“Yayılan hər bir xəbər rəsmi mənbəyə əsaslanmalıdır” - DEPUTAT TƏNQİD ETDİ

28 May 2022 14:19 (UTC+04:00)

“Son günlərdə müəyyən dairələr tərəfindən ölkəmizdə referendum keçiriləcəyi ilə bağlı əsassız və saxta məlumatlar yayılmaqdadır. Hesab edirəm ki, belə əsassız məlumatlar yaymaqda maraqlı olanlar istəyirlər ki, ölkəmizin siyasi gündəmində süni gərginlik yaratsınlar”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, onlar Mərkəzi Seçki Komissiyası tərəfindən seçici siyahıların dəqiqləşdirilməsini guya ki, referendum keçiriləcəyi ilə əlaqələndirirlər: “Bunun heç də belə olmadığını hesab edirəm. Çünki, seçici siyahıların dəqiqləşdirilməsi Seçki Məcəlləsinə uyğun mütəmadi aparılmalıdır. Ölkə üzrə seçicilərin sayı dairələr üzrə müəyyənləşməli və bu, MSK-nın gündəlik iş fəaliyyətinə daxil məsələdir. Seçki dairələri ancaq seçki qabağı fəaliyyət göstərmirlər. Bu təşkilatlarda daimi əsaslarla işləşən müəyyən şəxslər fəaliyyət göstərirlər ki, onların işi seçki prosesləri bitəndən sonra digər prosedur işlərin icra edilməsi ilə bağlıdır”.

Deputat sözlərinə belə davam edib: “Hesab ediəm ki, bu gün hər hansı seçkinin keçirilməsinə ehtiyac yoxdur və yayılan məlumatlar əsassızdır. Belə saxta məlumatlar müəyyən qüvvələrin maraqlarına xidmət edir və mahiyyətsiz gündəmdə olmayan saxta xəbərlərdir. Həm də bəzi saytlar özlərinə oxucu qazanmaq üçün guya özlərini xəbər yayımında öndə olduğunu göstərmək istəyir. Təbii ki, bu yol verilməzdir və havadan götürülüb xəbər yaymaq qanunlara ziddir. Yayılan hər bir xəbər rəsmi mənbəyə əsaslanmalıdır. Əgər mənbə yoxdursa saxta məlumat yaymamalıdırlar”.

Ayşən Vəli