Efir soyğunçuluğu: yığılan milyonlar kimlərin cibinə “axır”?

2 İyun 2022 12:52 (UTC+04:00)

Azərbaycan televiziya efirləri heç zaman olmadığı qədər təhlükəli bir fəlakətin içində çapalayırlar. Vaxtı ilə cəmiyyəti, xüsusilə, yeniyetmə və gəncləri maarifləndirən, həyatda onları doğru yola istiqamətləndirən, öz tamaşaçılarına mədəniyyət və mənəviyyat dolu proqramlar bəxş edən efir siyasəti, indi işbazların iyrənc pul toplama maxinasiyasına, müğənni və artistlərin bütöv bir xalqı ələ salması, açıq-aşkar yüz ad altında, min cildə girib insanları soymaq alətinə çevrilib. İnsanların həssas mənəvi dəyərlərini alət edib milyonlar, yüz minlər qamarlayan bu “sosial layihələr”, artıq ən azı mənəvi cinayət sayılacaq işlərini gizlətmədən, tam açıq şəkildə aparırlar. İnsanlardan yığılan milyonların, yüz minlərin sonrakı taleyi isə qırmızıpapaq nağılının sonluğu kimi mücərrəddir. Nədən şəffaflıq əvəzinə qaranlıq qalır hər şey? Yığılan pulların sonluğu necə oldu? - sadəcə, MÜƏMMADIR, VƏSSALAM!

Sağlamlıq problemləri olan insanları efirlərə çıxarıb, onlardan sipər kimi istifadə etmək, onların adına milyonlar yığmaq, sonra da o milyonların taleyini qaranlıq tunellərə soxmaq,- mənzərə və sonluq budur. Adamdan soruşarlar ki, həmin xəstə insan üçün yığılan pullar sonrakı mərhələdə nəyə xərcləndi, müalicəsi necə aparıldı, nədən milyonluq əməliyyatlar barədə şəffaf görüntülər ortada yoxdur? Həqiqətənmi o insanlar yığılan pullarla müalicə olundular, hansı xəstəxanalarda əməliyyat keçirdilər, hansı qiymətə? - məlum deyil. Nədən həmin insanların xəstəlikləri və müalicə qiymətləri barədə təcrübəli həkim personalından ibarət geniş tibbi müzakirələr təşkil edilmədi? Məlum olan budur ki, milyonlar yığılandan sonra əl-ayaq çəkildi, getdilər pulları “sığallamağa”, vəssalam.

Yenə də deyirəm: imkansız, sağlamlığı ölüm-qalım arasında olan uşaq və gənclərin müalicəsi üçün dəstək toplamaq gözəl missiyadır, burası belədir. Amma bunun bir neçə telekanal xaric bütün telekanalların efirlərində mövsümi bazarlıq halına çevrilməsi, üstəgəl qeyri-şəffaf olması, bir çoxlarının sanki tapşırılmış kimi burada məcburi iştirakı və özlərini reklam etmələri böyük şübhələrə əsas yaradır.

Ən dəhşətlisi bilirsiniz nədir? - artıq bu soyğunçuluq işi daha həyasız şəkildə davam etdirilir. Qeyri-ciddi imic sahibi olan, rəzil fikirləri ilə insanlarda ikrah hissi yaradan hansısa müğənni efirə çıxıb əlindən alınan obyektinin geri qaytarılması üçün kampaniyaya başlayır. Kimin qulpundan nə çıxırsa göndərin gəlsin efirə. Və ən dəhşətlisi olan budur ki, bu qeyri-ciddi müğənnicikdən istifadə olunduğu, əsas məqsədin də 100 minə yaxın pulun “toplanması” açıq-aşkar hər kəsə məlum olur. Bunlara kim “yaşıl işıq” yandırıb ki, belə biyabırçı şəkildə efirləri soyğunçuluq tribunasına çevirsinlər? Bu, sözün əsl mənasında, heç bir qəbilə cəmiyyətində belə rast gəlinməyən, soyğunçuluğun hətta diletant səviyyəli rəzalətidir, başqa heç nə...

Onsuz da səviyyəsi və dünyagörüşü “yerlərdə sürünən”, elementar mədəniyyət qaydalarına sahib olmayan, gözəllik salonlarından, serial çəkilişlərindən efirlərə yol tapan bəzi “aparıcılar” öz biyabırçı hərəkətləri ilə efirləri baxılmaz hala salıblar.

Təəssüf, min təəssüf ki, əksər efirlər bu tipli “aparıcılarla” dolub-daşır və hər kəsin gözü önündə bu xalqın min illik dəyərləri milyonlarla AZƏRBAYCANLININ YADDAŞINDAN SİLİNİR! Bunun üstünə bir də efirləri soyğunçuluq yuvasına çevirmək birbaşa bu xalqın mənəviyyatını və dəyərlərini məhv etməkdir. Məhv olan mənəviyyatımızın SƏSİ isə, bir neçə ildən sonra daha bərk çıxacaq...

Mətləb Salahov