"Müasir Azərbaycan dövləti AXC-nin varisidir" - DEPUTAT ŞƏRH ETDİ

28 May 2022 11:39 (UTC+04:00)

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycanın beş minillik dövlətçilik tarixində xüsusi bir mərhələ təşkil edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, 1813-cü və 1828-ci illərdə baş tutan işğal faktından sonra Azərbaycan xalqı öz müstəqilliyini itirmişdi: “Çar Rusiyasının tərkibində müstəmləkə olmaqla çoxsaylı deqredasiya və repressiyalara məruz qalmışdı. Bu mərhələdə, həmçinin Azərbaycanda elmin, təhsilin, müstəqil iqtisadi siyasətin inkişafı üçün hər hansı bir şərait olmamış, hətta xalqımızın qarşısına müxtəlif maneələr çıxarılmışdı. Belə olan halda, təqribən 90 il sonra yeni əsrin çağırışlarına – yeni dövrün tələblərinə uyğun olaraq yeni bir dövlət qurmaq zərurəti meydana çıxmışdı. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdı. Şübhəsiz ki, AXC-nin yaradılması Azərbaycan dövlətçilik tarixinin xüsusi bir səhifəsidir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev qeyd edib ki, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycanda yaranması xalqımızın o dövrdə – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əsasları xeyli öncədən qoyulmuşdu. Belə ki, Cümhuriyyətin yaranmasını təmin edəcək ciddi intellektual, fəlsəfi, sosial və siyasi əsaslar XIX əsrin ortalarından başlayaraq formalaşdırılmışdı. Azərbaycan ictimai-mədəni və intellektual mühitində mühüm yer tutan maarifçilik hərəkatını bu kontekstdə xüsusi olaraq qeyd etməliyik.

Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əhməd Bəy Ağaoğlu, Nəsib Bəy Yusifbəyli,Əlimərdan bəy Topçubaşov, Üzeyir Hacıbəyov, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və digər maarifçi mütəfəkkirlər o dövrdə Çar Rusiyasının ictimai-mədəni mühitində fəal mövqedən çıxış edərək yeni dövlətçiliyin yaranması üçün mədəni, ictimai və siyasi əsaslar formalaşdırırdılar. Əlbəttə ki, o dövrün fədakar maarifpərvər insanları olmasaydı, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ideyası və məqsədinin gerçəkləşməsi də xeyli çətin olardı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncamında qeyd edilmişdir ki, yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Müasir Azərbaycan dövləti 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Təsadüfi deyil ki, 2021-ci il oktyabr ayının 15 –dən sonra Müstəqillik Günümüz də məhz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi yəni 28 May 1918 ci il tarixindən hesablanır. Bunlar özlüyündə milli yaddaşın bərpası, milli özünüdərkin təşviqi olmaqla yanaşı, həm də Cümhuriyyət dəyərlərinə, onun qurucularına olan hörmət və ehtiramın nümunəsidir.

Hazırda əldə etdiyimiz tarixi zəfərimiz kontekstində bir daha Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti tarixinə nəzər saldıqda çoxminillik dövətçilik tariximizdə AXC –nin necə mühüm bir həlqə təşkil etdiyini daha aydın görə bilirik. Azərbaycan Prezidenti İlham Əliyevin bu gün aktual olan Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya – demarkasiya edilməsi məsələsini şərh edərkən bir daha 1918-ci il xəritəsinə müraciət edilməsi zərurətinə toxunması da əslində AXC sərhədlərinin müasir dövlətçilik ənənələrimizin mənəvi-siyasi əsaslarını təşkil etməsinə işarə idi”.