Litvada Müstəqilik Günü böyük coşqu ilə qeyd edilib

28 May 2022 00:24 (UTC+04:00)

Vilnüsün ən əzəmətli və məşhur məkanlarından olan Pirkliu Klubasın tarixi binasında Azərbaycanın Müstəqilik Günü qeyd edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Litva Seyminin üzvləri, hökumətin yüksək səviyyəli nümayəndələri, xarici ölkələrin Litvada akkreditə olunmuş səfirləri və diplomatları, Litva ali təhsil ocaqlarının rəhbərləri, nüfuzlu iş adamları, tanınmış jurnalistlər və sənət adamlarından ibarət xüsusi qonaqlar iştirak ediblər.

Əvvəlcə qonaqlar milli geyimlərdə olan gənclərimizin müşayiəti ilə qırmızı xalça üzərində səfir və əməkdaşlar tərəfindən qarşılanıb.

Tədbir Litva İctimai Televiziyasının (LRT) “The Voice” yarışmasının finalçıları Erikas və Eglenin ifasında Azərbaycan və Litva dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan edilib.

Salondakı böyük ekranda Azərbaycanın inkişafından bəhs edən videoçarx nümayiş olunub. Videoçarxda Litva Prezidentinin mayın 18-də Azərbaycana səfəri zamanı çəkilmiş kadrlar təqdim edilib.

Səfir Tamerlan Qarayev çıxışında 28 May - Müstəqillik Gününün mahiyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, xalqımızın şanlı tarixi, Azərbaycan-Litva münasibətlərinin tarixi, müasir dövrdə əməkdaşlıq, ölkəmizin əldə etdiyi nailiyyətlər, azad olunmuş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərindən və mühüm layihələrdən bəhs edib.

Tədbirdə müğənnilərin ifasında “Azərbaycan”, “Sarı gəlin” və “Sevgili canan” mahnıları səsləndirilib.

Milli mətbəximizin nümunələrinin təqdim olunduğu tədbir ziyafət ilə davam edib.

Qonaqlar arasında Litva Respublikası müstəqillik qazandığı vaxt ilk dövlət başçısı olmuş, Litva siyasətinin patriarxı professor Vitautas Landsbergis (Koalisiya hökumətinin qurucusu, Vətən İttifaqı-Xristian Demokratlar Partiyasının fəxri sədri) və Vilnüsdə səfərdə olan Polşa Senatının vitse-marşalı Mixal Kaminski də iştirak ediblər.

Vilnüslə yanaşı, Klaypeda və Kaunas şəhərlərində də 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçiriləcək.