Tüstülənən ölüm - ŞOK FAKTLAR

31 May 2022 17:00 (UTC+04:00)

31 may- Beynəlxalq Tütünsüz Gündür

Bu gün dünyada 1,5 milyarddan çox insan siqaret çəkir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, tütün məmulatlarından istifadə hər il azı 5 milyon insanın həyatına son qoyur. 2030-ci ildə isə, bu rəqəmin 2 dəfə artacağı gözlənilir.

Dəhşət statistikası

Dünyada ən çox siqaret istehsal edən ölkə, kişilərin 60%-inin, qadınların isə 8%-inin siqaret çəkdiyi Çindir. Bu ölkədə təxminən 350 milyon siqaret çəkən yaşayır. Bununla əlaqədar olaraq hər il Çində 750 000 insan siqaretin səbəb olduğu xəstəliklərdən həyatını itirir. Birləşmiş Ştatlarda 50 milyona yaxın adam siqaret çəkir.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, narkotik və siqaretdən istifadədən ölüm hadisələrinin sayı 3-cü yerdə qərarlaşır. Təəssüfedici haldır ki, bu gün dünya üzrə siqaret çəkənlərin 20 faizini qadınlar təşkil edir. Bu qadınlarda isə ən çoх uşaqlıq yolu хərçənginin baş qaldırması müşahidə olunur.

Statistik məlumatlar Azərbaycan əhalisinin siqaret çəkməkdə heç də digər ölkələrdən geri qalmadığını göstərir. Təqdiqatlara görə, ölkədə hər 7-8 nəfərdən biri siqaret çəkən hesab olunur. Beləliklə də, ümumilikdə 1,5 milyon nəfərə yaxın vətəndaşımızın canına ziyan vurduğu ortaya çıxır.

Azərbaycanda siqaretin yaratdığı xəstəliklərdən ölənlərin sayı haqda dəqiq məlumatlar olmasa da, güman etmək olar ki, minlərlə vətəndaşımız məhz bu zərərli vərdişdən dünyasını dəyişir. Bu sıraya daхil olanların əksəriyyətini isə gənclər təşkil edir. Qadınların çəkisi hələlik 1 faiz civarında olsa da, son vaxtlar bizdə də siqaret çəkən qadınların sayı artır.

Mehriban düşmən

Ümumdünya Səhiyyə Təşkilatı dünyada ən böyük sağlamlıq probleminin siqaret olduğunu elan edib. Tədqiqatların nəticəsi göstərib ki, siqaretin yaratdığı problemlər, əsasən nikotinlə yox, onun tərkibindəki yanmayan maddələrlə bağlıdır. Bu maddələr tütün tüstüsü ilə orqanizmə daxil olur və müxtəlif xəstəliklər yaradır.

Tütün tüstüsünün bir qullabında 4000 kimyəvi maddə var. Onların bir hissəsi zəhərli olur, digər hissəsi isə orqanizmdə toxuma səviyyəsində dəyişikliklər edir. Ən dağıdıcı təsiri isə qətran göstərir. Qətranın 70 faizi ağciyərlərə toplaşır. Bundan başqa, tütün tüstüsünün qətranı dişlərin və dərinin rəngini də dəyişir.

Karbon monooksid (CO) isə siqaretin yanması prosesində daim yaranan qazdır. CO qanda oksigen dövranını pozur və hemoqlobinlə oksigendən daha tez reaksiyaya girir. Siqaret çəkənlərdə tez-tez rast gəlinən təngnəfəslik də CO-nun zərərli təsirindəndir. Amma siqaretə aludəçiliyi məhz nikotin yaradır.

Siqaret tüstüsü insan orqanizmində yod çatışmazlığının güclənməsinə təkan verir. Tütünün tərkibindəki dağıdıcı maddə qalxanvarı vəzin yodla qidalanmasının qarşısını alır. Yod çatışmazlığı orqanizmdə mənfi kimyəvi maddələr dəyişikliyini sürətləndirir, qalxanvarı vəzin hüceyrə toxumalarında fəal şişlərin əmələ gəlməsinə təkan verir, tənəffüs, ağız-burun nahiyələrində və udlaq sistemində ciddi pozuntulara səbəb olur.

Xərçəngə ən qısa yol

Tütün ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı hesab edilir. Siqaret çəkmək habelə, ürək xəstəlikləri, iflic və xərçəng xəstəliklərinin digər formalarının yaranmasına gətirib çıxarır. Tütün tüstüsündəki 43 komponent xərçəngin yaranmasına gətirib çıxarır.

Son elmi tədqiqatlara görə, ağ ciyərdə xərçəng xəstəliyinin yaranmasına azı 80 faiz siqaret çəkmək səbəb olur. Ağız boşluğu, qida borusu, böyrək, dalaq və mədəaltı vəzidə xərçəng xəstəliyi çox hallarda siqaret çəkmək nəticəsində əmələ gəlir.

İnsanlar siqaretin tərkibində olan nikotinə getdikcə daha çox alışırlar. Nikotin alkoqol və kokain qədər güclü təsirə malikdir və asılılıq yaradan maddədir. Siqaret çəkənlərdə xərçəng xəstəliyinə yoluxma labüdlüyü, onun ölümə doğru riski və inkişaf sürəti çəkməyənlərə nisbətən 60 faizdən artıqdır.

Siqaret hansı xəstəliklər törədir?

Elmi araşdırmalara görə, 5 siqaretdə insanı öldürəcək həcmdə nikotin var. Hər siqareti çəkərkən insanın orqanizminə 1-2 milliqram nikotin gedir. Lakin tütünün tərkibində ən qorxulu maddə nikotin deyil. Onun tərkibində qətran, ammonyak, arsenik, aseton kimi dəhşətli maddələr var.

Siqaretin səbəb olduğu xəstəliklərin tam olmayan siyahısı adamı dəhşətə gətirir:

1. Ürək xəstəlikləri - Siqaret çəkənlərin ürək xəstəliyinə tutulma riski çəkməyənlərə nisbətdə 4 qat daha çoxdur.

2. Qırtlaq xərçəngi - Gündə 25 ədəd siqaret çəkmək qırtlaq xərçənginə tutulma riskini 30 dəfə artırır.

3. Boğaz xərçəngi - Bu xəstəliyi 80% hallarda siqaret səbəb olur.

4. Mədə xərçəngi - Siqaret çəkənlərin mədə və ya bağırsaq xərçənginə tutulma riski çəkməyənlərdən 2 qat daha çoxdur.

5. Qaraciyər xərçəngi - Bu xəstəliyin 80%-i siqaretin təsirindən olur.

6. Menapoz - Siqaret çəkən qadınlarda vaxtından 5-10 il əvvəl menapoz baş verir. Bu da sümüklərin daha tez incəlməsinə və əriməsinə səbəb olur.

7. Anormal doğum - Gündə yalnız 5 ədəd siqaret çəkən hamilə bir qadının olduqca kiçik və sağlam olmayan bir körpə doğma riski son dərəcə yüksəkdir.

8. Şəkər xəstəliyi - Siqaret çəkmək bədənin insulin ifraz etmə qabiliyyətini azaldır. Bu da şəkər xəstəliyinə yol açır.

9. Qanqren - Ağciyərlər zəiflədiyi üçün, bədənə çox az oksigen yayılır. İnsan bədəni bu çox az miqdardakı oksigenlə daha vacib daxili orqanları təmin etmək məcburiyyətində qalır. Buna görə ürəyə ən uzaq orqanlar olan barmaq uclarından etibarən hüceyrələr sürətlə zəncirvari olaraq ölür.

10. Qida borusu xərçəngi - Bu xərçəngə tutulmağın səbəbi məhz siqaret çəkməkdir.

Siqaretin təkcə fiziki deyil, psixoloji problemlər yaratdığı da aşkar olunub. Elmi tədqiqatlara görə, siqaretdən istifadə edən şəxsin beyni informasiya qəbul etmə qabiliyyətini sürətlə itirir, reaksiya qabiliyyəti xeyli zəifləyir.

Siqaretlə mübarizədə təbliğatın rolu

Siqareti tərgidənlərin sayını artırmaq üçün tütünün ziyanı barədə əhali arasında geniş təbliğat işi aparılmalıdır. Təcrübə göstərir ki, yalnız geniş təbliğat aparmaqla siqaretə alışanları ondan uzaqlaşdırmaq mümkündür.

Artıq bir çox dövlətlərdə,o cümlədən Azərbaycanda siqareti qapalı məkanlarda çəkmək qadağan edilib, bu kimi hal baş versə, həmin şəхsi cərimə gözləyir. Lakin Azərbaycanda bu qadağalar ciddi effekt verməyib, yenə də insanlar siqaretdən yeri gəldi-gəlmədi, dəb хətrinə istifadə edir. Səbəb isə bu sahədə maarifləndirmə işinin zəif olmasıdır. Əgər gənc nəslə bu zərərli vərdişin gələcəkdə törədə biləcəyi fəsadlar haqqında məlumat verilsə, təhsil ocaqlarında, məktəblərdə siqaretin zərərilə bağlı kampanyalar keçirilsə, azyaşlılar və gənclərlə əks tərbiyəvi iş aparılsa, siqaretdən çəkinməyə nail olmaq olar.

Mütəxəssislərin fikrincə, siqareti birdən-birə tərgitmək orqanizmdə digər хəstəliklərin baş qaldırmasına səbəb ola bilər. Ona görə də onu tərgitmək üçün müəyyən mərhələlərdən keçmək lazımdır.

Tütünsüz dünya iqtisadiyyatı: zərər yoxsa qazanc?

Əhalisinin 8 milyardı keçdiyi yer kürəsində tütün sektoru ən böyük sənaye sahələrindən biridir. İllik siqaret istehsalından hər birimizə təxminən 100 qutu siqaret düşür. Siqaret satışı 300 milyard dollardan artıq gəlir gətirir və tütün şirkətləri getdikcə böyüyür. Ancaq, bu iqtisadi artım bəşəriyyətin rifahına xidmət etmir.

Dünya Bankı siqaret səbəbli xəstəliklərin maddi nəticələrini, bu xəstəliklər üzündən ortaya çıxan əmək qabiliyyətinin itirilməsini, yanğın ziyanlarını və siqaretə xərclənən pul miqdarını hesablayaraq bunların dünya iqtisadiyyatına 500 milyard dollardan çox ziyan vurduğunu ortaya qoydu. Lakin, bu sahədə vurulan ziyanın hamısını qeydə almaq mümkün olmadığından ekspertlər bu məbləğin ən azı 2-3 dəfə artıq ola biləcəyini qeyd edirlər.

Günahsız zərərçəkənlər

Alimlərin dediyinə görə, siqaret çəkməməklə ömrü uzatmaq və sağlam yaşamaq olar. Sonuncu siqaretdən sonra 20 dəqiqə ərzində qan təzyiqi normal səviyyəyə çatır. Bir gündən sonra infarkt keçirmə şansı azalır, bir ildən sonra isə ürək xəstəliklərinin inkişaf etməsi riski siqaret çəkən adamla müqayisədə yarıya enir.

Təkcə siqaret çəkən adam deyil, siqaret tüstüsü ilə nəfəs alan adamlar da risk qarşısında olurlar. Alimlər sübut ediblər ki, siqaret çəkən adamlarda rast gəlinən dəhşətli xəstəliklərə siqaret çəkməyən adamlarda da rast gəlinir ki, bu da onların siqaret çəkilən otaqda nəfəs alması ilə bağlıdır. Çünki çəkilən hər siqaretin 25 %-i onu çəkənin orqanizminə hopursa, 50%-i nəfəs alınan havada qalır və tənəffüs zamanı həmin yerdə olanların ciyərlərinə yol tapır. Digər 25% isə yanıb kül olur.

Ümumiyyətlə, Azərbaycanda siqaret reklamının və 18 yaşdan aşağı olan şəxslərə siqaret satışının qadağan olunması, həmçinin qapalı ictimai yerlərdəsi siqaret çəkilməsinə qadağa qoyulması təqdirəlayiq haldır.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb.