Azərbaycan və Özbəkistan Şahmat Federasiyaları əməkdaşlığı müzakirə edib

28 May 2022 12:24 (UTC+04:00)

Azərbaycan Şahmat Federasiyasında (AŞF) Özbəkistan Şahmat Federasiyasının sədri Alişer Sadullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. AŞF-nin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə qurumun birinci vitse-prezidenti Faiq Həsənov, baş katib İlahə Qədimova və federasiya nümayəndələri iştirak ediblər.

F.Həsənov ölkəmizdə şahmata olan dövlət qayğısından danışaraq zəka sahiblərinin daim həm komanda, həm də fərdi yarışlarda böyük qələbələr qazandığını bildirib. Federasiya rəsmisi Azərbaycanda mütəmadi olaraq şahmat üzrə böyük turnirlərin o cümlədən – 2015-ci ildə Dünya Kuboku, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının eləcə də superturnirlərin yüksək səviyyədə təşkil olunduğunu xatırladıb.

Görüş üçün minnətdarlığını bildirən A.Sadullayev Azərbaycanda güclü şahmat ənənələrinin mövcud olduğunu söyləyib.

Görüş federasiyalar arasında əməkdaşlıq barədə fikir mübadiləsi ilə davam etdirilib.

Tədbirin sonunda A.Sadullayev F.Həsənova xatirə hədiyyəsi təqdim edib.