Macarıstan artıq mənfəətdən vergi tətbiq edir

27 May 2022 02:31 (UTC+04:00)

Macarıstan ölkənin bütün sahələrinə-bank, sığorta, enerji, telekommunikasiya, əczaçılıq, ticarət və aviasiya sektorlarında artıq mənfəətə vergi tətbiq edir. Ölkənin İqtisadiyyat və İqtisadi İnkişaf naziri Marton Nad jurnalistlərə verdiyi açıqlamada bildirib ki, əldə olunan gəlirlər ölkədə kommunal xərclərin azaldılması və müdafiə fonduna yönəldiləcək.

SİA bu barədə rus saytlarına istinad edir.

Nazirin sözlərinə görə, mövcud xüsusi sahə vergilərindən artıq vergilər tutulacaq. 2022-ci ildə bu verginin 900 milyard forint (2,47 milyard dollar) gətirəcəyi gözlənilir ki, bunun da 700 milyard forinti (1,92 milyard dollar) kommunal xərclərin azaldılması fonduna, 200 milyard forint (550 milyon dollar) isə milli müdafiə fonduna daxil olacaq.

Qeyd edək ki, bir müddət bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Ukraynadakı vəziyyət fonunda fövqəladə vəziyyətin tətbiq olunduğunu və bu rejimlə bağlı hökumətin gördüyü ilk tədbirləri açıqlamışdı.

Ağasəf Babayev