17 saylı UMM-in Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə konserti keçirilib - FOTOLAR

3 İyun 2022 15:44 (UTC+04:00)

2022-ci ilin iyun ayının 2-də Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı şəhər Mədəniyyət İdarəsi və 17 saylı Uşaq Musiqi Məktəbinin 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş hesabat konserti keçirilib.

Hesabat konsertini giriş sözü ilə açan aparıcı tədbir iştirakçıların salamlayıb və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü çərçivəsində təşkil edilən konserti açıq elan edib. Konsertdə məktəbin şagirdləri proqram əsasında yüksək səviyyədə çıxış ediblər.

Qeyd edək ki, 17 saylı Uşaq Musiqi Məktəbin şagirdləri Filarmoniyada təşkil olunmuş xalq çalğı alətləri orkestrinin tərkibində çıxış ediblər. Konsertdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, mütəxəssis Bəturə Məmmədəliyeva, Xəzər rayon İcra Hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının rəhbərliyi, Müdafiə Nazirliyinin Orkestrinin bədii rəhbəri general Yusif Axundzadə, Bakı şəhər Uşaq musiqi məktəbi və incəsənət məktəblərinin direktorları iştirak ediblər.

Onu da qeyd edək ki, təntənəli tədbirdə məktəb direktoru Samirə İsayeva və dərs hissə müdiri İlahə Ağayevanın həyəcanını başa düşmək olardı. Çünki hər iki rəhbər məktəbin şagirdlərinin təlim-tərbiyəsi ilə məşğul olub və uşaqların musiqi savadlarının artırılması üçün əllərindən gələni əsirgəmirlər. Samirə İsayeva dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda atılan addımların səmərəliliyini təmin edilməsində özünəməxsus xidmətləri ilə seçilən insanlardandır. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş hesabat konserti də həmin işlərdən biri idi. Bu konsertdə ən çox vətənpərvərlik mövzusu üzrə musiqi nömrələri səsləndirilib.

Məktəbin xoru, xormeyster, məktəbin dərs hissə müdiri İlahə Ağayevanın təşkil etdiyi xor tamaşaçıların alqışı ilə qarşılanıb.

Konsertin sonunda söz 17 saylı Uşaq Musiqi Məktəbinin direktoru Samirə İsayevaya verilib. O çıxışında tədbirdə iştirak edən qonaqlara, konserti təşkil edən məktəbin kollektivinə öz dərin minnətdarlığını bildirib. Qeyd edib ki, bundan sonra da var gücümüzlə çalışıb xalqımızın bizə göstərdiyi etimadı doğruldacağıq.

Sonra məktəb şagirdləri məktəbin direktoru ilə xatirə şəkli çəkdiriblər.

Məmmədhəsən Məmmədov