Ağcabədidə 28 May - Müstəqillik Günü münasibətilə konfrans keçirilib FOTOLAR

27 May 2022 15:53 (UTC+04:00)

YAP Ağcabədi rayon təşkilatı 28 May Müstəqillik Günü münasibətilə konfrans keçirib. Tədbirdən əvvəl bir qrup YAP fəalının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin Heydər Əliyev meydanındakı abidəsi önünə tər çiçək dəstələri düzülərək, əziz xatirəsi ehtiramla yad edilib.

Konfransı giriş sözü ilə Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın Müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra rayon təşkilat sədri geniş məruzə ilə çıxış edərək, bildirib ki, 28 May Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli Respublikasını yaradıb. R.Əhmədov bildirib ki, Cümhuriyyət cəmi 23 ay mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqının mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.

Məruzənin sonunda ölkəmizin hərtərəfli yüksək qabiliyyətli, vətəndaşları tərəfindən sevilən və Beynəlxalq aləmdə xüsusi nüfuzu ilə seçilən Prezidenti, güclü ordusu və yumruq kimi birləşmiş xalqı olduğunu vurğulayan R.Əhmədov bu birliyin Azərbaycanı daha böyük qələbələrə çatdıracağına əminliyini ifadə edib. Məruzə ətrafında ADPU-nun Ağcabədi filialı ərazi təşkilatının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Mahir Səlimov, Hindarx qəsəbə ərazi təşkilatının sədri Elminaz Hüseynova, Şəhər 8 saylı ərazi təşkilatının sədri Anar Qasımov, şəhər 3 saylı ərazi təşkilatının sədri Mətanət Quliyeva, İmamqulubəyli ərazi təşkilatının sədri Xaliq Rəhimov çıxış ediblər.

Tədbirin sonunda Partiya işində səmərəli fəaliyyətinə görə Ağcabədi şəhər Yaşıllaşma sahəsi ərazi partiya təşkilatının sədri Asəf Quliyev və Ağcabədi şəhər 2 saylı ərazi partiaya təşkilatının sədri Mehdi Məmmədov YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanı ilə təltif edilib.

Zümrüd Bayramova