar yenidən bəzi faktorları müşahidə etməkdəyik.

Mediada da qeyd olunduğu kimi, bu il martın 1-dən etibarən Tərtər rayonunun Azərbaycan ordusunun nəzarətində olan strateji Qapanlı kəndi yaxınlığındakı post, Ağdərə şəhəri, eləcə də Çiləbört kəndindəki 19-cu müşahidə postları arasında RSK-nın patrul xidməti fasilə verilmədən gündəlik olaraq həyata keçirilir.

Diqqət çəkən faktlardan biri də budur ki, Azərbaycan Respublikasının Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Tərtər, Xocalı, Xocavənd rayonlarının bir hissəsini, eləcə də Xankəndi şəhərini müvəqqəti nəzarətdə saxlayan RSK son günlər Tərtər rayonunun Azərbaycan ordusunun nəzarətində olan əraziləri istiqamətində fəallıq nümayiş etdirir. Belə ki, sözügedən faktı Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının Qarabağ regionunda fəaliyyət göstərən RSK-ya aid bölməsindəki məlumatı da təsdiqləyir.

İyunun 3-də isə qeyd edilən məntəqələr arasındakı marşrutla yanaşı, Tərtər rayonu ərazisindəki Göyarx, Suqovuşan kəndi yaxınlığındakı 951 metrlik yüksəklik, Lüləsaz (21-ci post) və Çardaqlı kəndləri arasında da patrul xidməti icra edilib (?!)

Onu da qeyd edək ki, son 1,5 ildən çox müddət ərzində Azərbaycan media və ictimaiyyətinin, həmçinin Müdafiə və Xarici İşlər Nazirliklərinin tələb və iradlarına rəğmən Rusiya MN-in saytında Azərbaycan Respublikası ərazisindəki bir sıra toponim və hidronimlər ermənilərin istədiyi kimi qeyd olunur. Bəhs edilən halda da Tərtər rayonunun Ağdərə şəhəri “Mardakert”, Çardaqlı kəndi “Maqavuz”, Lüləsaz kəndi “Akop Kamari”, Göyarx kəndi “Levonarx”, Çiləbört kəndi “Craberd” kimi qeyd olunub. Eləcə də digər ərazilərimiz, məsələn Xocalı “İvanyan”, Xankəndi “Stepanakert” və s. yerlər də erməni saxta toponimləri ilə vurğulanır.

Xatırladaq ki, Fərrux dağı da son vaxtlara qədər “Parux” kimi göstərilirdi.

Daha bir diqqət çəkən faktı da xatırlatmaq yerinə düşərdi. Belə ki, 2021-ci ilin sentyabrında Rusiya MN-nin rəsmi saytında “sülhməramlı”lara aid bölmədəki xəritələrdə bir həftə ərzində Tərtər rayonunun Azərbaycan ordusunun nəzarətindəki Qapanlı kəndi də guya Rusiya hərbi kontingentinin nəzarətində olan məntəqə kimi göstərilmiş, 2022-ci il yanvarın əvvəlində isə bir neçə gün ərzində Suqovuşan kəndi “Madagiz” adıyla sözügedən kontingentin dislokasiya xəritəsinə daxil edilmişdi.

Artıq bu kimi hədləri aşan fakorlar həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, RSK nəinki üzərinə düşən funksiyaları yerinə yetirmir, həmçinin bir az da irəliyə getməklə üçtərəfli bəyanatdakı bəndlərin yerinə yetirilməsində maraqsız olduğunu nümayiş etdirir. Təbii ki, belə olan halda Azərbaycan da öz suveren ərazilərində qətiyyətli tədbirlər görmək üçün fəaliyyətə keçmək məqsədini ortaya qoymaqdadır – misal üçün, mövqe müəyyənləşdirmələri aparmaqla və s. Ümid edək ki, RSK-nın separatçıların səmərələrinə xidmət etmələri haqqında da ciddi tədbirlər görüləcək və ən əsası, Rusiya Azərbaycanın müttəfiqi olduğunu unutmayaraq bu kimi qanunsuzluqların qarşısını almaq üçün real hərəkətə keçəcək. Azərbaycan xalqı və dövləti səbr və təmkinlə məhz bunu gözləyir, amma son vaxtına qədər. Vaxt isə saniyə-saniyə daralmaqdadır.

Rövşən RƏSULOV