Vitali Arkov: Ermənistan müxalifəti və hakimiyyəti bir ələ oynayır - ŞƏRH

27 May 2022 17:39 (UTC+04:00)

Ermənistanda “Qarabağ klanı” hakimiyyətə qayıtmaq istəyir. Mən getdikcə daha çox əmin oluram ki, 2020-ci ilin payızında baş verənlər Ermənistanın eks-prezidenti Robert Köçəryan və onun tərəfdaşları üçün çox faydalıdır, bu hadisələr onların dövründə deyil, Paşinyanın dövründə baş verib. Onlar üçün bu yolla Qarabağ münaqişəsinin doğurduğu bütün problemləri (və onun həll olunmaması gec-tez partlayışa səbəb olmalı idi) Paşinyanın üzərinə yıxmaq mümkün oldu. O, Ermənistanda hamı üçün çirkin işlər görən adama çevrildi. Bu isə həqiqətən çirkin işdir, çünki erməni əhalisi arasında hələ də revanşist əhval-ruhiyyə hökm sürür. Üstəlik, onilliklər ərzində “Qarabağ bizimdir” fikri xalqı daha da alovlandırıb, qızışdırıb. Bu sözləri PolitRUS portalının rəhbəri, politoloq Vitali Arkov Moskva-Baku portalına verdiyi müsahibəsində deyib.

Ekspert bildirib ki, Ermənistanda bir neçə aydır müşahidə etdiyimiz etiraz aksiyaları Nikol Paşinyanın özünün də əlində oynayır. Çünki Paşinyan bu halda deyə bilər: “Yaxşı, küçədə bu hadisələr baş verəndə mən necə nəyəsə imza atım”. Əgər müxalifət həqiqətən də Paşinyanı devirmək istəsəydi, bunu çoxdan edərdi. Amma belə deyil. Və görünür, bir oyun var. Müxalifətin işi çox səs-küy salmaq, açıqlamalar verməkdir. Ancaq hakimiyyəti devirmək kimi qəti hərəkətlər yoxdur.

İrəvan son aylarda Qarabağın statusu ilə bağlı ifadələri açıq şəkildə yumşaldıb. Paşinyan nə olursa olsun, kimin marioneti olursa olsun, onun ölkədəki mövqeyi ictimai rəydən asılıdır. Və bunu nəzərə almalıdır. Ermənistanda Azərbaycanla sülhün tərəfdarı olan həm revanşistlər, həm də əhalinin həssas hissəsi var. Müxalifət xalqın, oğullarını müharibədə itirmiş anaların duyğularından istifadə edir, vətənpərvərlik hisslərindən, əslində isə bütün bu illər ərzində insanlara hopdurulan millətçilik ideyalarından istifadə edir.

Mitinqə gedən adamlara pul verilir. Onlar üçün bu, sabit gəlirdir. Başqa bir şey budur ki, bütün bu etirazlar sülh prosesinə mane olur. Hesab edirəm ki, bu yolla onlar, Paşinyan da daxil olmaqla, sülh prosesində Ermənistan üçün nəsə sövdələşməyə çalışır”.

Politoloq deyib ki, bundan əlavə, bu gün biz Rusiya ilə Qərb arasında kəskin qarşıdurmanın şahidi oluruq: “ABŞ və Fransa Cənubi Qafqaza oyunçu kimi qayıtmaq istəyirlər, halbuki öz günahları səbəbindən 2020-ci ilin payızında regiondan çıxdılar. Baxmayaraq ki, bundan əvvəl onlar ATƏT-in Minsk Qrupunun üzvü statusundan istifadə edirdilər. Amma bu gün Minsk qrupu ölüb.

Qərbdən bu gün çox söz, az iş görürük. Bəli, Azərbaycan və Ermənistan istənilən platformada - Moskvada, Brüsseldə, istənilən yerdə görüşməlidir, çünki birbaşa dialoq həmişə faydalıdır. Brüsseldəki görüşlər Bakıdan Aİ-yə göstərilən bir hörmətdir. Bakı öz problemlərini həll etməyə çalışır. Əgər Əliyev Brüssel platformasından imtina etsə, o zaman Qərb ölkələri ona həyasızcasına baxacaqlar, amma buna ehtiyac yoxdur. Azərbaycanın Avropa ilə kifayət qədər sıx iqtisadi əlaqələri var, ona görə də o, Qərb tərəfdaşları ilə görüşə və onlara gülümsəyə bilər. Amma başa düşür ki, Qarabağ məsələsi Qərbdə qətiyyən həll olunmur. Bu belə diplomatiyadır. Əliyev təcrübəli, müdrik diplomatdır, qərb platformasından başqa məqsədlər üçün istifadə edir. İstisna etmirəm ki, danışıqlar paralel şəkildə, pərdə arxasında, o cümlədən Ermənistanla münasibətlərə aid olmayan digər məsələlərlə bağlı aparılır”.

Vitali Arkov hesab edir ki, indiki vəziyyətdə Ermənistan-Azərbaycan nizamlanması çərçivəsində paket şəklində deyil, mərhələli şəkildə davam etmək lazımdır, çünki hələ də çoxlu mübahisəli məsələlər qalır. Xüsusən də birinci mərhələ, ilkin olaraq Moskvanın nizamlanmanın fundamental əsası kimi təklif etdiyi kimi, nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılmasıdır. Bu baxımdan, bu gün Moskvanın Şimal-Cənub dəhlizinə ciddi diqqət yetirdiyi göz qabağındadır - bu yaxınlara qədər olduğundan daha çox, çünki bu, Qərbin sanksiyaları və “Avropaya pəncərənin bağlanması” şəraitində işləyə biləcək əsas marşrutlardan biridir. Bu dəhlizin qollarından biri Ermənistan ərazisindən keçir. İran Ermənistan vasitəsilə Gürcüstana mal çatdırmaq istəyir. Sadəcə Zəngəzur dəhlizi ilə kəsişir. Azərbaycanın və Türkiyənin də maraqları var. Ona görə də, məncə, ilk növbədə, nəqliyyat və iqtisadi əlaqələrin həllini əsas götürmək məntiqli olardı. Üstəlik, Rusiya, Azərbaycan, Türkiyə bu sahənin inkişafına sərmayə qoymağa hazırdır. Ermənistan əslində nəticədən ancaq qazanc götürəcək”.

Tərcümə - Elçin Bayramlı