Vladimir Putin vә Mario Draqi arasında telefon danışığı olub

27 May 2022 22:43 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin sanksiyaların aradan qaldırılacağı tәqdirdә ərzaq böhranının həllinə öz töhfəlәrini verə biləcәklәrini bildirib.

SİA xəbər verir ki, Kremldən verilən məlumata görə, Vladimir Putin İtaliyanın Baş naziri Mario Draqi ilə telefon әlaqәsi saxlayıb.

Mülki gəmilərin Qara dəniz və Azov dənizindəki limanlardan təhlükəsiz çıxışı üçün hər gün humanitar dəhliz açdıqlarını ifadə edən Vladimir Putin Ukraynanın Rusiya ilə danışıqları dondurmasını da qiymәtlәndirib. Qlobal ərzaq təhlükəsizliyi məsələsinin də müzakirə olunduğu görüşdə Rusiya lideri kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çatdırılması ilə bağlı problemlərlə əlaqədar ölkəsinə qarşı irəli sürülən ittihamların əsassız olduğuna diqqət çəkib.

Vladimir Putin qeyd edib ki, yaranan problemlər yeni növ koronavirus epidemiyası zamanı Qərb ölkələrinin istehsal, logistika zəncirlərinin fəaliyyətindəki pozulmalar və maliyyə siyasətləri ilə bağlıdır.

Әrzaq sahəsindəki problemlərin ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla daha da ağırlaşdığı vurğulanan görüşdə Vladimir Putin sanksiyaların aradan qaldırılacağı tәqdirdә ərzaq böhranının həllinə öz töhfəlәrini verə biləcәklәrini bildirib.