Aleksandr Şatilov: “Avropalıların İrəvana təsir imkanları kifayət qədərdir”
Ermənistanda daxili siyasi vəziyyətin bu və ya digər şəkillərdə dəyişməsi bu ölkənin müttəfiqi olan Rusiyada da maraqla izlənilir. Xüsusilə, Qarabağ üzrə danışıqlar mövzusunda Moskvanın Brüsselə qısqanclığı da hiss olunmaqdadır. Rusiya politoloqlarının bu məcradakı fikirləri də bir sıra hallarda maraq doğurur. Məhz belə bir məqamda Ermənistandakı iqtidarın Qərbə bağlılığı və eyni zamanda, Rusiya ilə müttəfiqliyi reallığının bir araya sığışmadığı açıq-aydın görünür və bunu rusiyalı politoloqlar da öz münasibətlərində qeyd edirlər.
“Paşinyan hazırda odla su arasında qalıb”. SİA xəbər verir ki, bunu rusdilli caliber saytına Rusiya politoloqu, Rusiya Federasiyası hökuməti yanında Maliyyə universitetinin sosiologiya və politoloqiya fakültəsinin dekanı Aleksandr Şatilov deyib. Onun sözlərinə görə, Ermənistanın baş naziri bir tərəfdən Azərbaycanın və Avropa İttifaqı Şurasının xətti ilə, digər tərəfdən isə müxalifət və ictimai rəy tərəfindən sıxışdırılmaqdadır.
“Paşinyan komandası Qarabağ məsələsi ətrafında aparılan müzakirə prosesini ya maksimal şəkildə uzatmağa çalışır, ya da güzəştlərə getməyə məcbur olacaq”
Belə ki, Qarabağın itirilməsi kütləvi iğtişaşlara, qanunsuzluqlara səbəb olmaqdadır. “Ona görə də hesab edirəm ki, Paşinyan komandası Qarabağ məsələsi ətrafında aparılan müzakirə prosesini ya maksimal şəkildə uzatmağa çalışır, ya da güzəştlərə getməyə məcbur olacaq”, deyə rusiyalı siyasətçi bildirib.
“Erməni müxalifətinin etirazları hakimiyyətin mövqelərinə təsir göstərir və bu da rejimin dəyişilməsi yönündə hipotetik təhlükə yaradır”
Şatilov onu da qeyd edib ki, Avropa vasitəçiliyi Paşinyanın siyasətinə ciddi təsirlərini göstərir. “Nəzərə alsaq ki, Paşinyan və onun arxasında dayanan elit klanlar bir vaxtlar Qərblə münasibətləri prioritetləri istiqamət hesab edirdilərsə, indi düşünürəm ki, avropalıların İrəvana təsir rıçaqları kifayət qədər artıb”, deyən rusiyalı politoloq ehtimal edir ki, erməni tərəfi Qarabağ məsələsində diferensiasiyaya (dondurmağa-R.R.) cəhd edir və bu məsələni sonraya saxlamağa çalışır: “Azərbaycan tərəfi isə öz növbəsində uğurlu konyunkturadan istifadə etməklə formatı kompleks şəklində lobbiləşdirəcək və bu vasitə ilə iki dovşanı vurmağa çalışacaq”.
Politoloqun sözlərinə görə, erməni müxalifətinin Paşinyana qarşı etiraz aksiyaları danışıqlar prosesinə təsirlərini göstərir: “Erməni müxalifətinin etirazları hakimiyyətin mövqelərinə təsir göstərir və bu da rejimin dəyişilməsi yönündə hipotetik təhlükə yaradır. Paşinyan Qərbə sərf edir, Rusiyanın başı başqa istiqamətdə qarışıb və hazırkı məqam Ermənistana yalnız “növbətçi ruhi dəstək” göstərir”.
“Rusiya üçün Türkiyə ilə razılaşmaq daha asandır nəinki avropalı bürokratlarla”
Şatilov Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatına da münasibət bildirib. Belə ki, Zaxarova bir müddət əvvəl bəyan etmişdi ki, Moskva yüksək səviyyəli üçtərəfli razılaşmaların realizəsi istiqamətində Aİ-nin inadkar cəhdlərini müşahidə edir, eləcə də ümid bəsləyir ki, Brüssel geosiyasi oyunlar oynamayacaq və onların realizəsinə köməkliyini göstərəcək.
Politoloq həmçinin qeyd edib ki, bu, Rusiyanın danışıqlar prosesinə fəal müdaxilə etmək istəyindən daha çox, Ukrayna yolunda Moskvaya qarşı çıxan Aİ-yə qarşı növbəti hücumdur: “Baxmayaraq ki, Rusiya rəhbərliyi danışıqlar prosesinin Türkiyənin daha çox iştirakı ilə baş tutacağını gözləyirdi, çünki onun üçün ideoloji cəhətdən Türkiyə ilə razılaşmaq daha asandır nəinki avropalı bürokratlarla”.
Şatilov sonda deyib ki, hazırkı məqamda İrəvanda hakimiyyət dəyişikliyi üçün tələbat yoxdur: “Hətta müxalifət Paşinyanı devirməyə müvəffəq olsa belə mövcud zamanda geosiyasi vəziyyət onsuz da Ermənistan üçün qənaətbəxş deyil”.
Rövşən RƏSULOV