Bu gün Azərbaycanda Bakı Enerji Həftəsi başlayıb. Bu il o, eyni vaxtda 3 böyük tədbiri- “Xəzərin neft və qazı”, “Enerji və bərpa olunan enerji” beynəlxalq sərgilərini və Bakı Enerji Forumunu birləşdirdi. Enerji həftəsində dünyanın 31 ölkəsindən 250 şirkət iştirak edir. Əsas iştirakçılardan biri sərgilərdə “Made in Russia” milli pavilyonu ilə təmsil olunan Rusiyadır. Moskva-Baku portalının hazırladığı reportajı oxucularımıza təqdim edirik.
Bakı Enerji Həftəsi Xəzər regionunun neft-qaz və enerji sektorlarında ən mötəbər tədbirdir. Onun iştirakçıları arasında Şlumberger, Bos Şelf, Equinor, Qazprombank və başqaları kimi iri şirkətlər var. Həftənin əsas hadisələrindən biri Xəzər regionunda əsas neft və qaz layihələrini müzakirə etmək və enerji təhlükəsizliyini təmin etmək üçün hər il yüksək səviyyəli rəhbərləri bir araya toplayan beynəlxalq platforma olan “Caspian Oil and Gas” sərgisidir. Şirkətlər neft hasilatı və enerjinin nəqli, neft və qaz sistemlərinin saxlanması və xidmətləri sahəsində innovativ texnologiyalar, eləcə də regionda cari və perspektiv neft-qaz layihələri və bir sıra digər nailiyyətləri nümayiş etdirəcəklər.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun sözlərinə görə, sərgidə xeyli sayda Rusiya müəssisələri iştirak edir: “Perm vilayəti çox təsiredici ekspozisiya təqdim etdi. Enerji ehtiyatlarının və karbohidrogenlərin hasilatı və yönləndirilməsi ilə bağlı məsələlərə yeni texnoloji həllər təklif edən bu ekspozisiya ilə tanış olmaqdan məmnun oldum. Bu, bu sahədə elmi inkişafa ciddi töhfədir. Belə şeylər Azərbaycanın neft-qaz sənayesi üçün maraqlıdır. Bundan əlavə, burada başqa şirkətlərimiz də təmsil olunur. Biz Azərbaycanla neft-qaz sənayesində geniş əməkdaşlıq edirik”.
Sərgidə Rusiya İxrac Mərkəzinin rəhbərinin başçılıq etdiyi böyük biznes nümayəndə heyəti də iştirak edir.
Perm Vilayətinin ekspozisiyasında qubernator Dmitri Manoxin sərginin qonaqları ilə də söhbət edir. “Biz ənənəvi olaraq bu forumun iştirakçılarıyıq, çünki Perm vilayətinin göstərməli olduğu şeylər var"- deyir. “Müəssisələrimiz arasında əməkdaşlıq fəal templə gedir. 2021-ci ilin dekabrında biz işgüzar missiya ilə Bakıda olduq və kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Artıq 2022-ci ilin fevralında Azərbaycan hökumətinin nümayəndələri və sahibkarlar Permdə olublar. Bu gün bizim stendimizdə Perm ərazisindən 20 şirkət təmsil olunur. Bunlar robot texnikasına qədər müxtəlif sektorlardır. Məsləhətçi robotlardan qaz ötürmə sistemini diaqnostika edən robotlara qədər. Müəssisələrimiz İT sektorunda fərdi mühafizə vasitələri üçün yüksək texnologiyalı məhsullar istehsal edir. Biz neft və qaz hasilatı sahəsində Rusiya Federasiyasında lider olan şirkətləri təmsil edirik. Ona görə də bu, Azərbaycan üçün daha çox aktualdır. Onu da vurğulamaq istəyirəm ki, burada təmsil olunan şirkətlər Rusiya iqtisadiyyatında idxalı əvəz etmək baxımından rəqabətədavamlıdır və qiymət və keyfiyyət baxımından xarici istehsalçıların analoqlarından daha yaxşı məhsullar təklif edəcəklər”.

Anton Kondratyev Rusiyanın iri müəssisəsinin- Uralmaş Holdinqin ixrac direktorudur. Onun vəzifələrinə şirkətin məhsulları üçün yeni bazarlar tapmaq daxildir. “Biz qazma qurğularının istehsalı ilə məşğuluq və Sovet dövründə məşhur “Uralmaş”ın təhkimçiləriyik. Beləliklə, tezliklə 15000 nömrəli qazma qurğumuz olacaq. Biz Azərbaycanla SSRİ vaxtından işləyirik. Son çatdırılma 2011-ci ildə edildi, bundan sonra biz daxili bazara diqqət yetirmək qərarına gəldik. Amma indi biz yenidən Azərbaycana qayıtmaq istərdik”, - Kondratyev deyir.
Bakı Ekspo Mərkəzində keçirilən sərgidə Rusiyanın metallurgiya şirkətləri arasında lider mövqe tutan, dünyanın ən böyük polad istehsalçılarından biri olan Maqnitoqorsk Metallurgiya Zavodu da iştirak edir. Şirkətin Rusiyadakı aktivləri dəmir filizinin hazırlanmasından hazır məhsulların istehsalına qədər tam istehsal dövrü olan böyük polad əritmə kompleksini təmsil edir. Zavodun nümayəndəsi Yekaterina Danilenko deyir: “Bu il biz müəssisəmizin 90 illik yubileyini qeyd edirik. Biz Azərbaycanla uzun müddətdir və sabit işləyirik. Biz bu qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək və bu ölkədə yeni satış bazarları yaratmaq istərdik”.

Aleksandr Batuyev Rusiyanın V-1336 Enterprise şirkətini təmsil edir. “Şirkət 30 ildən artıqdır ki, qazma parametrlərinə, quyuların təmirinə və digər əməliyyatlara nəzarət sistemini təmin edən proqram və aparat avadanlığı istehsal edir. Bizim əsas müştərilərimiz neft sənayesində xidmət işi ilə məşğul olan iri Rusiya şirkətləridir. Azərbaycanda bizim avadanlığımızdan istifadə edən bir neçə tərəfdaşımız var. Onlar əsasən SOCAR dövlət şirkətində çalışırlar. Biz Azərbaycanla gələcək qarşılıqlı faydalı əməkdaşlıq etmək üçün Bakıya qayıtdıq”- o bildirdi.
Bakı sərgisinə yeni gələn Kuybışevtelekom MMC-dir. Şirkətin nümayəndəsi Aleksey Tolkaçevin sözlərinə görə, şirkət qaz, buxar və mayenin ölçülməsi üçün sənaye sayğaclarının istehsalı ilə məşğul olur, yoxlama və kalibrləmə üçün metroloji xidmətlər göstərir. “Şirkətimiz Rusiyada 2006-cı ildən fəaliyyət göstərir. Keçən ildən biz xarici bazarlara çıxmışıq. Azərbaycanda ilk dəfədir ki, sərgidə iştirak edirik, burada yeni tərəfdaşlar tapmağa, çatdırılma coğrafiyamızı genişləndirməyə çalışırıq. Azərbaycan bizim üçün yaxşı seçimdir, inkişaf etmiş neft-qaz ölkəsidir və ümid edirik ki, bu ölkə bizim yeni texnologiyalarımızla maraqlanacaq”,- Tolkaçev hesab edir.
Bakı Enerji Həftəsi iyunun 3-dək davam edəcək və neft-qaz sektorunda mühüm sazişlərin imzalanması ilə yekunlaşacağı gözlənilir.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.