Enerji siyasəti ölkəmizin regional mövqeyini daha da gücləndirir ŞƏRH

6 İyun 2022 11:12 (UTC+04:00)

Prezident İlham Əliyevin rəhbərliyi ilə son 19 il ərzində respublikamızda uzunmüddətli, düzgün stra­tegiya nəticəsində dinamik yüksəlişə nail olunub. Cənab İlham Əliyevin Azərbaycana rəhbərliyinin bü­tün mərhələlərində sosial-iqtisadi islahatların həyata keçirilməsinə mühüm önəm verilib, uğurların davam­lılığı üçün etibarlı zəmin yaradılıb. Təsadüfi deyildir ki, dünyada yaşanan ən ağır maliyyə böhranı və iqtisadi geriləmə şəraitində belə, dövlətimizin başçısının çevik, praqmatik siyasəti sayəsində ölkəmiz mənfi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün proqramlar tam gerçəkləşdirilib. Bütün bu nailiyyətlər isə iqtisadiy­yatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi ilə bağlı layihələrin icrası nəticəsində əldə edilmişdir.Iyunun 1- də Bakı şəhərində keçirilmiş 27-ci Xəzər Neft və Qaz Sərgisi ilk ildən etibarən Azərbaycanın dünya üçün açıq olduğunu bildirib. Həmçinin rəsmi Bakı Xəzər dənizini hər zaman əməkdaşlıq və sərmayələr məkanı kimi görmək arzusunu dünyaya bəyan edib.Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi də Azərbaycanın indiyədək gerçəkləşdirdiyi layihələrin davamı kimi xüsusi diqqət çəkir.

Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində bütün bunlar barədə ətraflı bəhs edib. Dövlət başçısı çıxışında Xəzərin neft və qaz yataqlarına yatırılan ilk xarici sərmayələrin ölkəmiz və tərəfdaşlarımız tərəfindən uğurla reallaşdırılmasını xatırlat­maqla yanaşı, Azərbaycanın neft hasilatını davamlı şəkildə artıraraq, xarici bazarlara çatdırmaq məqsədilə beynəlxalq investorlar­la, dünyanın aparıcı enerji şirkətləri ilə fəal əməkdaşlı qurduğunu diqqətə çatdırıb.Bu fikrin bariz ifadəsi kimi qeyd edim ki, Azərbaycanın Cənub Qaz Dəhlizinin icrası ilə məşğul olduğu zaman respublika­mız boru kəmərinin keçdiyi ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı dövlətlərin hökumətləri, o cümlədən Avropa Komissiyası ilə sıx şəkildə əməkdaşlıq həyata keçirib. Bununla əlaqədar Cənub Qaz Dəhlizi layihəsinin icrasına fəal qoşulan ölkələrin hökumətlərinə bu cür səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin müzakirələr üçün əlverişli imkanlar açacagına əminliyini vurğulayıb.Azərbaycan günümüzdə beynəlxalq arenada özünü etibarlı tərəfdaş və dost kimi təsdiq edə bilən ölkələr sırasındadır.Bu hal hər birimizi sevindirir ki,Azərbaycanın beynəlxalq nüfuzu hər ötən gün daha da artır. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində öz sözünü demiş bir ölkədir və bu mövqe mütəmadi olaraq güclənməkdədir. Ölkəmiz qlobal xarakterli taleyüklü məsələlərin həllində,regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılmasında aktiv iştirak edir.Buna ən böyük nümunə olaraq 2020-ci ilin sonundan etibarən Azərbaycanın Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə öz mavi qazını nəql etməsini deyə bilərik.Eyni zamanda 2020-ci ildən etibarən 7 milyard kubmetr mavi qaz Avropa bazarına çıxarılıb. 2022-ci ildə də ölkəmiz Avropaya 10 milyard kubmetrə yaxın mavi qaz nəql etmək niyyətindədir. Bütövlükdə, Cənub Qaz Dəhlizi vasitəsilə birinci mərhələdə Avropaya 10 milyard, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qazın nəql edilməsi nəzərdə tutulur.

Azərbaycan qonşuluğunda yerləşən bütün dövlətlərlə birgə əməkdaşlıqda maraqlıdır. İstər Rusiya, istərsə də Türkiyə ölkəmiz üçün çox mühüm əhəmiyyət daşıyan dövlətlərdir. Bunun üçün Azərbaycan hər iki ölkə ilə münasibətlərini ən yüksək səviyyədə saxlayır.Hər iki Qarabağ müharibəsində Azərbaycana maddi və mənəvi dəstək verən Türkiyə ilə münasibətlərimiz müttəfiqlik formatında davam etməkdədir. Müharibədən Zəfərlə çıxan ölkəmiz işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı abadlıq-qurucukuq işlərinə başlamışdır. Quruculuq işlərinin aparılmasında bizimlə bərabər Türkiyə şirkətləri də yaxından iştirak edirlər. Azərbaycan bölgədə sülh və sabitliyin qorunmasında fəallıq göstərir. Cənab Prezidentimiz İlham Əliyevin də dediyi kimi:"Bizim ikitərəfli əlaqələrimiz genişlənir, güclənir, tərəfdaş ölkələrin sayı artır. Azərbaycan beynəlxalq arenada öz mövqeyini müdafiə etmək iqtidarındadır. Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq olan bir ölkədir. Çünki sözümüz də, əməlimiz də birdir. Azərbaycan etibarlı tərəfdaşdır. Bizim xarici siyasətimiz daxili siyasətin məntiqi davamıdır".

Hicran Hüseynova

YAP Tərtər rayon təşkilatının Seydimli ərazi partiya təşkilatının sədri