Poroşenkonu sərhəddən geri göndərdilər

28 May 2022 05:11 (UTC+04:00)

Ukrayna sərhədçiləri keçmiş prezident Petro Poroşenkonu ölkədən buraxmayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti məlumat yayıb.

Siyasətçi şəxsi avtomobili ilə Lvov gömrüyünün Rava-Russkaya keçid məntəqəsindən qonşu Polşa ərazisinə keçməyə cəhd edib. Lakin o, NATO-nun Vilnüsdəki Parlament Assambleyasında Ukrayna nümayəndə heyətinin tərkibinə daxil olmasına və Avropa Xalq Partiyasının sammitində də çıxış etməli olmasına baxmayaraq, geri qaytarılıb.

Ukraynanın Ali Radada Poroşenkonun "Avropa Həmrəyliyi" partiyasından olan deputatı İrina Geraşenko partiya sədrinin bütün işgüzar səfərlərinin Rada sədri Ruslan Stefançuk tərəfindən razılaşdırılıb və imzalandığını bildirib.

Deputat xanım partiya sədrinin Ukraynadan buraxılmamasına aydınlıq gətirilməsini istəyib. Bununla yanaşı Geraşenko saxlanılan partiya sədrinə Ukrayna Dövlət Sərhəd Xidməti əməkdaşları “saxta və ya ləğv edilmiş sifariş haqqında cəfəngiyyat danışırdıqlarını” da bildirib.

Maraqlıdır ki, hələ iki il əvvəl Poroşenkonun vəkillərindən biri olan İlya Novikov Poroşenkoya qarşı ən azı 58 iş qaldırıldığını, lakin “əslində bunun daha da çox ola biləcəyini də” istisna etməyib. Təbii ki, vəkil bunu istehza ilə bildirir.

Amma buna baxmayaraq o Poroşenkonun müdafiəsi ilə bağlı bütün işləri siyasi motivli, müxalifətə təzyiq üsulu hesab edir.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında Ukrayna hakimiyyəti Poroşenkonun dövlətə xəyanətdə iştirakını elan etdi. Bununla yanaşı Ukrayna Təhlükəsizlik Xidməti müxalif siyasətçi Viktor Medvedçukun cinayət işi ilə bağlı sənədləri dərc etdi. Bu sənədlərdə təhlükəsizlik rəsmilərinin fikrincə, eks-prezidentin “separatçılarla”, o cümlədən döyüş əməliyyatları zamanı Kiyevin nəzarətində olmayan Donbass ərazilərindən kömür alınmasında iştirakını sübut edirdi.

Maraqlıdır ki, Poroşenkonun bunlarla razılaşmamasına baxmayaraq, sonrada Medvedçuk Donbassdan kömür tədarükü ilə bağlı Poroşenkoya qarşı ifadə verib.

Lakin daha sonradan Ukrayna qanunvericiliyində mümkün olan ən yumşaq həbs-qətimkan tədbiri kimi məhkəmə siyasətçini şəxsi öhdəlik əsasında azadlığa buraxıb...

Məhz elə buna görə də, indi onun ölkədən kənara çıxmasına qadağa qoymaq...bəlkə də başadüşüləndir.

Ağasəf Babayev