“İşə qəbul üçün əslində indiki əmək bazarının tələblərində bəzən heç bakalavr diplomuna da ehtiyac olmur. Bu da təbii ki, adətən özəl sektorla bağlı olur. Çox uğurlu insanlar var ki, onlar öz özəl işlərini qururlar. Bu halda da təbii ki, bakalavr diplomuna da ehtiyac duyulmur”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert İlqar Orucov bildirib.
Onun sözlərinə görə, bu situasiya təkcə bizim ölkəmiz üçün xarakterik deyil: “Dünyanın fərqli-fərqli ölkələrində də hazırda vəziyyət belədir. Əsas məsələ işi bilməkdir.
Təbiidir ki, insan bir sahənin mütəxəssisi olar və heç biri ali təhsili olmadığı halda belə ona çox yaxşı yerlərdən iş təklifləri gələr. Bu cür insanlar da dünyada kifayət qədərdir. Hazırda bir çox hallarda magistr diplomlu şəxslər də var ki, onlar əmək bazarında iş tapa bilmirlər. Buna görə də hazırda tələblər xeyli fərqlidir. Lakin başa düşmək lazımdır ki, təhsil yalnız iş tapmaq üçün lazım deyil. Təhsil insanı sosiallaşdırır, onun mədəni səviyyəsini yüksəldir. Buna görə də əlavə olaraq magistr təhsilinin də olması yaxşıdır. Lakin əmək bazarında qeyd etdiyim kimi bir çox hallarda buna fikir verən olmur. Buna görə də düşünürəm ki, hazırda diplomla yanaşı bilik, bacarıq və peşəkarlığa daha çox üstünlük verilir”.