Qazilərlə dövlətin maraqları kəsişməməlidir: dövlət və qanun hamımızındır! KÖŞƏDAR

3 İyun 2022 14:10 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində baş verən məlum insidentdən çıxarılan nəticələr müxtəlif cür izah oluna bilər. Lakin fakt budur ki, Azərbaycan dövlətinin və rəhbərliyinin qazilərə, şəhid ailələrinə göstərdiyi davamlı diqqət və qayğısına rəğmən, istər yerlərdə fəaliyyət göstərən müvafiq strukturlarda, istərsə də qazilərimizlə həmin strukturlar arasında yaşanan arzuolunmaz olaylar kontekstində çıxarılan ilkin nəticə budur: hər iki tərəfdə müəyyən boşluqlar mövcuddur - birində operativsizlik, digərində isə təmkinsizlik. Və bu boşluqları doldurmaq isə, əslində, çətin iş də deyil.

Başlayaq strukturlardan. Məlumdur ki, bilavasitə Azərbaycanın dövlət rəhbərliyinin irəli sürdüyü təşəbbüsləri və verilən sərəncamlar əsasında qazilərimizin əlillik dərəcələrinin müəyyən edilməsi, habelə onların sosial-məişət həyatlarının yüksək səviyyədə təmin olunması istiqamətində işlər bu gün də davam etdirilməkdədir. Bununla yanaşı, təsis edilən fondlar və s. təşkilatlar qazilərimizin daha keyfiyyətli müalicə kursları keçmələri, ictimai həyata sağlam şəkildə geri dönmələri, reabilitasiyaları üçün istər qardaş Türkiyənin, istərsə də digər ölkələrin ən aparıcı klinikaları ilə birgə fəaliyyət göstərir, həmin istiqamətdə tələb edilən işlərin realizəsini həyata keçirirlər. Etiraf edək ki, bu kimi proses heç də asan deyil və ilk növbədə vaxt, zaman tələb edir. Üstəlik, Qarabağ müharibəsi əlillərinin qeydiyyata alınaraq onlara təqaüdlərin verilməsi istiqamətində də müəyyən bir sıra işlər reallaşdırılır və belə olan vəziyytdə daha bir etiraf olunası hal budur ki, sözügedən prosesdə gecikmələr yaşanır. Amma...

Amma bizlərin hər birimizin başlarının tacı olan qazilərimiz, dəyərli oğullarımız da müxtəlif (siyasi) təsirlər altına düşməklə yaranmış hər hansı problemi “həlledilməz” dərəcəsinə çatdırır, bununla da vəziyyətin gərginliyi yaşanır. Halbuki, problemlər həll edilir və bunu elə çoxsaylı qazilərimiz də etiraf edirlər. Fəqət, bir dövlət strukturunun (öz işinin öhdəsindən gələ, ya da gələ bilmirsə belə) qapılarını, şüşələrini qırmaqla nəyə isə nail olacağını düşünmək ilk növbədə QAZİ adına yaraşmayan bir məsələdir. Çünki qazilərimiz həm də ölkəmizin vətənpərvər övladları olmaqla yanaşı, başqalarına, xüsusən də yeniyetmələrimizə dövlətçilimizin müdafiəçiləri nümunəsidirlər. Onlar, ilk növbədə, dövlətimizin ərazi bütövlüyünü işğaldan azad etmək üçün gözlərini qırpmadan düşmənin üzərinə gedərək onun başını əziblər. Bəli, onlar müharibənin dəhşətli odu-alovu içindən çıxıblar və hər halda onları anlamaq çətin deyil. Lakin baş verən hadisə kontekstində yaşananlar hər birimizə daha bir təəssüf hissi yaşatdı. Söz yox ki, bunun da səbəbləri var.

İlk növbədə, düşmən ölkə Azərbaycanda gedən prosesləri söz yox ki, dərindən izləyir və məğlub ölkə olması ilə yanaşı, əlinə düşən hər imkandan dövlətimizə qarşı istifadə etməyə cəhdlər göstərir. Sosial şəbəkələrdə yayılmış görüntülər isə artıq düşmən KİV-lərində, sosial media səhifələrində boy-boy manşetlərdə yer almağa başlayıb. Gəlin bu fərqin təhlilini aparaq – düşmənlər yazırlar ki, “Azərbaycan dövləti müharibə veteranlarına heç bir qayğı, diqqət göstərmir, onların problemlərini həll etmir və s.” Yaxud, bu məsələni gətirib-çıxarır “insan hüquqları problemi” səviyyəsinə (?!).

Ermənilərlə yanaşı, bu günün özündə də erməni dəyirmanına su tökən sözdə müxalifət, əməldə isə daxili xəyanətkarlar – radikal müxalifət adlandırılan cinahın “liderləri” əsla ermənilərdən fərqlənməyərək eyni məsələləri özlərinə aid informasiya resurslarından tirajlayırlar. Bax, fərq budur! Əgər qazilərimiz dövlət strukturunun qapı və şüşələrini qıraraq öz tələblərini irəli sürürlərsə (halbuki, onların hazırkı vaxta qədər bir sıra problemləri öz həllini tapmışdır, yerə qalanları isə həll edilmək üzrədir) düşmən mediası ilə daxili xəyanətkarlar eyni nöqtəyə vurmaqla bunu Azərbaycan dövlətinin əleyhinə istifadə edirlər. Bax, başımızın tacı olan qazi övladlarımız bu reallığı anlamalı və səbr, təmkin nümayiş etdirməlidirlər. Amma təəssüf ki, bəzi dairələrin təsirləri altında düşərək hansı əmələ rəvac verdiklərinin fərqinə vara bilmirlər. Nə deyək, gec də olsa bu həqiqəti də qəbul edəcəklərinə özümüz qədər inanırıq! Və bu gün belə bir sual da verə bilərik ki, sizlər, 44 gün mənfur düşmənə qan udduranlar, Vətənimizin bütövlüyü uğrunda dünyanı heyrətə gətirən şücaətlər göstərən qazilərimiz, bu gün həmin düşmənin sizdən sui-istifadə edərək öz xeyrinə iş aparmasına razı olardınıznı? Yəqin ki, bu sualın cavabı birdir və qətidir – ƏSLA!

Sonda isə daha bir məqama toxunmaq istərdim. Sözügedən insident zamanı Daxili İşlər Nazirliyinin polis nəfərlərinin qazilərimizə sarılaraq onların qayğılarına qalmaları həqiqətən də qürurverici bir mənzərə idi. Məhz bu mənzərədən sonra düşmənlərimiz bir daha şahidi oldular ki, Azərbaycan xalqı birdir, vahiddir və anında birləşib istənilən yağı qüvvəyə öz ölüm zərbəsini endirməyə hazırdır!

Qaldı ki hər hansı problemin gec həll olunmasına, ümid edək ki, bu kimi arzuolunmaz halların yaranmasına səbəbkar olanlar da yalnız qanunun tələbləri əsasında cavab verməli olacaqlar. Amma fakt budur ki, bütün hallarda qazilərlə dövlətin maraqları kəsişməməlidir. Çünki bu dövlət də, dövlətimizin qanunları da, Vətənimizə olan sonsuz sevgimiz də hamımızındır!