"Ölkəmizin çox önəmli hadisələr yaşadığı dövrdə eyni cəhdləri müşahidə edirik" - SİYASİ ŞƏRHÇİ TƏNQİD ETDİ

27 May 2022 18:29 (UTC+04:00)

“Azərbaycanın daxili-siyasi gündəminin zəngin və dövlətçilik siyasətinə uyğun formada cərəyan etdiyi dövrlərdə ölkəmiz üçün kənardan müəyyən maraqlı qüvvələr tərəfindən süni gündəm yaratmaq cəhdlərinə dəfələrlə rast gəlmişik. Son 15 illik tarixin daxili siyasətimizdə baş verən bəzi önəmli hadisələrini yada salmaq bunun üçün kifayətdir. Məsələn, "Avropa oyunları", "İslam oyunları" və digər ölkəmizin dünyada sınaq qarşısında olması kimi xarakterizə olunan tədbirlər zamanı cəmiyyətin nəzərini bu hadisələrdən yayındırmaq üçün kənardan müxtəlif mövzuları gündəmə atmaq cəhdləri olub”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu gün də ölkəmizin çox önəmli hadisələr yaşadığı dövrdə eyni cəhdləri müşahidə edirik: “Bəllidir ki, ölkəmiz müstəqilliyin yeni bir ildönümünü qeyd edir. Həmçinin, “Texnofest” kimi Azərbaycan və Türkiyənin dünyada birliyini nümayiş etdirən böyük bir tədbirin içərisindəyik. Bundan başqa Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı diplomatiyamızın əldə etdiyi işlərin təhlili, cəmiyyətə çatdırılması və dünyaya qəbul etdirilməsi yönündə böyük işlər gedir.Bunların hər biri ciddi məsələlərdir və təkcə dövlətin gücü ilə yox, dövlətin gücünün aparıcılığı şəraitində cəmiyyətin böyük dəstəyi şərti ilə irəliləyir. Belə saxta gündəm yaratmaq cəhdləri əsas bir neçə məqsədə xidmət edir”.

Aydın Quliyev sözlərinə belə davam edib: “Belə şəraitdə Azərbaycanda əslində siyasi və dövlət siyasəti baxımından kökü-əsası olmayan hadisələri ortaya atmaq istəyirlər. Bunlar ölkədə guya referendumun və ya hansısa fövqəladə seçkinin keçirilməsi ilə bağlı gündəm yaratmaq cəhdləridir. Aydın məsələdir ki, ölkə nə vaxtsa referenduma da gedə, seçki də keçirə bilər. Amma Azərbaycan tam konstitution əsaslarda idarəçiliyi dövlət siyasətinə çevirmiş ölkə olaraq bütün tədbirlərin qanuni və konstitusiya əsaslarına malik olmasına önəm verir. Saxta siyasi gündəm yaratmaq cəhdləri dövlətimizin mənafeyi ilə uzlaşmayan qeyri-sağlam qüvvələrin əməlləridir”.

Ayşən Vəli