Qara və Azov dənizlərindəki limanlar təhlükəsizdir...

27 May 2022 00:49 (UTC+04:00)

Rusiya Müdafiə Nazirliyinin Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəisi Mixail Mizintsev bildirib ki, mülki gəmilərin Qara və Azov dənizlərindəki limanlardan təhlükəsiz çıxışı üçün hər gün humanitar yardım dəhlizi açılır.

SİA-nın əldə etdiyi məlumata görə, Mixail Mizintsev bəyan edib ki, Rusiya donanması Mariupol limanında mina təhlükəsini aradan qaldırıb və liman infrastrukturunun bərpası üzrə tədbirlər həyata keçirir.

Rusiya Silahlı Qüvvələrinin hər gün Moskva vaxtı ilə saat 08:00-dan 19:00-a kimi iki təhlükəsiz dəniz humanitar yardım dəhlizi açdığını qeyd edən Mizintsev "Qara dənizdə 80 mil uzunluğunda və 3 mil enində Ukraynanın ərazi sularından cənub-qərb istiqamətində Xerson, Nikolayev, Çernomorsk, Oçakov, Odessa və Yujnıy (Cənub) limanlarından çıxmaq üçün 115 mil uzunluğunda və 2 mil enində dəhliz açılır" deyib.

Mixail Mizintsev vurğulayıb ki, dənizdən humanitar yardım dəhlizlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumat hər gün radio vasitəsilə ingilis və rus dillərində beynəlxalq kanallar vasitəsilə hər 15 dəqiqədən bir elan edilir.

Limanlarda gəmilərin təhlükəsiz çıxışını təmin etmək problemini həll etmək üçün Kiyev administrasiyasının xarici dövlətlərin nümayəndələri və gəmi sahibi şirkətlərlə görüşdən yayınmaqda davam etdiyini iddia edən Mizintsev naviqasiya və liman infrastrukturuna ziyan vurma təhlükəsinin davam etdiyinə diqqət çəkib.

Mizintsev əlavə edib ki, Rusiya Qara və Azov dənizlərində mülki naviqasiyanın təhlükəsizliyini təmin etmək üçün bir sıra tədbirlər həyata keçirib.