Azərbaycanın Müstəqillik Günü Tbilisidə qeyd olunub

27 May 2022 23:54 (UTC+04:00)

Tbilisidə 28 May - Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə gürcü və azərbaycanlı incəsənət xadimləri Azərbaycanın və Gürcüstanın Dövlət himnlərini ifa ediblər.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Milli Məclisin deputatı Arzu Nağıyev, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, Gürcüstanın Xarici İşlər, Daxili İşlər və digər nazirliklərinin, Tbilisidəki diplomatik korpusun nümayəndələri, Gürcüstan parlamentinin üzvləri, Marneuli, Bolnisi, Dmanisi, Qardabani rayonlarından Rustavi və Batumi şəhərlərindən ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səfir F.Quliyev çıxışında Azərbaycanın Müstəqillik Gününün Gürcüstanda xüsusilə qeyd olunduğunu bildirərək, 104 il bundan əvvəl məhz Tbilisidə müsəlman Şərqində ilk demokratik respublikanın elan edildiyini xatırladıb.

Bildirib ki, Azərbaycanın ilk müstəqilliyik bəyannaməsi 1918-ci ildə məhz Tbilisidə qəbul edilib. Azərbaycan Xalq Cümhuriyyətinin banilərinin Tbilisi şəhəri ilə bağlılıqları olub. Parlament sədri olmuş Əlimərdan bəy Topçubaşov Tbilisidə doğulub. Eyni zamanda, ilk baş nazir Fətəli xan Xoyski Gürcüstana mühacirət edib, 1920-ci ildə Tbilisidə erməni daşnakları tərəfindən qətlə yetirilib və Botanika bağındakı görkəmli azərbaycanlıların panteonunda dəfn olunub. Azərbaycan dövləti və xalqı cümhuriyyətin qurucularını böyük hörmətlə anır, onların əziz xatirələri qəlblərimizdə yaşayır.

Diplomat Azərbaycan və Gürcüstan arasında əlaqələrin tarixi köklərindən və ölkələrimiz arasındakı hazırkı münasibətlərdən söz açaraq, iki dost və yaxın ölkə arasında dostluq əlaqələrinin bu gün də davam etdirildiyini qeyd edib. Bildirilib ki, Azərbaycan və Gürcüstan 104 ildir müstəqillik yolunda irəliləyir və inkişaf edir. Hər iki dövlət 1991-ci ildə müstəqilliklərini yenidən bərpa ediblər. Ulu öndər Heydər Əliyevin Azərbaycanda və Eduard Şevardnadzenin Gürcüstanda hakimiyyətə qayıdışından sonra əlaqələrimiz yeni müstəvidə daha da inkişaf etməyə başlayıb.

Onun sözlərinə görə, ölkələrimiz arasında əsas təməl sənədlər 1996-cı ildə ulu öndər Heydər Əliyevin Gürcüstana ilk rəsmi səfəri zamanı imzalanıb. Həmin dövrdən münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlməyə başlayıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbənin Müstəqillik Gününün qeyd edilməsinə ikiqat sevinc qatmasını vurğulayıb.

F.Quliyev Azərbaycanın haqq mübarizəsində Gürcüstanda yaşayan soydaşlarımızın da dəstəyini xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqları heç bir dövlətin müdaxiləsi olmadan, Türkiyənin mənəvi və siyasi dəstəyi ilə azad edib. Müharibədə Gürcüstan əsilli 21 nəfər şəhidlik zirvəsinə ucalıb. Onların xatirəsini ehtiramla anırıq, valideynlərinə bu cür qəhrəman övladlar yetişdirdiyinə görə minnətdarıq.

Daha sonra çıxış edən Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya Azərbaycan xalqını dövlət bayramı münasibətilə təbrik edərək dost və qardaş Azərbaycanla yanaşı, Gürcüstan üçün də önəmli tarixin olmasını qeyd edib. O, hər iki xalqın əsrlər boyu dostluq etdiyini və bu əlaqələrin bu gün də inkişaf etdiyini vurğulayıb.

L.Darsaliya çıxışının sonunda Azərbaycan xalqına əmin-amanlıq və inkişaf diləyib.

Çıxışlardan sonra təqdim olunan konsert proqramında gürcü rəqs qruplarının ifasında Azərbaycan və gürcü milli rəqsləri nümayiş etdirilib.