İstanbulda nəqliyyat sisteminin qurulması üçün başlayan qazıntılarda şəhərin 8500 illik tarixinə məxsus qalıqlar aşkarlandığını bilirsinizmi? SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Coğrafi mövqeyinə görə qədim zamanlardan mühüm şəhər olan İstanbulun Roma İmperiyasının paytaxtı elan edilməsi ilə əhəmiyyəti daha da artdı. Bizans İmperatorluğu və Osmanlı İmperatorluğu tərəfindən də paytaxt olaraq istifadə edilən şəhər "Üç İmperatorluğun Paytaxtı" kimi tanınır. Bu üç böyük sivilizasiyanın mədəniyyətləri ilə yoğrulmuş İstanbulun zəngin irsi 2004-2013-cü illər arasında aparılan arxeoloji qazıntılarla gün üzünə çıxdı.
Boğazın altından keçəcək tunel üçün 2004-cü ildə başlayan tikinti işləri zamanı şəhərin Avropa tərəfindəki Yenikapı rayonunda arxeoloji qalıqlar tapılıb. Bunun nəticəsində tikinti işləri dayandırılaraq çox böyük bir arxeologiya qrupu ilə qazıntılara başlanılmış və İstanbulun qədim keçmişinə işıq salacaq çox mühüm arxeoloji və tarixi məlumatlar əldə edilmişdir. Qazıntıların ən aşağı mərtəbəsində 8000-8200 il əvvələ aid neolid dövrünə aid yaşayış yeri aşkar edilib. Bu, İstanbulun ən qədim yaşayış məntəqəsi olub. Bu qazıntılar zamanı Bizans İmperatorluğunun paytaxtı Konstantinopolun ən əhəmiyyətli limanlarından biri olan Theodosius Limanının qalıqları da tapılıb.
37 batmış gəmi qalığının aşkar edildiyi qazıntılar əsrin ən böyük arxeoloji qazıntılarından biri hesab olunur.