Zəngin tarixi keçmişini yaşadan, müasirliyə qucaq açan Şamaxı TƏHLİL

26 May 2022 18:34 (UTC+04:00)

Zəngin mədəni irsi, görkəmli elm-mədəniyyət xadimləri, turizm infrastrukturu, əlverişli coğrafi mövqeyi, iqlimi, müalicəvi mineral su ehtiyatları, fauna-florası, kənd təsərrüfatı, təbii-tarixi abidələri, el sənətkarları ilə şöhrətlənən Şamaxı rayonu Şirvan regionunun tarixi mərkəzi, Şirvanşahlar dövlətinin min ilə yaxın paytaxtı olmuşdur. Belə şəhərin bu gün 2023-cü il üçün "Türk dünyasının turizm paytaxtı" seçilməsi tarixiliyini qoruyub saxlaması və müasirliklə vəhdətdə inkişafda olduğuna dəlalət edir. Bu barədə qərar Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci iclası və turizm üzrə işçi qrupunun 17-ci iclasında qəbul edilib.Əlbəttə ki, tarixi yaddaşı olan şəhərin tikinti-quruculuq tədbirləri həyata keçirilərkən Şamaxının qədimliyinin, milli memarlıq üslubunun qorunmasına ciddi fikir verilib və bu gün də belədir. Elə buna görə də müasir və qədim Şamaxıya turistlərin marağı getdikcə artır. 2013-cü ilin may ayında 743-cü ilin yadigarı Şamaxı Cümə Məscidinin və Şamaxı Astrofizika Rəsədxanasının yenidənqurmadan sonra istifadəyə verilməsi, Şamaxı-Avaxıl yolunun yenidən qurulması Şamaxıya daha da çox turist axınına səbəb olmuşdur. Şamaxıya səfər edən turistlərin marağına səbəb ola biləcək məskənlərdən olan Şamaxı Astrofizika Rəsədxanasında çətin müşahidə edilən Cənub səmasının tədqiqatları aparılır. Rəsədxananın muzeyində qiymətli eksponatlar nümayiş etdirilir.
Şamaxı ictimaiyyətinin bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevə müraciətində bu şəhərin dövlət başçısının rəhbərliyi ilə inkişaf etdiyi, gözəlləşdiyi bildirilib: "Məhz Sizin ayrı-ayrı vaxtlarda imzaladığınız Sərəncamlarla aparılan abadlıq-quruculuq işləri, tarixi mədəniyyət abidələrinin əsaslı təmiri və yenidən qurulması nəticəsində rayonumuzun iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı və digər sahələri getdikcə inkişaf etməkdədir. Şamaxıda küçə və prospektlərin, digər avtomobil yollarının işıqlandırılması, rayon ərazisinin yaşıllıq aşdırılması istiqamətində bir çox işlər görülmüşdür". Belə ki, dövlət başçısının göstərişi ilə Şamaxı Cümə məscidində, Pirsaat Baba ziyarətgahında, Şahxəndan türbəsində və digər tarixi-mədəni abidələrdə aparılmış yenidənqurma işləri aparılmışdır. Xalqımızın mənəvi dünyasına verilmiş yüksək qiymətlə yanaşı, bu turizm sahəsinin də inkişafında xüsusi əhəmiyyət kəsb edir. Türk Dövlətləri Təşkilatı tərəfindən qədim şəhərimiz Şamaxının 2023-cü il üçün Türk dünyasının Turizm Paytaxtı seçilməsi şamaxılıların sevincinə sevinc qatıb.

TURİSTLƏR ÜÇÜN ƏSL MÖCÜZƏLİ MƏKAN

Əlbəttə ki, təbiət bu diyardan heç nəyi əsirgəməyib. Turizmin bütün növləri demək olar ki burada mövcuddur. Bütövlükdə rayonun iqlimi mülayim, torpaqları münbit, flora və faunası zəngindir. Rayonun dağlıq zonası müalicə və kurort əhəmiyyətli mineral sularla zəngindir. Rayonun istər tarixi, istərsə də coğrafi baxımdan ərazisi, ekoloji durumu istirahət və turizm üçün olduqca əlverişlidir. Coğrafi mövqeyinə görə Şamaxı rayonu ölkə turizminin inkişafı üçün ən cəlbedici məkanlardan biri hesab olunur. Belə ki, Şəhərin giriş hissəsində onun qədimliyini divarlarında Böyük İpək yolunu xatırladan dəvə karvanının əksi, Qız qalasının maketi, "Koroğlu" meydanı kimi yerlər xatırladır. Burada Şirvanşahlar dövlətinin 11-12 əsr abidəsi olan "Gülüstan" qalası maraqlı turizm obyektidir.
Şamaxıda şəhərin tarixi haqqında ətraflı məlumat verən, zəngin ekspozisiyası olan Tarix-Diyarşünaslıq Muzeyi mövcuddur. Heydər Əliyev Mərkəzi, M.Ə.Sabirin Ev-Muzeyi, Dövlət Rəsm Qalereyası da qonaqların maraqlarına səbəb ola biləcək məkanlardır. M.Ə.Sabirin "Yeddi günbəz" qəbiristanlığındakı məqbərəsi, S.Ə.Şirvaninin "Şahxəndan" qəbiristanlığındakı məzarı və qəbirüstü abidəsi, Qafqazın ən qədim müsəlman məbədi olan Cümə məscidi, 13-14 əsrlərə aid Pirmərdəkan türbəsi, 18 əsrə aid 7 türbədən ibarət olan Yeddi günbəz kompleksi, 8-15 əsrlərə aid Gülüstan qalası, 12-14 əsrlərə aid əfsanəvi Qaleybuğurd qalasının qalıqları rayona gələn turistlər üçün əsl möcüzəli yerlərdir.Hazırda Şamaxıda Şirvanşahlar dövründə inşa edilən məscidlər, körpülər, hamamlar, karvansaralar, "Gülüstan", "Quşçu", "Başıbağlı" qalaları və digər tarixi abidə və maddi mədəniyyət nümunələri mövcuddur.

ŞAMAXI DİNAMİK İNKİŞAF MƏRHƏLƏSİNƏ QƏDƏM QOYUB

Tarixi abidələri ilə seçilən Şamaxı pir və ziyarətgahları ilə diqqətdə olan bölgələrimizdəndir. "Şeyxməhəmməd", "Pir-Mərdəkan", Mir Səid, Qara Sofi (Yel piri də deyirlər), Şeyx Əyyub piri, Uzun yol piri, Qəriblər piri, Yeddi günbəz piri, Alçalı piri, Dədəgünəş piri və bir çox başqa müqəddəs yerlər insanları daim bu əraziyə cəlb etmişdir. Əlbəttə ki, inkişaf edən şəhərdə bir sıra beynəlxalq tədbirlər də baş tutmuşdur. Müraciətdə qeyd olunduğu kimi, belə tədbirlərin təşkili qədim tarixə malik olan Şamaxının adət-ənənələrinin, mədəniyyətinin, tarixinin, turizm imkanlarının tanıdılmasına, mədəni həyatının dirçəldilməsinə böyük təsir göstərəcək, inkişafı üçün geniş üfüqlər açacaqdır. Şamaxı ictimaiyyəti qədimliyini qoruyub saxlayan, zəngin tarixi keçmişini yaşadan, müasirliyə qucaq açan bu şəhərin inkişafına dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıya görə Cənab Prezidentə dərin minnətdarlıqlarını bildiriblər.
Şamaxıda "Sehrli həyat", "Qızıldaş", "Qoşabulaq", "Babayurd", "Dağlar qoynunda" və s. istirahət mərkəzləri il ərzində ən çox qonaq qəbul edən obyektlərdir. Bura paytaxt sakinlərinin və idman turizmi həvəskarlarının populyar istirahət yeri hesab olunur. Xüsusilə atçılıq, velosiped, qış vaxtlarında isə xizək turizminin inkişafı üçün burada münbit şərait vardır.
Rayon ərazisində bir neçə yerdə turistləri maraqlandıran palçıq vulkanlarına rast gəlmək olur. Bunlardan ən böyüyü Şamaxı-Dəmirçi yolunun 30-31-ci kilometrliyində yerləşir. Şamaxı-Çağan yolunun sonunda Ağsuçayın yatağında temperatur 38-390 C olan termal Çağan Bədosu yerləşir. Yüksək mineral tərkibli bu su müalicəvi xüsusiyyətlərə malikdir.
Digər rayonlarda olduğu kimi, Şamaxı rayonunda da olimpiya idman kompleksi vardır. Rayona gələn turistlərin butada dincəlməsi və müxtəlif idman yarışlarına baxmaq imkanları da vardır. Rayon mərkəzində, beynəlxalq standartlara uyğun şəhər stadionunda, idman kompleksində idmanla məşğul olmaq, onun ətrafında yerləşən istirahət parkında istirahət etmək üçün hər cür şərait vardır. Son vaxtlar Şamaxı rayonunun Şərədil kəndində yüksək səviyyədə müasir standartlara uyğun beşulduzlu "Şamaxı Palace Platinum" mehmanxanası fəaliyyətə başlamışdır. Bu otel təkcə Şamaxı rayonu üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyektidir. Mükəmməl infrastruktura malik olan mehmanxana kompleksindəki şərait böyük turizm potensialına malik olan Şamaxıda turistlərin yüksək səviyyədə qəbulu üçün geniş imkanlar yaratmışdır.
Müraciətdə dövlət başçısının gərgin fəaliyyəti nəticəsində respublikamızın hər bir regionu kimi Şamaxının da öz dinamik inkişaf mərhələsinə qədəm qoyduğu bildirilir: "Azərbaycanın tarixinə, mədəniyyətinə və incəsənətinə göstərdiyiniz diqqət sayəsində zəngin təbiətə malik ölkəmizdə turizm potensialının inkişafını daha da artırır".

Nəzakət ƏLƏDDİNQIZI