Ucarda şəhid Elçin İsmayılovun məzarı ziyarət olunub FOTOLAR

31 May 2022 11:42 (UTC+04:00)

30 may 2022-ci il tarixdə YAP Ucar rayon təşkilatının şəhər 1 nömrəli texniki və humanitar məktəb-liseyin birgə təşkilatçılığı ilə Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Vətən müharibəsi şəhidi İsmayılov Elçin Mübariz oğlunun 33-cü doğum günü qeyd olunmuşdur. YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinin rəisi Ceyhun Əliyev, Vətən müharibəsi şəhidlərinin ataları, bacı və qardaşının, rayon Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov, Ucar rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Bəsirə Abbasova, rayon Uşaq Yaradacılıq Mərkəzinin direktoru Mədinə Əhmədova, rayon Uşaq İncəsənət Məktəbinin direktoru Könül Kərimova, Ucar Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Elamin Dibirov, rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, rayon təşkilatı fəallarının böyük qrupunun iştirakı ilə 07 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunda şəhid olmuş, 08 oktyabr 2020-ci il tarixdə dəfn olunmuş Xüsusi Təyinatlı Qüvvələrin kapitanı İsmayılov Elçin Mübariz oğlunun 33-cü doğum günü münasibətilə Ucar Şəhidlər Xiyabanında məzarı ziyarət olunmuş, məzarın önünə tər-çiçəklər qoyulmuş, ruhuna dualar oxunmuşdur. Həmçinin tədbir iştirakçıları Şəhidlər Xiyabanında uyuyan bütün şəhid məzarlarını ziyarət etmiş, məzarların önünə tər-çiçəklər qoyulmuşdur.

Daha sonra tədbir şəhidin orta təhsil aldığı şəhər 1 nömrəli texniki və humanitar məktəb-liseyində davam etmişdir. Tədbir iştirakçıları,qonaqlar,şəhidin döyüş yoldaşları, ailə üzvləri məktəbin foyesində Elçin İsmayılovun xatirə sərgilərinə tamaşa etmişlər. Çıxış edənlər qeyd etdilər ki, 44 günlük Vətən müharibəsinin hər bir günündə Şəhid Oğullarımız qəhrəmanlıq dastanları yazdılar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etmişdir ki, “44 günlük müharibə bizim şanlı tariximizdir. Bu tarix əbədi qalacaqdır,bu tarix dərindən öyrənilməlidir və öyrənilir.Dünya miqyasında Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir.Əlbəttə ki,texniki imkanlarımız müharibənin nəticələrinə ciddi təsir etmişdir.Ancaq bayrağı sancan,bayrağı ucaldan,öz sinəsini qabağa verən,ölümə gedən Azərbaycan əsgər-zabiti oldu.Biz bu müharibəni,bu Qələbəni bizim qəhrəman hərbiçilərimizə borcluyuq,şəhidlərimizə borcluyuq...".

Qeyd olundu ki,ömrünün 31 yaş 4 ay 7-ci günündə ŞƏHİDLİK ZİRVƏSİNƏ qovuşan Elçin İsmayılovun timsalında VƏTƏN ŞƏHİDLƏRİMİZİN nurlu xatirəsi heç vaxt unudulmayacaqdır. Məktəblilərin vətənpərvərlik mövzusunda kompozisiyaları alqışlarla qarşılandı. Elçin İsmayılov ailənin ilk övladı - üç qardaşın böyük qardaşı idi. 1995-2006-cı illərdə Ucar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ali hərbi təhsilini 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Motoatıcı Taqım Komandiri" ixtisası üzrə alıb. 2010-2011-ci illərdə isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təlimlərdə olub. Elçin İsmayılov 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində Motoatıcı Taborun Taqım Komandiri vəzifəsində xidmət edib. Həmin hərbi hissədə bir müddət xidmət edəndən sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başladı. Xüsusi Təyinatlı Qüvvələrin seçim mərhələsində 300 nəfərdən 20 nəfəri mərhələni uğurla başa vurdu. Həmin 20 nəfərdən biri də Elçin İsmayılov olub. Xüsusi Təyinatlı Qüvvələrin heyətində dəfələrlə xarici dövlətlərdə hərbi təlimlərə qatılıb.

2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində Qrup Komandirinin müavini vəzifəsində xidmət edən Elçin İsmayılov, 2014-cü ildən həmin hərbi hissədə Xüsusi Əməliyyatlar Taborunun Komandiri vəzifəsində xidmət edib. Elçin İsmayılov 2015-ci ilin fevral ayında Qazax və Ağstafa istiqamətində olan döyüşlərdə, həmçinin 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb.

Azərbaycan Ordusunun kapitanı olan Elçin İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad ediləndə, ora Azərbaycan bayrağını sancanlardan biri Elçin İsmayılov idi. Elçin İsmayılov oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin İsmayılov ölümündən sonra "Vətən uğrunda", 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə", 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalları ilə,24.06.2021-ci il tarixli Sərəncamı ilə “3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.Elçin İsmayılov həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin 26.06.2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi",26.06.2013-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", 26.06.2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Ordusunun 100 illiyi",26.06.2020-ci il tarixli Sərəncamı ilə III dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilmişdir. Elçin İsmayılov ailəli idi. Ocağında Ömər və Mübariz adlı Vətənə əmanət iki oğul övladı böyüyür.