Ançelotti: "Futbolçularıma deməyəcəyəm ki..."

28 May 2022 00:56 (UTC+04:00)

"Real"ın baş məşqçisi Karlo Ancelotti Çempionlar Liqasının finalında "Liverpul"la keçirəcəkləri matç barədə danışıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, daha əvvəl 3 dəfə "Milan", 1 dəfə "Real"la birlikdə Avropanın ən mötəbər futbol turnirinin həlledici görüşünə çıxan çalışdırıcı qarşılaşmadan öncə təşkil olunan mətbuat konfransında deyib:

“Bütün finallarımla bağlı yaxşı xatirələrim var. Ən yaxşı oynadığımız oyunda - "Milan"ı çalışdırdığım vaxt 2005-ci ildə “Liverpul”a uduzduq. Amma futbolçularıma deməyəcəyəm ki, qalib gəlmək üçün pis oynamaq lazımdır (gülür). Yaxşı hazırlaşmağa vaxtımız oldu. Düşünürəm ki, oyuna yaxşı vəziyyətdə çıxacağıq. Əminəm ki, bütün gücümüzü ortaya qoyacağıq. Amma bunun qalib gəlmək üçün kifayət edib-etmədiyindən əmin deyiləm".

Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 28-də Parisdəki "Stade de Frans" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.