"...Polşanın əsas prioritetlərindən biri"

28 May 2022 01:16 (UTC+04:00)

Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib ki, Türkiyənin sərhədləri ilə bağlı təhlükəsizlik problemlərini həll etmək ölkənin əsas prioritetlərindən biridir.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Rau İstanbul Dolmabahçedəki Prezidentin İş Ofisində keçirilən Türkiyə-Rumıniya-Polşa Üçtərəfli Xarici İşlər Nazirləri görüşündən sonra xarici işlər naziri Mövlud Çavuşoğlu və Rumıniya xarici işlər naziri Boqdan Auresku ilə birgə mətbuat konfransında danışıb.

Türkiyə, Polşa və Rumıniyanın təhlükəsizliyə əhəmiyyət verən müttəfiqlər olduğunu vurğulayan Rau həmkarları ilə Ukraynaya hərbi, iqtisadi, siyasi və humanitar yardımlarda necə dəstək ola biləcəkləri mövzusunda danışıqlar apardıqlarını qeyd edib.

Ukrayna ilə bağlı açıq mövqe tutduqlarını ifadə edən Rau Baltik dənizindən Qara dənizə və Aralıq dənizinə qədər olan ərazilərin təhlükəsizliyini və sabitliyini hədəflədiklərini və üçlü görüşdə bunun əhəmiyyətini bir daha vurğuladıqlarını bildirib.

Rau həmçinin NATO-nun şərq cinahının təhlükəsizliyi, mövcudluğu, müdafiəsi və müttəfiq əsgərlərin qurudakı vəziyyətini müzakirə etdiklərini bildirib.

Z.Rau bəyan edib ki, Türkiyə, Rumıniya və Polşa arasında əməkdaşlıq təkcə siyasi deyil, həm də hərbi miqyasdadır:

"Bu kontekstdə Rumıniya və Türkiyəyə NATO daxilində iştirak etdikləri və Polşa ilə əməkdaşlıq etdikləri üçün çox təşəkkür etmək istərdim. Türkiyənin sərhədləri ilə bağlı təhlükəsizlik narahatlığına cavab vermək bizim üçün çox vacibdir və prioritetdir".

Rau İsveç və Finlandiyanın NATO-ya qoşulması ilə bağlı suala, bunun alyansın güclənməsi üçün son dərəcə vacib olduğunu bildirib.

"Düşünürəm ki, Türkiyənin narahatlığı NATO daxilində birlik və həmrəyliklə həll olunacaq”, -deyə Rau qeyd edib.